Şrift:
Məktəb, məktəb , yenə də məktəb... Özü də gələcəyin məktəbi
11.03.2018 [11:32] - Gündəm, DAVAMın yazıları
Azərbaycanın dahi şairi M.Ə.Sabirin 1907-ci il mayın 12-də "İrşad" qəzetində (redaktoru o vaxtlar Ə.Ağayev idi -N.N.) çap olunmuş maraqlı bir mürəbbesi (dördlüyü) var. Cəmisi 6 bənddir. Ziyalıların başa düşdüyü, o dövrün ədəbi dil normalarına uyğun üslubda, daha çox milliləşən alınma sözlərlə tanınan maraqlı, ezop maneralı, simvolları ilə yadda qalan əsərlərdən biridr. II Dövlət Dumasının bağlanma ərəfəsində yazılmışdır. Mövzusu da elə bununla ilgilidir. Məlumat üçün deyək ki, II Dövlət Duması 1907-ci il fevral ayının 20-dən iyun ayının 2-dək fəaliyyət göstərmişdir. Dumaya seçilmiş azərbaycanlı deputatları da sadalayırıq - Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Məhəmməd ağa Şahtaxtinski, Mustafa Mahmudov, Zeynal Zeynalov.

Şeirin II Dövlət Dumasının Bakıdan seçilmiş 2 deputatından birinə -Zaqafqaziya Müəllimlər Seminariyasının 1899-cu il məzunlarından birinə-kürdəmirli Mustafa Mahmudova xitabən yazıldığı hiss olunur. Mustafa Mahmudov deputat seçkisindən əvvəl Bakıdaki I rus-tatar məktəbinin direktoru idi. Ölkənin həyatında böyük nüfuzu olan ziyalılardan idi.
Sözümün canı var; Mustafa Mahmudov M.Ə.Sabirin xatırladığım şeirinin dərc olunduğu "İrşad"ın əsas yazarlarından biri idi. O, qəzetdə zəngin və maraqlı çıxışları ilə yadda qalırdı.Mustafa müəllimin müxbir kimi yazılarının əsas mövzusu təhsil və təhsilin gələcəyi yolunda aparılamn işlərəin gücləndirilməsi məsələlər idi.
M.Ə.Sabirin yolu Şamaxıdan Bakıya düşəndə burada yaşayan Şirvan ziyalıları ilə görüşüb söhbət etməsi, müəyyən fikir mübadiləsində fəal iştirakı məlumdur. O vaxtlar Bakıda və Şamaxı mühitində yetişən ziyalılar Bakıda təhsil məsələlərinə aid tədbirlərdə daha fəal iştirak edirdilər. Bunun da əsas səbəbi burada yaranan tarixi təhsil əlaqələri ilə izah oluna bilər. Şamaxıda yaşayan M.Ə.Sabirin bir sıra şeirləri məhz bu görüşlərin zəminində ekspromt olaraq yazılmışdır.

Mustafa Mahmudov deputat seçilməyi ilə qürrələnəndə Sabir onu gələcəyə açıq gözlə baxmağa,iddialı olmamağa çağırırdı. Mustafa müəllim Azərbaycanda təhsilin kənd mühitində böyümüşdü, əvvəlcə Kürdəmirdə, sonralar isə Göyçayda təhsil almışdı. Onun Qoriyə gedən yolu da buradan - Göyçaydan başlamışdı. ZMS-nı qurtaranda onun təyinatını Qutqaşının (Qəbələ-N.N.) Vəndam kəndinə versələr də, M.Mahmudov H.Zərdabinin və Ə.Topçubaşovun köməkliyi ilə təyinatını Bakıya dəyişdirə bilmişdi.

Bakı böyük ictimai həyat üçün böyük məkan idi. M.Mahmudov bu məkandan istifadə edərək, II Dövlət Dumasına vəsiqə ala bilmişdi.O, Dumanın imkanları çərçivəsində xalqın maariflənməsində yulunda böyük işlər görəcəyinə inanırdı. Lakin Dumanın işindəki narahatçılıq,xalqa biganəlik gənc müəllimin arzularını qanadlandıra bilmir.

M.Ə.Sabir yazdığı məzkur (haqqında danışılan,zikr olunan) şeirində yaxşı tanıdığı, yüksək əqli imkanlarına yaxşı bələd olduğu Şirvan ədəbi və ziyalı mühitinin gənc nümayəndəsinə - M.Mahmudova ad çəkmədən belə xitab edirdi:

Hə, de görüm, nə oldu bəs, ay balam, iddəaların?
Tutmuş idi yeri, göyü nalələrin, nəvaların.
Yoxsa qanıb da eybini başlamısan ədaların?
Şimdi, hərif, söz haman mən deyən oldu, olmadı?

M.Ə.Sabirin sözü düz çıxdı, şeirin çapından bir neçə gün sonra II Dövlət Duması qapandı.Mustafa Mahmudovun təhsil və maarif məsələləri haqqındakı Dumadakı uğurlu çıxışları ölkənin təhsilinə uğur gətirmədi.

Nəhayət, gəlirik əsas məsələyə. İndi Mustafa Mahmudov kimi müəllimlər də, adi vətəndaşlar da şagirdlərin məktəbdənsonrakı taleyini düşünür, hamı da nədənsə öz fikrinin doğruluğuna inanır.


Azərbaycan təhsilinin tarixində təhsilimizin uğurlu gələcəyi, cəmiyyətin işıqlı gələcəyinin təhsillə bağlı olduğunu deyən və bu yoldaa böyük işlər görən ziyalılarımız çoxdur.Təhsil sistemi həmişə cəmiyyətin diqqət mərkəzində olmuşdur. Son 20-30 ildə bu istiqamətdə daha önəmli işlər görülmüş,məktəbləri tədris bazası daha da genişləndirilmiş, ölkədə yüzlərlə məktəb binası tikilmiş,burada qabaqcil təlim texnologiyalarl geniş yayılmışdır.Azərbaycan Respublikası Təhsi Nazirliyi,eləcə də 1992-ci ildə yaradılmış TQDK da təhsil islahatlarının həyata keçirilməsində yadda qalan layihələrinin reallaşdırılması üçün əhəmiyyətli işlər görmüşlər.

Azərbaycan təhsilinin dünya təhsil sistemi ilə əlaqələri gündən-günə artır.Lakin görülməli işlər hələ çoxdur.Hələ də məktəblilər həyatla o qədər də birbaşa əlaqəsi olmayam proqram materiallarından uzaqlaşa bilməyiblər. Hələ Nəcəf bəy Vəzirovun 1876-ciı ildə Moskvadan Bakıya- öz müəlliminə-Həsən bəy Zərdabiyə yazdığı kimi şagirdlərə Leyli və Məcnunun elədiyi qələtləri öyrədirik. Hələ də dərsliklərimizdə ayrı-ayrı müəlliflərin tərslikləri-sözü baş-ayaq demələrinə ,təəssüf ki,rast gəlirik. Dünya təhsil təcrüzəsini öyrənmək adı ilə bəzən illərlə aparılan,sonradan isə yanlış olan layihələrə itirdiyimiz vaxta görə hələ də heç kəsə,demək olar ki,irad tutulmayıb.Bu gün Azərvaycan məktəblisinin xarici dillərin öyrənilməsində hələ də uzun illərin problemləri həll olunmayıb.Hələ də məktəblilərimiz xarici dilləri şeir yazmaq səviyyəsində öyrənə bilmirlər.

Ali təhsil müəssisələrində də xarici dillərin öyrənilməsində müəyyən çətinliklər vardır.Doğrudur,bu istiqamətdə müəyyən işlər görülür, amma dil öyrənmə vərdişlərinin bəyənilən metodikası,yanaşma üsulu hələ tələblərə cavab verəcək dərəcədə deyil.

!879-cu ildə Qoridə Zaqafqaziya Müəllimləri Seminariyasının müsəlman şöbəsi yaradılanda müəllimlər kəndbəkənd,şəhərbəşəhər gəzərək,dolaşaraq yeni təhsil oşağına tələbə axtarışlarına çıxmışdılar.Çoxlu əziyyətlərə baxmayaraq, onlar Qoriyə ibtidai məktəb müəllimliyinə sayı nəzərdə tutulan şagirdləri toplaya bildilər. 1881-ci ildə birinci buraxılışı cəmi 3 nəfər bitirdi.Onların üçünün də adı sonralar tarixə düşdü. Qoridəki seminariyanın XIX əsrdəki məzunlarından - gənc ibtidai məktəb müəllimlərindən Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov,Rəşid bəy Əfəndizadə,Nəriman Nərimanov, eləcə də sonralar II Dövlər Dumasını üzvü, Zaqafqaziya Seyminin üzvü , AXC-nin parlamet üzvü Mustafa Mahmudov ömrü boyu insanları elm və təhsil öyrənməyə, tarixi ənənələri olan məktəblərə çağırdılar.


Mən - təhsildən az-çox məlumatı və bu sahədə dövlət tərəfindən təsdiq olunmuş xidmətləri olan təhsil işçisi kimi bu fikirdəyəm ki, orta məktəblərin rolu əhəmiyyətli dərəcədə daha da artırılmalıdır. Təhsil tərbiyədən başlanmalıdır. Orta məktəbdə yaxşı təhsil alan şagirdlər ali məktəblərə imtahansız qəbul edilməlidirlər. Ali məktəblərin birinci kursunun sonunda təhsildə etimadı döğrultmayanlara başqa yol göstərilməlidir.

Təhsilimizin uğurlu istiqaməti yolunda deyilən hər sözə düzgün qiymət verilməli,yerində olan iradlara biganəlik göstərilməməlidir. Məsələn,mən proqrqm materiallarının yüngülləşdirilməsinin tərəfdarıyam.Şagirdin gündəlik iş rejimi mütləq müvafiq qurumlar və nazirlik tərəfindən nəzarətə alınmalıdır. Dərsdən sonra daha 3-4 saat dərnək və məşğılılırə getmək qadağan olunmalıdır.Şagird proqram materiallarını elə sinifdəcə öyrənməlidir.Şagirdlərin fiziki tərbiyəsinə mütləq ciddi yanaşma tədbirləri görülməlidir.Bugünkü məktəblilərin yerişində,oturuşunda inqilabi dəyişiklik edilməlidir ki, onlar gələcəyin sağlam vətəndaşı, sağlam ailə bşçısı olsunlar.Məktəb hər bir şagirdin qibləgahı olmalıdır.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
türkoloq.
11.03.2018.
Bu xəbər oxucular tərəfindən 681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed