Şrift:
Bir türk generalı Rusiya ordusuna necə rəhbər gətirildi?- Müdafiə naziri Sergey Şoyqunun həyat yolu
12.03.2018 [10:59] - Xəbərlər, Türk dünyası-Turan, DAVAMın yazıları
Sergey Şoyqu Yeltsini Sibirdə şamanlara müalicə etdirib, Putinin məşhur fotosessiyasını Tuvada çəkdirib; Çingizxanın müharibə və ordu taktikasını rus əsgərinə öyrədib...

Dilimizdə məşhur “Yuxum çin oldu” ifadəsinin həqiqi mənasını mənə bilirsinizmi kim öyrətdi?


Deyim də kim - Rusiya Federasiyası müdafiə naziri Sergey Kujuget oğlu Şoyqu!

Məhz o, mənə özü dedi ki, qədim türk, o cümlədən Tuva dilində “şın” sözü “həqiqət, reallıq” mənasını verir. Mənim üçün kəşf kimi görünən bu hadisə, Şoyqu üçün çox adi, sadə məntiq çərçivəsində izah olunan xırda, həm də şəxsi bir məsələ idi. Leytenant rütbəsindən sonra dərhal general-mayor paqonlarına yiyələnmiş bu çox müdrik insan, gözlərini yumub ağzını açdı mənim üçün.

Sergey Şoyqunun zəngin yaddaş dəftərçəsindən bu dramatik epizod, məncə, heç vaxt silinən deyil. “Həqiqət” mənasını verən bu qədim türk sözü ilə Sergey Kujuget oğlu Şoyqunu, hələ uşaqlıq vaxtlarında, atası Kujuget tanış edib. Necə tanış edib, harda... həəə, bu barədə indi mən sizə çox maraqlı bir əhvalatı danışmaq istəyirəm.

***

Sergey Şoyqunun dünyaya göz açdığı uzaq Tuva diyarı Rusiya Federasiyasının ən ucqar, mən deyərdim, ən it-bat ünvanlarından biridir. 1944-cü ildə SSRİ tərkibinə könüllü şəkildə qatılmış bu diyarda əhalinin pasportlaşması əvvəlcə ciddi maneələrlə üzləşir. Pasportçu rus qadınları burda yerli əhali ilə öz aralarında əvvəlcə dil tapıb ünsiyyət qura bilmirlər. Bir çox rəsmi sənədlərdə kobud səhvlərə yol verirlər. Çanaq həmişə kasıbın başında çartlar. Şoyqunun atası Kujuget də bu cür səhvlərin növbəti zavallı qurbanına çevrilir. Pasportunu açarkən görür, ay dadi-bidad, familyası ilə adının yeri tərs düşüb. Yazıq neynəsin? Məcbur qalır həmin bu tale hökmü ilə razılaşmağa. Bir müddət, görünür, bu tərs pasportuna qətiyyən isinişmir. Yorulur ruslara başa salmaqdan ki, bəs həqiqi adı filan-filandı, sənəddəki kimi deyil. Ancaq bu cür demaqoqluğu, ipə-sapa yatmamağı əks reaksiya yaradır yuxarılarda. Ruslar onun həqiqətpərəstliyini görüb, yazığı bir başqa cür dəyərləndirirlər. Götürüb, qəzet redaktoru təyin edirlər.

Qəzet də nə qəzet - Moskvada çıxan “Pravda”nın qısa xülasəsi.

Şoyqunun atası bu təyinatı alıb, əvvəlcə bərk sevinsə də, axırda dərin xəyallara dalır. Bilmir “Pravda” kəlməsini tuva türkcəsinə necə tərcümə etsin. Məcbur qalır yerli şamanlara müraciət etməyə. Şamanlar da o düyünü birtəhər açıb yazığa izah edirlər ki, qəm yemə. Bəs “Pravda” sözünün türkcə analoqu “ŞIN”dı, vəssalam.

Həmin “Şın” qəzetinin uzun zaman baş redaktoru işləmiş Kujuget Seree oğlu Şoyqu sonralar keçir bədii yaradıcılığa.
Həqiqətpərəstliyini, “şın”a olan sonsuz sədaqətini, məhəbbətini isə oğlu Sergeyə ötürür.

***

Amma...

Amma odlu-alovlu o vaxtkı narahat Rusiyadan qaçıb dünyanın sanki qurtaracağına köçmüş bu rus mütəxəssis qadınlarına, gəlin, eyni gözlə baxmayaq. Aralarında görünür “adam dilində” danışanlar da var dı. Belələrindən biri - Oryol vilayətindən gəlmiş İrina Aleksandrovna Antipova, taleyin hökmü ilə o vaxt həmin bəxtsiz türk balasıyla görüşür. Başqaları kimi səhv demir bu yazıq Kujuqetin adını. Bu da bəs edir ki, aralarındakı isti münasibətlər sonra məhəbbətə çevrilsin. Ailənin ilki - qaragöz oğlan uşağı, deyilənə görə, hələ beşikdəykən öz qeyri-adiliyi ilə başqalarından seçilirmiş. 1955-ci ilin mayında doğulmuş həmin Sergey Şoyqunun, sözsüz, bir türk adı da var. Yəni atası Kujuget Şoyqunun başına gəlmiş “ad-familya macərası”, məncə, növbəti dəfə onun da bəxtinə yazılıb.

Həmin o adı Şoyquya pıçıldasam, görəsən, nə baş verər indi, həəə? Qan yaddaşı dərin yuxudan oyanarmı heç?
Anası İrina belə hərəkət edib vaxtilə. Başqalarından fərqli olaraq Şoyqunun bəxtsiz atasını öz həqiqi adıyla səsləyib.
Segey Şoyqunun psixoloji portretini yaradarkən diqqətli olmalı, bütün bu incəlikləri göz ardına vurmamalıyıq.

***

Söhbətimizin bu şirin nöqtəsində ata Şoyquyla birdəfəlik vidalaşıb, keçək oğul Şoyqunun həyat macəralarına.

1977-ci ildə Krasnoyarsk Politexnik İnstitutunu “tikinti mühəndisi” diplomu ilə bitirən Sergey Şoyqu başqaları kimi dabanına tüpürüb yad ünvanlarda öz bəxtini sınamır. Qayıdır doğma Tuva diyarına. Tikinti meydançalarında gecəni gündüzə qataraq müsbət nəticələr qazanır bu çətin, həm də əsəbi sahədə. Yerli kommunist rəhbərliyinin marağını özünə cəlb etməyi bacarır. Nəticədə, namizədliyi rəhbər vəzifələrə layiq görülür. Şoyqu, bir də gözünü açıb, görür ki, artıq Moskvadadır. Kabinetinin pəncərələrindən Kremlin cəlbedici qala divarları görünür.


Bu da, səbəbsiz deyil. Atasıyla Boris Yeltsin arasındakı isti münasibətlərin məntiqi nəticəsidir. Qısası, məhz bu zaman, 90-cı illərin əvvəlində Şoyqunun bəxt ulduzu gur alışıb, qoşulur Kremlin al ulduzlarına. Şoyqunun bir vacib cəhəti var - o, əla komanda üzvüdür. Yeltsin komandasında o, elə ilk günlərdən, öz sədaqəti ilə başqalarını kölgədə qoyur. Yox yerdən Fövqəladə Hallar Nazirliyini yaradıb başqaları kimi gözə kül üfürmür. Tam əksinə, girişir əməli fəaliyyətə.

1993-cü ildə, 3 oktyabrdan 4-nə keçən gecə Şoyqu öz etibarını birə min artırır Yeltsinin gözündə. Öz cəbbəxanasından çıxardığı sursatı, silahları Yeltsin tərəfdarlarına paylayır. 1996-cı il seçkiləri zamanı taleyi tükdən asılı Yeltsin yenə də bax bu Çingiz xan övladını xatırlayır. Seçki qərargahını Şoyquya tapşırıb yenə də uduzmur.


Məhz bundan sonra Sergey Şoyqu Kreml tanrılarıyla eyni status qazanaraq Rusiya Federasiyası Təhlükəsizlik Şurası üzvü seçilir. 2012-ci ildən, yadda saxlayın, onun bu statusu daimi xarakter alır.

***

Ancaq qəribədir, bu gur siyasi fəaliyyəti dövründə belə, Şoyqu öz vətəni Tuva ilə, qədim türklərin “şın” ruhuyla öz daimi mistik... bəli, məhz mistik əlaqələrini unutmur, kəsmir. Yeltsini növbəti dərin stressdən, yuvarlandığı içki aludəçiliyindən məhz Tuva şamanları vasitəsilə çıxarır.

Beləliklə, Şoyqunun “daimi statusu”nu təkcə elə Rusiya Federasiyası Təhlükəsizlik Şurası ilə məhdudlaşdırmaq düzgün olmaz. Sibir şamanları arasında da onun “daimi statusu” mövcuddu, biləsiz. O, daim güclü ekstrasenslərin əhatəsindədir. Deyilənə görə, lap elə uşaqlıq dövründən məşhur bir Tuva şamanıyla dostluq edib bu əlaqəsini indiyədək saxlayır. Atası kimi, müalicəvi otlardan baş çıxarır, bəzən özü şəxsən girişir bu otlardan dərman hazırlamağa. Sonralar, Putinin qılıncının arxası da, qabağı da kəsdiyi vaxtlar Şoyqu bu təcrübəsinə yenə də müraciət edəcək. Vladimir Putini doğma Tuvasına dartıb gətirib, ona burdakı füsunkar Turan mənzərələrini sevdirəcək. Son nəticədə, Vladimir Putin məhz bu Çingiz xan diyarlarında öz məşhur fotosessiyasını keçirəcək. Qurşağadək soyunaraq dəryada balıq sevdasına düşəcək orda.


İndi Sergey Şoyqu bu Çingiz xan mistikasını, ənənəsini Rusiya ordusu sıralarında təcrübədən keçirir bəlkə də. Şamanlarla kəşfiyyatçıları xüsusi dəstələrə cəmləyib qeybdən informasiya almaq istəyir. NATO-nun belini qırmaq istəyir bu qədim Çingiz xan ənənələri üzərində.

***

Lakin...

Lakin Şoyqu təkcə Çingiz xan ənənələrini deyil, həm də köhnə sovet ənənələrini, təcrübəsini davam etdirir Rusiya Baş Ordu Qərargahının tam razılığı ilə. Misal üçün, o, Moskva parklarının birində iri ölçülü məşhur Reyxstaq maketini quraşdırıb. Sonra da gənc kadetlərə, Suvorov adına hərbi məktəb məzunlarına əmr edib ki, bu maketi həqiqi Reyxstaq bilib, onu 1945-ci ildəki kimi yenidən fəth etsinlər. Maketin ətrafında gənc təxribatçıların məxfi bazası mövcuddu. Partizan düşərgəsinin açılışı isə gələn ilə planlaşdırılır.

Gənc istedadları, elmi-texniki kadrları ordu sıralarına cəlb etməyə xatir Şoyqu görün bir hansı fəndə əl atıb? Öz Çingiz xan...üzr istəyirəm, Rus ordusu tərkibində “elmi takımlar”, “kiberordu” hissələri yaradaraq ən güclü gənc fizikləri, mexanika ustalarını, İKT mütəxəssislərini yığıb ora. Nəticədə, həmişə hərbi çağırışa dodaq büzən gənc intellektuallar, indi tam tərsinə, orduda xidmət etməyə can atırlar. Indi bu ordu sıralarında elmi-texniki inkişafa tam şərait yaradılıb axı. İntelektuallar bu takımlarda hərbi hazırlıq kursu keçib yeni-yeni silah növləri ixtira ediblər.


Azərbaycan ordusu da oxşar təcrübəni öz sıralarına daşıyıb intellektualları öz sıralarına cəlb etməlidir, məncə.


***
Bu Tuva balasının Rusiya hərbi naziri kürsüsünə gəlişi düşür 2012-ci ilin 6 noyabr tarixinə. Sadə olmur bu təyinat. Elə sabahısı günü münəccimlər ordusu, sifariş əsasında bu təyinata kölgə salmaq istəyirlər. Aleksandr Leuşkanova, volqoqradlı astroloqa, Şoyqunun ulduz falını sifariş edib iddia edirlər ki, bəs guya göy cisimləri bu təyinata tam ziddir. Guya ulduzlar deyir ki, Şoyqu bir-iki il sonra mütləq Rusiya prezidenti kürsüsünə yiyə çıxacaq.


Düzü bu, əslində bir cavab olur Sergey Şoyqunun mistik “şın” təcrübələrinə. Rəqibləri elə bilir, guya bu təyinat Tuva şamanlarının xidmətidir. Guya Şoyqu bu vəzifəsini qazanmağa xatir, min cür cadu-pitidən istifadə edib. Timuçin kimi yerli qara şamanlara müraciətdən sonra Çingiz xan adına layiq görülüb orda.


Sonra mətbuatda Şoyquya qarşı silsilə kompromatlar nəşr edilir. Müxalifətçi Aleksandr Navalnının bir saytında buddist monastrlarını xatırladan malikanənin fotoları yayınlanır. İddia edilir ki, bəs guya bütün bunlar Şoyquya məxsusdu. Dəyəri 18 milyon dollardan çoxdu və s. i. və ilaxır.


Əsl həqiqət - “şın” hardadır burda, indi deyə bilmərəm.


Şoyquya zidd qüvvələrin tərkibində hər cür haramzadəyə rast gəlmək mümkündü indi. Təəssüf, bu siyahıda Navalnı kimi liberallar da var. Rusiya bürokratiyası, Şoyqunun başını münəccimlərdən sonra liberallar sifariş etsə də, bütün cəhdləri əbəsdir.


Şoyqunu qoruyan qüvvə “şın” adlanır. O da liberalların, məmurların dişincə deyil. Gedib özlərinə bir başqa yerdə qurban axtarsınlar.


***

Bayaq yuxarıda dedim ki, bəs Şoyqunun bir məxfi türk adı da var. Deyəsən, o adı indi Şoyqunun qulağına pıçıldamağın əsl vaxtıdır. Bakıya növbəti səfəri zamanı onu gərək biz, məhz bu adıyla... öz adıyla çağıraq.


Görək, qan yaddaşının oyanmasına bu bəs edəcəkmi?



Həmid HERİSÇİ
Bu xəbər oxucular tərəfindən 119 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed