Şrift:
Bu gün "Neftçi" və "Qarabağ" komandaları qarşılaşacaq
14.03.2018 [10:12] - Gündəm, İdman
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.
İkinci oyun günündə üç matç baş tutacaq.
Qış fasiləsindən sonra qələbə qazana bilməyən “Zirə” “Səbail”i qəbul edəcək. Hazırda 32 xalla 3-cü pillədə qərarlaşan meydan sahibləri ilk iki dövrədə debütantı üstələsə də, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv son turlarda yaxşı təsir bağışlayır. “Qəbələ”ni evdə məğlub etməyi bacaran qonaqlar 17 xalla 6-cı sıradadırlar.
Turun mərkəzi oyunu “Bakcell Arena”da keçiriləcək. Burada milli çempionatların daimi iştirakçıları – “Neftçi” və “Qarabağ” üz-üzə gələcək. Hesabındakı 48 xalla liderliyini sürdürən və ən yaxın izləyicisi “Qəbələ”ni 9 xal qabaqlayan Ağdam klubu ardıcıl beşinci çempionluğuna doğru irəliləyir. Qızıl medal yarışında estafeti “Qarabağ”a təhvil verən “ağ-qaralar” isə cari mövsümdə də avrokuboka düşməyə can atır.
Azərbaycan çempionatlarında ən çox qarşılaşan komandalar 71-ci duelə çıxacaq. “Qarabağ” 8 matçdır rəqibinə uduzmur və meydanı qolsuz tərk etmir. Ağdamlılar əvvəlki oyunların 27-də qalib gəlib, 18-də uduzublar.
Həftənin son oyunu Sumqayıtda şəhərin eyni adlı təmsilçisi ilə “Kəpəz” arasında olacaq. Qış fasiləsindən sonra daha da inamlı çıxış edən və 31 xalla 4-cü pillədə qərarlaşan meydan sahibləri növbəti qələbələrini qazanmağı hədəfləyiblər. Ötən tur “Səbail”i üstələyən Gəncə klubu isə son pillədən qurtulmağa çalışır. Yunis Hüseynovun rəhbərlik etdiyi kollektivin aktivində 10 xal var.
“Sumqayıt” ardıcıl 2 qələbə qazanıb. “Kəpəz” səfərdə 3 matçdır qalib gələ bilmir. Bu komandalar arasında baş tutan 18 çempionat oyununda gəncəlilər 5 dəfə qələbəni bayram edib, 7 dəfə məğlub olublar.
Qeyd edək ki, ilk oyun günündə “Keşlə” və “Qəbələ” komandalarının oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Azərbaycan Premyer Liqası
XIX tur
14 mart (çərşənbə)
17:00. “Zirə” – “Səbail”
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Fazil Mürşüdov
Zirə İdman Kompleksinin stadionu
18:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
“Bakcell Arena”
20:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Elşən Acalov, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
“Kapital Bank Arena”
Bu xəbər oxucular tərəfindən 114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed