Şrift:
“Bizim dövlət heç kəsdən qorxmur. Məgər ölüdən qorxarlar? Rəsulzadənin əsərlərində dövlət üçün qorxulu və təhlükəli heç nə yoxdur”
27.06.2012 [15:17] - Müsahibə
“Davam.az” Azərbaycan tarixinin və jurnalistikasının patriarxı, professor Şirməmməd Hüseynovun verdiyi müsahibəni təqdim edir

- Şirməmməd müəllim, Sizi Məmməd Əmin Rəsulzadənin həyatını öyrənməyə və onun əsərlərini nəşr etdirməyə nə vadar etdi?

- İyirmi ildir ki, mən Məmməd Əmin Rəsulzadənin əsərlərini axtarır, toplayır və öyrənirəm. 1992-ci ildə onun əsərlərinin birinci cildi işıq üzü gördü. Buraya böyük siyasətçinin 180 məqaləsi daxil idi. 2001-ci ildə, yəni ondan doqquz il sonra mən Rəsulzadənin əsərlərinin ikinci cildini nəşr etdirdim, bu kitab onun 1909-1914-cü illərdəki yaradıcılığını əhatə edir. Rəsulzadənin 1915-1916-cı illərdə yazdığı məqalələrin toplandığı üçüncü cildi bu yaxınlarda “Elm” nəşriyyatında 500 nüsxə ilə nəşr etdirmişəm. Birinci cild 10 min, ikinci və üçüncü cild isə 500 nüxsə ilə nəşr olunub. Məmməd Əmin Rəsulzadəsiz Azərbaycan ictimai-siyasi fikrini, bizim tariximizi təsəvvür etmək mümkün deyil. Eləcə də Üzeyir bəy Hacıbəyovsuz Azərbaycan musiqi tarixi, Mirzə Fətəli Axundovsuz Azərbaycan dramaturgiyası, Həsən bəy Zərdabisiz Azərbaycan jurnalsitikası ola bilməz. Eləcə də Məmməd Əmin Rəsulzadənin irsi olmadan Azərbaycann siyasi, ictimai həyatı mümkünsüzdür. Mədəniyyətin ən yüksək zirvəsi siyasi mədəniyyətdir. Siyasi mədəniyyəti olmayan xalq öz müstəqil dövlətini yaratmağa qadir deyil.

- Nə üçün Rəsulzadənin məqalələri olan kitabın tirajı aşağı düşdü?

- Rəsulzadənin əsərlərinin birinci cildi “Azərnəşr”də nəşr olunub. O zaman bu nəşriyyat hələ özəlləşməmişdi. Kağızı mən tapsam da, kitab dövlət hesabına işıq üzü gördü. İndi isə Rəsulzadənin əsərlərinin nəşrində dövlət iştirak etmir. İkinci və üçüncü cild mənim hesabıma nəşr olunub. Dövlət mənə kömək etmir…

- Bəlkə, müraciət etsəydiniz, dövlət Sizə kömək edərdi?

- Eh, Allah sənə kömək olsun. Mən ikinci və üçüncü cildin materiallarını “525-ci qəzet”də çap etdirmişdim. Onlar M.Ə.Rəsulzadənin məqalələrini hər həftə və ya iki həftədən bir qəzetdə verirdilər. Hər bir cildin qəzetdə çap olunması üçün bir il sərf olundu. Nə olsun? Hər hansı dövlət qurumunun işçisi Rəsulzadənin irsilə maraqlandımı? Axı məqalələr çap olunurdu…

- Bəs xalq necə olsun? İnsanlar maraqlanırlarmı? Bəlkə, Rəsulzadə heç kəsə lazım deyil?

- Əksinə. Əgər heç kəs maraqlanmasaydı, mən onun əsərlərini çap etdirərdimmi? Ona görə işləyirəm, onun məqalələrini toplayıram ki, xalq bununla maraqlanır. Mən ki bu kitabları satmıram, oxuculara pulsuz paylayıram.

- Necə düşünürsünüz, nə üçün dövlət Rəsulzadənin əsərlərini nəşr etdirmir? Onun siyasi nüfuzundan qorxurlar? Əgər qorxmurlarsa, bizim bu qədər pulumuz olduğu halda, nə üçün onları nəşr etdirmirlər?

- Bizim dövlət heç kəsdən qorxmur. Məgər ölüdən qorxarlar? Rəsulzadənin əsərlərində dövlət üçün qorxulu və təhlükəli heç nə yoxdur. Sadəcə, yəqin ki, Azərbaycanda daha vacib müəlliflər var ki, onların əsərləri nəşr olunur.
Rəsulzadənin əsərlərində millət və dövlət əleyhinə heç nə yoxdur. Əzizim, onlar elə adam olmayıblar. Məgər Mirzə Ələkbər Sabirin əsərlərində təhlükəli nəsə tapmaq olar? Onları xalq yaradıb və yetişdirib, onlar isə bütün həyatlarını xalqa həsr ediblər. Buna görə də mən heç kəsə yardım üçün müraciət etməmişəm və etməyəcəyəm də. Hamısını özüm həll edəcəyəm, özüm nəşr etdirəcəyəm.

- Bundan sonra neyləyəcəksiniz?

- M.Ə.Rəsulzadənin əsərlərinin dördüncü cildini hazırlayıram, sonra beşinci cildin üzərində işləyəcəyəm. Türklər Rəsulzadənin həyatının türk mərhələsi üzərində çalışırlar, mənsə onun yaradıcılığının Azərbaycan mərhələsi barədə – yəni 1920-ci ilədək – kitablar hazırlayıram. 1920-50-ci illərdə isə Rəsulzadə Türkiyədə yaşayıb və orada yaradıb.

- Siz Rəsulzadənin əsərlərini haradan tapırsınız?

- Azərbaycan və rus arxivlərindən. O, qəzetlərdə çap olunurdu və mən onu ərəb əlifbasından köçürürəm və bəzən şərqşünasların köməyindən də istifadə edirəm. Bütün arxivlərə yardım üçün minnətdaram. Bilirsiniz, xalq Rəsulzadəni çox sevir. Mənim 88 yaşım var və məsələn, bu gün mən 5 saat arxivdə işləmişəm…

- Allah Sizə uzun ömür versin …

- Bilirsən, əzizim, hər kəs öz işi ilə yaşayır, bunu Allah verib. İstəmirəm Allahın verdiyi ömrü mənasız yaşayım.

- Dövlət və xalq sizin əməyinizi qiymətləndirirmi?

- Mən heç qiymət gözləmirəm də. Bilirsən Abbas Səhhət həmkarı Mirzə Ələkbər barədə nə yazırdı? Səhhət deyir ki, Sabir öz əməyinə görə vicdanından başqa heç kəsdən mükafat almadı. İnsan öz vicdanı ilə qiymətləndirilir və hər bir şəxs bilməlidir ki, dünyaya nə üçün gəlir.
Məmməd Əmin Rəsulzadənin əsərlərini məndən təkcə Azərbaycanda istəmirlər, mənə başqa ölıkələrdən də müraciət edirlər – Yaponiyadan ta Amerikayadək. Heç kəsə etiraz etmirəm.
Çoxları hər şeyi dövlətdən gözləyirlər. Amma vicdanla işini görmək başqa şeydir. Hərə bu xalq üçün əlindən gələni etməlidir. Əcdadlarımız bizə bu Vətəni, bu xalqı qoyub gediblər. Biz öz irsimizi qiymətləndirməli və qorumalıyıq…/ann.az/
Bu xəbər oxucular tərəfindən 1549 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed