Şrift:
BDU-nun rektorunu niyə güllələdilər? - O həm də iqtisadi siyasət sahəsində ilk azərbaycanlı professor idi
17.03.2018 [10:06] - Xəbərlər, DAVAMın yazıları
Akademik Ziya Bünyadovun repressiya qurbanı Balabəy Cabbar oğlu Həsənbəyovla bağlı olan yazısı. Yazı istintaq materialları əsasında hazırlanıb:

İstintaq işi № 12493-6

1937-ci il yanvarın 28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsiz­lik İdarəsinə 1899-cu ildə anadan olmuş, iqtisadçı, professor, Azərbaycan Dövlət Universitetinin rektoru, 1919-cu ildən Azərbaycan K(b)P-nin üzvü Balabəy Cabbar oğlu Həsənbəyov haqqında arayış daxil oldu.

Arayışda deyilirdi: “Tixomirov və Çiçikalovun ifadələrindən müəyyənləşdirilmişdir ki, onlar Həsənbəyovla əksinqilabi trotskiçi əlaqədə olmuşlar. Həsənbəyov müxtəlif məsələlər üzrə partiyanın yeritdiyi xəttə əksinqilabi trotskiçi böhtanlar atmışdır.

Tixomirov göstərmişdir ki, 1936-cı ildə Həsənboyov marksizm-leninizm institutunun işçilərinin və tələbələrinin par­tiya iclasında əksinqilabi trotskiçi kimi çıxış etmişdir.

Həmçinin aydın olmuşdur ki, Həsən­bəyov universitetdə millətçi əhval-ruhiy­yəli şəxslərdən - Ağamir Məmmədov,

Heydər Verdiyev, Abdullayev və başqa­larından ibarət bir dəstə yaratmışdır.

Göstərilənlərə əsasən B.C.Həsənboyov həbs edilməli və Azərbaycan SSR CM-nin 72-73-cü maddələri üzrə cinayət məsuliyyətinə cəlb olun­malıdır”.

Elə həmin gün B.C.Həsənbəyov həbs edilmişdir (aşağıdakı səbəblərə görə onun dustaqda saxlanma müddəti iki dəfə uzadılmışdır: “B.C.Həsən­bəyov əksinqilabi trotskiçi təşkilatın üzvü olub ÜİK(b)P-yə və Sovet hö­kumətinə qarşı mübarizə vasitəsi kimi hökumət əleyhinə silahlı üsyan ha­zırlanmasında iştirak etmiş, mədəni cəbhədə ziyankarlıq işi aparmış, terro­run tərəfində durmuşdur”).

1937-ci il aprelin 16-da Azərbaycan K(b)P Voroşilov Rayon Komitəsi­nin bürosu B.C.Həsənbəyovu “XDİK orqanları tərəfindən tutulmuş partiya düşməni və əksinqilabi trotskiçi” kimi partiya sıralarından çıxarmışdır.

1937-ci il yanvarın 29-da birinci istintaqda Həsənbəyova “ənənəvi” sual verilmişdi: “İstintaqa aydın olmuşdur ki, siz əksinqilabi millətçi təşki­latın üzvüsünüz. Bunu etiraf edirsinizmi?”

Cavab: “Mən heç vaxt heç bir əksinqilabi millətçi təşkilatın üzvü olmamışam. Həmişə əksinqilabi millət­çiliyə qarşı mübarizə aparmışam”.

Müstəntiq: “Əksinqilabçı trotskiçilərdən kimləri tanıyırsınız?”.

Cavab: “Rəsmi mənbələrdən mənə aşağıdakı əksinqilabçı trotskiçilər məlumdur: professor Sofronoviç - 1936-cı ildə həbs edilmişdir, professor Nikolayev - 1936-cı ildə həbs edilmişdir, pro­fessor Drabkin - Moskvaya getmişdir, professor Tixomirov və Çiçikalov. Professor Vasilyev və Qarber haqqında da məlumatım rəsmi mənbələrdəndir”.

Müstəntiq: “Əksinqilabçı millətçilərdən kimləri tanıyırsınız?”.

Ca­vab: “Rəsmi mənbələrdən mənə məlum idi ki, keçmişdə milli-təmayülçülüyə Xuluflu, Xanbudaqov, Cəbiyev, Qədirli, S.M.Əfəndiyev, Talıblı qoşulmuşdular. Mən isə heç bir qeyri-leqal əksinqilabi iş aparmamışam və bunu mənə on milyonlarla adamlar desələr də, inanın ki, yalandır”.

10-11 fevral 1937-ci il, ikinci istintaq.

Müstəntiq: “SSRİ-də elmi cəbhə­nin vəziyyətilə bağlı əksinqilabi trotskiçi görüşlər barədə sizə kim danış­mışdır?”.

Cavab: “Xatırlamıram... Belə ki, bu cür görüşlər haqqında mənə heç kim bir söz deməyib”.

Müstəntiq: “Sizə Çiçikalovun 31.1-1.02.1937- ci ildə verdiyi ifadəsini təqdim edirik”.

Cavab: “Etiraf edirəm ki, SSRİ-də elm cəbhəsinin vəziyyəti haqqında Çiçikalovla söhbətlərim olub, hətta bu barədə digər elmi işçilərlə də danışıqlarım ola bilərdi”.

Müstəntiq: “İnad­karlıq etməyin! Sizə Tixomirovun 19.12.1936-cı ildə verdiyi ifadə təqdim olunmuşdur”.

Cavab: “Mən əksinqilabi trotskiçi baxımdan heç nə danış­mamışam”.

Müstəntiq: “Siz, Qarberə əksinqilabi trotskiçi görüşləriniz barədə danışmısınız. Bunu da inkar edəcəksiniz?”.

Cavab: “Bəli, inkar edirəm!”.

Üçüncü istintaq təxminən iki aydan sonra, 1937-ci il aprelin 5-də ke­çirilmişdir.

Müstəntiq: “Axtarış zamanı sizdən əksinqilabçı Trotskinin əsərlərindən götürülmüş sitatlar tapılmışdır. Bunlar kim tərəfindən yazıl­mışdır?”.

Cavab: “Özüm yazmışam”.

Müstəntiq: “Nə üçün?”.

Cavab: “Bunlar mənə 1931-ci ildə yazdığım “Azərbaycanda işçi qüvvəsinin təkrar istehsalı problemi” adlı elmi işim üçün lazım olmuşdur”.

Müstəntiq: “Bəs bu sitatları sonra nə üçün saxlamışdınız?”.

Cavab: “Sadəcə olaraq onlara fikir verməmişdim”.

Müstəntiq: “Cavabınız bizi qane etmir. İstintaq sizin əksinqilabi sənədlər saxladığınızı müəyyən etmişdir. Bizə məlumdur ki, siz 1936-cı ilin əvvəllərində marksizm-leninizm institutunda keçirilən partiya yığıncağında xalqımızın rəhbəri Leninə və Stalinə qarşı əksinqilabi çıxışlar etmişsiniz. Bunu boynunuza alırsınızmı?”.

Cavab: “Rədd edirəm”.

Müstəntiq: “Sizə müttəhim Tixomirovun ifadəsini oxuyuruq”.

Cavab: “Partiya iclasında mənə irad tutdular ki, mühazirələrimdə Lenin və Stalinin əsərlərindən az sitatlar gətirirəm. Mən isə onlara cavabımda dedim ki, məsələ sitatlarda deyil, onun mahiyyətindədir, əsaslandırılmasındadır. Axı hamı çalınan bir havanın altında oynaya bilməz. Bu cavabımla mən xalqımızın rəhbəri Lenin və Stalinə qarşı heç bir əksinqilabi mövqedə olduğumu etiraf edə bilmərəm”.

28 may 1937-ci il, dördüncü istintaq: (Bu istintaq təxminən iki aydan sonra olmuşdur).

Müstəntiq: “Ağamir Məmmədovu tanıyırsınızmı? Onun əksinqilabi millətçi mövqelərindən sizə nə məlumdur?”.

Cavab: “Ağamir Məmmədovun əksinqilabi millətçi mövqeyi haqqında mən heç nə bilmirəm”.

Müstəntiq: “Çiçikalov isə ifadəsində demişdir ki, Həsənbəyov əksinqilabi millətçi Ağamir Məmmədovla müntəzəm əlaqə saxlayır, onun ək­sinqilabi millətçi görüşlərini siyasi cəhətdən tamamilə düzgün hesab edir.

Bu ifadə ilə siz düz danışmamaqda ifşa olunursunuz”.

Cavab: “Yalandır!”.

Oxucu görür ki, iqtisadi siyasət sahəsində ilk azərbaycanlı professor, hələ 1931-ci ildə ciddi monoqrafiyaların (indi onlar haradadır? - Z.B.) müəllifi olan Həsənbəyova müstəntiq bata bilmir və elə bu vaxtdan istintaq 3 nömrəli metodun tətbiqinə, yəni işgəncələrə keçir.

Beşinci istintaq iki aydan sonra, 1937-ci il avqustun 4-də oldu.

Müstəntiq: “Altı aydan çoxdur ki, siz istintaqa müqavimət göstərir və düzgün ifadələr vermirsiniz. İstintaq qəti cavab gözləyir. Siz ÜİK(b)P, Sovet dövləti və bütün xalq qarşısında hər şeyi açıb söyləmək fikrindəsiniz, yaxud sizi gərək digər müttəhimlərin ifadələri, üzləşmələr vasitəsilə ifşa edək?”.

Cavab: “6 aydan çoxdur ki, özümün əksinqilabi trotskiçi və əksinqilabi millətçi təşkilatlarda iştirakımı boynuma almayaraq istintaqa qəti müqavimət göstərdiyimi etiraf edirəm. Lakin indi ÜİK(b)P, Sovet hökuməti və sovet xalqı qarşısında əksinqilabi mübarizədən əl çəkərək hər şeyi açıb söyləmə­yi qərara aldım və istintaqa əksinqilabi trotskiçi və əksinqilabi millətçi təş­kilatlarda özümün və onların digər üzvlərinin fəaliyyəti haqqında ətraflı, dəqiq ifadələr vermək fikrindəyəm. Boynuma alıram ki, mən əksinqilabi trotskiçi və əksinqilabi millətçi təşkilatların üzvü olmuşam”.

Müstəntiq: “Baxaq görək, siz nə qədər səmimisiniz! Əksinqilabi trotskiçi və əksinqilabi millətçi təşkilatlara nə vaxt və kim tərəfindən cəlb edilmisiniz?”.

Ca­vab: “Əksinqilabi trotskiçi təşkilata mən 1936-cı ilin əvvəllərində trotskiçi Çiçikalov tərəfindən cəlb olunmuşam”.

Müstəntiq: “Əksinqilabi trotskiçi təşkilat Bakıda kimə qarşı və necə terrorçu aktlar hazırlayırdı?”.

Cavab: “1936-cı ilin baharında Çiçikalov mənə dedi ki, əksinqilabi trotskiçi təşki­lat Kalininə, Voroşilova və Bağırova qarşı terror hazırlayır. Etiraf edirəm ki, mən Çiçikalovun terrorist görüşlərdə şərik idim və terroru ÜİK(b)P və Sovet hökumətinə qarşı mübarizə vasitələrindən biri hesab edirdim”.

Altıncı istintaq 1937-ci il avqustun 26-da olmuşdur.

Müstəntiq: “Ək­sinqilabi millətçi təşkilata nə vaxt və kim tərəfindən cəlb edilmisiniz?”.

Cavab: “1936-cı ilin baharında Mirzə Məmmədov tərəfindən”.

Müstəntiq: “İstintaq müəyyən etmişdir ki, üzvü olduğunuz əksinqilabi millətçi təşkilat öz qarşısına Azərbaycanın SSRİ-dən ayrılması vəzifəsini qoymuşdur. Bu barədə niyə susursunuz?”.

Cavab: “Mənə bu barədə Mirzə Məmmədov danışmışdır”.

Müstəntiq: “Əksinqilabi millətçi təşkilata siz kimləri cəlb etmisiniz?”.

Cavab: “Mən heç kəsi cəlb etməyə macal tapmamışdım. La­kin ADU-nun hazırlıq şöbəsinin müdiri Baba Babayevi, müəllimləri İsrafil Axundovu, Abbas Nəbiyevi və kitabxana müdiri Ağamir Məmmədovu ha­zırlamaq istəyirdim. 1936-cı ilin baharından mən onlarla müntəzəm olaraq aşağıdakı mövzularda əksinqilabi millətçi söhbətlər aparmağa başlamış­dım:

a) Azərbaycanın milli kadrları irəli çəkilmir, aradan götürülür. Bu işdə mən və həmin şəxslər ÜİK(b)P-yə böhtan ataraq onu təqsirləndirirdik.

b) Azərbaycan mədəniyyəti, dil və ədəbiyyatı inkişaf etmir. Həmin şəxslər mənim bu sahədəki əksinqilabi millətçi görüşlərində şərik idilər. Lakin sonradan mən bu işin dalınca getmədim və əksinqilabi millətçi təş­kilatın olduğu haqqında bu şəxslərə heç bir məlumat vermədim”.

Müstəntiq: “Nə üçün?”

Cavab: “1936-cı ilin payızında əksinqilabi təşkilatdan uzaqlaş­mağa başladım; nə isə məndə şübhə oyanmışdı, sonra isə birdən-birə həbs olundum”.

1937-ci il sentyabrın 2-də yeddinci istintaqda müttəhimdən soruşurlar: “İstintaq müəyyən etmişdir ki, siz Kirovabad rayonunda Sovet hökumətinə qarşı silahlı üsyan hazırlamaq məqsədi ilə əksinqilabi üsyançı fəaliyyət göstərmisiniz. Etiraf edirsinizmi?”.

Cavab: “Bunu mən qəti rədd edirəm!”.

Müstəntiq: “Sizə Həsən Səfərovun 07.07.1937-ci il tarixdə verdiyi ifadəni oxuyuruq”.

Cavab: “Səfərovun da ifadəsini qəti rədd edirəm!”.

1937-ci il sentyabrın 3-də Balabəy Həsənbəyov özünün günahkar ol­duğunu “etiraf etmişdir”, ondan ötrü ki:

a) 1932-ci ildə fəal əksinqilabçı trotskiçi Çiçikalovla əlaqə saxlamış, 1936-cı ilin əvvəllərində Bakı əksinqilabi trotskiçi təşkilatın tərkibinə cəlb edilmişdir;

b) 1936-cı ildə Mirzə Məmmədov tərəfindən gizli əksinqilabi millətçi təşkilata cəlb olunmuş və onun işində iştirak etmişdir;

c) Məmmədovun tapşırığı ilə Ağamir Məmmədovla, Abbas Nəbiyevlə, Baba Babayevlə, İsrafil Axundovla əksinqilabi əlaqə yaratmış və onları hazırlayıb əksinqilabi millətçi təşkilata cəlb etməyə cəhd göstərmişdir;

ç) Əksinqilabi trotskiçi terrorist Çiçikalovun təsiri altında ÜİK(b)P və Sovet dövlətinə qarşı olan mübarizə vasitəsi kimi terrorun tərəfində dur­muşdur;

d) Çiçikalovdan öyrənmişdi ki, əksinqilabi trotskiçi təşkilat Kalininə, Boroşilova və Bağırova qarşı terror aktları hazırlamışdır, lakin onları hə­yata keçirə bilməmişdir.

Yəni B.C.Həsənbəyov Azərbaycan SSR CM-nin 64, 69, 70 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlər üzrə günahlandırılmışdır.

1937-ci il oktyabrın 10-da SSRİ Ali Soveti hərbi Kollegiyası Səyyar sessiyasının (Matuleviç, Zaryanov, Jiqur) hazırlıq iclası oldu: “B.C.Həsənbəyovun işinə bağlı məhkəmə iclasında, müdafiəçisiz, ittihamçısız və şahidlərsiz baxılsın”.

1937-ci il oktyabrın 11-də, saat 17:45 dəqiqədə SSRİ Ali Məhkəmə­si hərbi Kollegiyasının bağlı məhkəmə iclası keçirildi. B.C.Həsənbəyov özünü günahkar bildi. Son sözdə müttəhim günahının yüngülləşdirilməsini xahiş etdi. Məhkəmənin iclası saat 18-də sona yetdi.

Həmin gün universitetin rektoru, professor Balabəy Cabbar oğlu Həsənbəyov ən ağır cəzaya - güllələnməyə məhkum edildi. İstintaqın işin­də B.C.Həsənbəyovun ölüm hökmünün 1937-ci il sentyabrın 12-də Bakı şəhərində yerinə yetirildiyi haqqında arayış var.

1956-cı il aprelin 7-də B.C.Həsənbəyovun işi ilə əlaqədar çıxarılan hökmün ləğv edilməsi haqqında qərar SSRİ Ali Məhkəməsi hərbi Kollegi­yasına təqdim edilir.

B.C.Həsənbəyovun işinə yenidən baxılmış, SSRİ Ali Məhkəməsi hərbi Kollegiyasının 1937-ci il oktyabrın 11-də çıxardığı hökm 1956-cı il sent­yabrın 15-də SSRİ Ali Məhkəməsinin hərbi Kollegiyasının qərarına görə ləğv edilmiş və cinayət tərkibi olmadığına görə iş xətm olunmuşdur.
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed