Şrift:
Novruz bayramı münasibətilə Çində Azərbaycan Muğam gecəsi təşkil edilib
19.03.2018 [10:11] - Gündəm, Mədəniyyət
Azərbaycanın Çindəki Səfirliyinin təşkilatçılığı və Bakı Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Çinin ən böyük konsert salonu olan Milli İncəsənət Mərkəzində Novruz bayramı münasibətilə Azərbaycan Muğam gecəsi təşkil edilib.
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyindən verilən məlumata görə, tədbirin açılışında çıxış edən səfir Əkrəm Zeynallı konsertin Çinin ictimai-siyasi həyatında çox önəmli hadisə sayılan Si Cinpinin Çin Xalq Respublikasının sədri vəzifəsinə yenidən seçildiyi vaxtda təsadüf etdiyini vurğulayıb və bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Çin dövlət başçısı Si Cinpinə təbrik məktubu ünvanlandığını diqqətə çatdırıb.
Məktubun məzmunu ilə tədbir iştirakçılarını tanış edən səfir Azərbaycan və Çin liderlərinin siyasi iradəsi ilə ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edib.
Səfir Azərbaycanın Çin Xalq Respublikası ilə ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verdiyini və bu əlaqələrin bütün sahələrdə dərinləşdirilməsində maraqlı olduğumuzu söyləyib. Konsertin təşkilində əsas məqsədin, Azərbaycan musiqisi vasitəsilə Çin ictimaiyyətini qədim və zəngin mədəniyyətimizlə tanış etmək, musiqi körpüsü ilə xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq və bununla da mədəniyyət sahəsində əlaqələrimizin daha da dərinləşməsinə töhfə vermək olduğunu bildirib.
Ə.Zeynallı konsertin Novruz bayramı ərəfəsinə təsadüf etdiyini qeyd edərək, Novruzla bağlı iştirakçılara məlumat verib. Səfir baharın gəlişi, təbiətin oyanışı, ruzi-bərəkət, paklıq və həmrəyliyi xarakterizə edən Novruz Bayramının Azərbaycanda təntənəli şəkildə qeyd olunduğunu söyləyib. Ə.Zeynallı Azərbaycanda Novruz Bayramının qeyd edilməsini muğamsız təsəvvür etməyin çətin olduğunu, məhz bu səbəbdən musiqi gecəsinin muğama həsr edildiyini qeyd edib.
Gənc xanəndələr Hüseyn Məlikov, Nigar Şabanova, tarzən Kamal Nuriyev, kamança ifaçısı Ceyhun Muradovun təqdimatında muğamlarımız səslənmişdir.
Konsertdə Çinin Xarici İşlər Nazirliyi, Kommersiya Nazirliyi, Mədəniyyət Nazirliyi, Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyəti və Pekin ictimaiyyətinin nümayəndələri, eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 79 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed