Şrift:
“Aşıq Şəmşirin şeir dünyası” adlı ədəbi-musiqili proqram təqdim edilib
29.03.2018 [10:14] - Gündəm, Mədəniyyət
Martın 28-də Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə reallaşan “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Aşıq Şəmşirin şeir dünyası” adlı ədəbi-musiqili proqram təqdim edilib.

Tədbir XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilib.

Tədbirdə Aşıq Şəmşirin yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, ustad aşıq 1893-cü ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu olub. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başlayıb.

Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən vacib cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaradıb. Onun 40-dan artıq şagirdi olub. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbi əvəzsiz rol oynayıb. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.

Vurğulanıb ki, Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilib, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi müqayisəedilməzdir. Nadir istedad və fitrət sahibinin lent yazıları bu günümüzədək gəlib çatıb.

Sonda aşıqların ifasında ölməz sənətkarın qoşmaları səsləndirilib.

Xatırladaq ki, yanvar ayından başlayan layihə may ayına qədər davam edəcək. Layihənin əsas məqsədi qədim Azərbaycan musiqi irsini ictimaiyyətə geniş təbliğ etməkdir.
Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed