Şrift:
Güney Azərbaycanın istehsal müəssisələri ağır böhran içindədir
31.03.2018 [12:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələrində böhran içində olan istehsal və sənaye müəssisələrinin sıraları getdikcə genişlənir.

Bir çox müəssisə bazarda olan durğunluq və bölgədə hökm sürən iqtisadi tənəzzül səbəbindən işçilərin əmək haqlarını ödəmək iqtidarında deyil. Bunun nəticəsində işçilər əmək haqlarını ala bilmədikləri üçün təxminən hər gün etiraz aksiyası keçirir.

Yerli mətbuatın yaydığı məlumata görə, Şərqi Azərbaycan Əmək Evinin katibi Kərim Sadiqzadə əyalətdə 15 istehsal müəssisəsinin ağır böhran içində olduğunu bildirib. “Şərqi Azərbaycan Əyalətində əsasən Traktor, Podşipnik (bolbrinq), piston, şokolad və qida məhsulları istehsal olunur. Hazırda bu məhsullar xaricdən kontrolsuz bir şəkildə idxal edildiyi üçün istehsal müəssisələrinin fəaliyyəti ciddi problemlə üzləşib.”

K.Sadiqzadə keçirilən bayram görüşündə Təbrizin imam cüməsinə bildirib ki, Təbriz Maşınqayırma zavodu düzgün şəkildə özəlləşdirilmədiyi üçün 14 ildir ki, inkişaf edə bilmir və fəaliyyətində problemlər yaranır.

O qarşıdakı fəhlə həftəsinə işarə edərək təmsil etdiyi Əmək Evinin fəaliyyətindən də söz açıb. “Hazırda Şərqi Azərbaycanın bir çox işçisi Əmək Evinə üzvdür. Bu, Əmək Evinin işçilərin tələbləri uğrunda apardığı fəaliyyət və onlara tibbi, təlim və təhsil, səyahət və digər sahələrdə verdiyi xidmətlərlə bağlıdır”- deyə K.Sadiqzadə bəyan edib.

Son illərdə təkcə Şərqi Azərbaycanda 25-dən çox sənaye müəssisəsi dövlət tərəfindən özəl müəssisə vəya fiziki şəxslərə ötürülüb, onlardan hazırda ən azı 21-i ciddi maliyyə sıxıntısı ilə üz-üzə qalıb. Sənaye müəssisələrini alanların əksəriyyəti hökumət rəsmilərinə yaxın şəxslərdir.

Artıq bir neçə ildir ki, Güney Azərbaycanda fəaliyyət göstərən bir çox sənaye və istehsal müəssisəsi iqtisadi gərginlik ucbatından öz fəaliyyətini məhdudlaşdırır və ya ümumiyyətlə fəaliyyətini dayandırır. Bu proses bölgədə işsizlər ordusunun sıralarını günü-gündən genişləndirir, nəticədə bir çox ailə doğma şəhər və kəndini tərk edərək İranın digər bölgələrinə köçür, bəziləri isə minimum maaş və ən ağır şərtlər altında işləməyə məcbur qalır. Bu vəziyyət uzun illərdir davam edir.
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed