Şrift:
Azərbaycanlı fəallar məhkəmədə müdafiə mətnlərini ana dilində yazmaqda israr ediblər
06.04.2018 [10:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəallar Təbriz sakini Milad Əkbəri, Əhər sakini Əkbər Cahangiri və Ərdəbil sakini Murtaza Pərvin Kəleybər Məhkəməsində müdafiə mətnlərini ana dilində yazıblar.



Fəallar aprelin 4-də barələrində qiyabi olaraq hökm çıxaran məhkəmənin iclasında iştirak edərək müdafiə mətnlərini türk dilində hazırlayıb hakimə təqdim ediblər. Buna ilk öncə qarşı çıxan hakim, fəalların israrı nəticəsində türk dilində yazılmış mətni qəbul edib.



Kəleybər Məhkəməsinin 101-ci Şöbəsi İslam Cəza Qanununun 618-ci maddəsini rəhbər tutaraq fevralın 4-də çıxardığı hökmdə adı çəkilən fəalların hər birini 4 ay həbs və 40 şallaq zərbəsinə məhkum edib. Onlar “Babək qalasında qanunsuz toplaşmaq və qeyri-ənənəvi şüarlar səsləndirməklə ümumi asayişi pozmaq” kimi qondarma ittihamla üzləşiblər.



Hökmə əsasən fəalların hər biri 18 milyon rial ödəyərsə, həbs cəzası cərimə cəzası ilə əvəzlənəcək. Əks halda fəalların hər biri 4 ay müddətinə həbs olunmalıdır.



Qeyd etmək lazımdır ki, mədəni və siyasi hüquqlara dair beynəlxalq konvensiyada insan qüruruna toxunan şallaq kimi təhqiramiz cəza növləri qadağan edilib.



2017-ci il iyunun 30-da Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ənənəvi ad günü mərasimi üçün Babək qalasına (Bəzz qalası) yürüş edən çox sayda milli-mədəni fəal, rejimin Azərbaycan əleyhinə həyata keçirdiyi ayrı-seçkilik siyasətinə etiraz etməklə yanaşı azərbaycanlı siyasi məhbuslar, o cümlədən mühəndis Siyamək Mirzayinin azadlığa buraxılmasını tələb etmişdilər. M.Əkbəri, Ə.Cagangiri və M.Pərvin həmin mərasimdə daha 10 fəalla birlikdə saxlanılaraq zindana aparılıb, sonra müvəqqəti azadlığa buraxılmışdır.
Bu xəbər oxucular tərəfindən 261 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed