Şrift:
Azərbaycan Daxili İşlər Nazirliyində amansız qətl - TARİX
28.06.2012 [13:24] - Hadisə
Bu gün Azərbaycanın sabiq daxili işlər naziri Arif Heydərovun doğum günüdür. Maraqlıdır ki, 28 iyun tarixində doğulan general, 29 iyun tarixində qətlə yetirilib. Sabah onun ölüm günüdür.

Alman, ingilis, türk, fars dillərini bilən general-leytenant Arif Heydərov 1970-1978-ci illərdə Azərbaycan SSR-in daxili işlər naziri işləyib.

1926-cı ildə Ağdaş şəhərində dünyaya gəlib. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə Əzizbəyov neft trestində çilingər kimi başlayıb. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib. 1944-1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib. 1945-1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib. 1949-1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb. 1967-1970-ci illərdə Türkiyədə konsul işləyib.
Azərbaycan SSR Ali Sovetinin deputatı olan Heydərov iki il - 1970-1978-ci illərdə daxili işlər naziri vəzifəsini tutub.

O müdhiş hadisə də nazirin iş otağında baş verib. 1978-ci il 29 iyun tarixində. Hadisə o zaman təkcə Azərbaycanı deyil, bütün SSRİ-ni silkələmiş, heyrətlə qarşılanmışdı.
Nazirlə birgə onun kabinetdə olan müavini, general Səlahəddin Kazımov və köməkçisi-podpolkovnik Əziz Səfixanov da qətlə yetirilmişdi.
Hadisəni tərədən şəxs ən sonda özünə də atəş açaraq orada ölmüşdü. Bu, Şuşa həbsxanasının zabiti Ziya Muradov idi.

İstintaq zamanı məlum olmuşdu ki, Şuşa həbsxanasının zabiti Ziya Muradovun şəxsi evi olmadığından ailəsi ilə qala bilməyib. İş yerini dəyişmək istəməsi ilə bağlı dəfələrlə verdiyi ərizələr cavabsız qalıb. İki dəfə nazirin qəbulunda olub. Nazirin çıxardığı qərarların heç biri icra edilməyib. Sonda süründürməçiliklə cana yığılan zabit xidməti tapançasına əl atmalı olmuş və bu hadisəni törətmişdi...
Qətl günü nazirliyin idarəsindən bir kağız parçası tapılmışdı. Kağızda belə yazılmışdı:

«Nazir müavini S.Hüseynova, kadrlar şöbəsinin rəisi polkovnik Ş.Məmmədquluyevə, kadrlar üzrə inspektor F.Əfəndiyevə: siz rüşvətxor, süründürməçiləri də ölüm gözləyir».

Belə məlum olmuşdu ki, Ziya Muradov planlaşdırdığı qətliamı axıradək yerinə yetirmədən intihar edib.

1979-cu ildə hadisəni araşdıran Moskvadakı istintaq qrupu Z.Muradov öldüyünə görə işə xətm verib. Qətldən bir il sonra qatilin hədələdiyi DİN kadrlar şöbəsinin rəisi polkovnik Ş.Məmmədquluyev «yaşının çox olması», şöbənin inspektoru mayor F. Əfəndiyev isə «xəstəliyinə» görə işdən azad edilib.
Vaxtilə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan ”Kommunist” qəzeti hadisədən 11 il sonra belə yazıb.
Bu xəbər oxucular tərəfindən 2998 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed