Şrift:
Parsabadda ustad Şəhriyarın büstünün təxrib edilməsinə qarşı etiraz yığıncağı keçirilib
16.04.2018 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ötən günlərdə Ərdəbil Əyalətinin Parsabad şəhərində Azərbaycanın görkəmli şairi Məhəmməd Hüseyn Şəhriyarın büstü naməlum şəxs və ya şəxslər tərəfindən təxrib edilib.

Şəkildə göründüyü kimi, “Şəhriyar” meydanında böyük şairin xatirəsinə qoyulmuş büst öz yerindən qaldırılıb. 3 il əvvəl qoyulan büstün kimlər tərəfindən təxrib edildiyi hələlik məlum deyil.
Hadisə ilə bağlı yüzlərlə parsabadlı soydaşımız “Şəhriyar” meydanına toplaşaraq etiraz yığıncağı keçiriblər. Şənbə günü baş tutan aksiyada Azərbaycan şairinin büstünə edilən hörmətsizliyə etiraz edilib, dinc şəkildə keçirilən aksiya polis tərəfindən dağıdılıb.

Yerli mətbuat orqanları bildirir ki, hadisəyə olan həssaslıq şəhər prokurorunun məsələyə müdaxilə etməsinə səbəb olub.

Bu barədə Parsabad prokuroru bildirib ki, “Ustad Şəhriyarın büstü təxrib olunarkən Şəhər Şurasının üzvlərindən biri hadisə yerində olub. Baş verənlərlə bağlı həmin şəxs məhkəməyə çağırılıb.”

Azərbaycanlı şairin büstü 3 il əvvəl kiçik bir meydana qoyularkən büstü hazırlayan heykəltəraş Ramin Əhmədinin etirazına səbəb olmuşdur. O bildirmişdir ki, büstün quraşdırılmasında heç bir peşəkarlıq hiss olunmur. Bələdiyyə İdarəsi bu işi ilə mənim əsərimi korladı, onu gülünc obyektinə çevirdi. Büst başqa bir yerdə quraşdırılmalı idi.”

Xatırladaq ki, daha çox Şəhriyar təxəllüsü ilə tanınan Məhəmməd Hüseyn Behcət Təbrizi böyük Azərbaycan şairidir. Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub, o şeirlərini Azərbaycan türkcəsi və fars dillərində yazıb.
Bu xəbər oxucular tərəfindən 170 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed