Şrift:
Аzərbаycаn Pоlisinin 100 illik yubileyi münasibətilə DİN-in əməkdaşları arasında cüdo çempionatı keçirilib
17.04.2018 [09:59] - İdman
Аzərbаycаn Pоlisinin 100 illik yubileyi münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları arasında cüdo çempionatı keçirilib.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, nazirliyin İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftahətdinova çempionatın açılışında çıxış edərək Azərbaycan Polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu vurğulayıb. O, bunun daxili işlər orqanlarının əməkdaşları üçün böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırıb. Ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışan Z.Meftahətdinova ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusi vurğulayıb.

Qeyd edilib ki, ötən 100 ildə Azərbaycan Polisinin xalqa sədaqətlə xidmət etməsi, öz vəzifələrini daim ləyaqətlə yerinə yetirərək xalqın mənafelərini qoruması, müstəqillik illərində əldə etdiyi yüksək nəticələrlə hazırda ölkəmiz MDB məkanında, həmçinin Şərqi Avropa bölgəsində cinayətlərin sayının azlığı, sabitliyin etibarlı təminatı baxımından ən yaxşı göstəriciyə malik dövlətdir.

Həmçinin vurğulanıb ki, 100 ildən artıq tarixi olan cüdo Yaponiyada yaranıb və bu gün dünyada ən populyar idman növlərindəndir. Olimpiya Oyunlarının proqramına da daxil edilən cüdo üzrə Azərbaycanı da beynəlxalq yarışlarda uğurla təmsil edən peşəkar idmançılar var.

DİN İdman Cəmiyyətində keçirilən yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən 10 komandanın heyətində 80 idmançı qələbə uğrunda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə Əlahiddə Çevik Polis Alayının, DİN Daxili Qoşunlarının Baş İdarəsinin və Polis Akademiyasının əməkdaşları qərarlaşıblar.

Müvafiq olaraq öz çəki dərəcələrində güclərini sınayan K.Məmmədli (62 kiloqram, DQ), R.Diniyev (66 kiloqram, PA), F.Mikayılov (73 kiloqram, Gəncə ŞBPİ), A.Fətullayev (81 kiloqram, ƏÇPA), H.Cəbiyev (90 kiloqram, ƏÇPA), K.Abdullaxanlı (100 kiloqram, BMİ) və A.Mehrəliyev (+100 kiloqram, ƏÇPA) yarışın baş mükafatını qazanaraq çempion olublar.

Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov, Seymur Qurbanbəyov və polis kapitanı Əlişan Tunc iştirak ediblər.

Mükafatlandırma mərasimində çıxış edən idmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarının təcrübələrinin ildən-ilə artdığını diqqətə çatdırıb.

Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed