Şrift:
Məhəmməd Əmin Rəsulzadə: ''Siyasiyyətdə bəzən hökumət öz istədiyini icra edəməz''
17.04.2018 [10:06] - Xəbərlər, DAVAMın yazıları
Demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da Enter.News Cümhuriyyətimizin 100 illiyi ərəfəsində olduğundan hər həftənin şənbə və bazar günləri parlamentdə olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağı nəzərə alıb.

Əvvəlini bu linkdən oxuyun.
Otuz üçüncü iclasın davamı

5 may 1929-cu il

Məmməd Əmin - Burada kağız para buraxmanın indiki zamanla adi zamanın nə qədər təfavütü olduğu haqqında lazım olduğu qədər izahat verdilər. Bunun üzərində dayanmaq istəmirəm. Yalnız bunu demək istəyirəm ki, indiki zamanda buraxılan kağız paralar bəzi iqtisadi qanunlara mərbut deyil. Ortada bir də siyasiyyət var. Siyasiyyətdə bəzən hökumət öz istədiyini icra edəməz. Hökumətin xətti-hərəkəti siyasiyyətə bağlıdır. Bir çox şəraitlə onları da nəzərə almaq məcburiyyətindədir. Buradan söylədilər ki, bizi hər zaman töhmətləndirirlər ki, hökuməti tənqid edirik. Mən bu sözü eşitdiyim zaman gözləyirdim ki, bu etirafdan sonra hökumətə carilər göstəriləcək. Fəqət, yalnız tənqidlə kifayət edildi. Təqsir bu hökumətdə deyil, köhnə hökumətdə idi və sairə kimi bəzi sözlər söylənildi.

Hökumətə yol və çarə göstərmək müqabilində yalnız tələb elədilər, Hacıtərxan yolu açılsın və ingilislərə para buraxılmasın.

Bu iki məsələ yalnız iqtisadiyyatla mərbut deyil, bunların ikisi də siyasiyyatla mərbutdur. Hökumət deklarasiyonunda Hacıtərxan açılmasının etiraf eləmiş, fəqət, bu o demək deyil ki, biz nöqsanımızı götürüb heç bir düşünmədən Hacıtərxana aparacağıq və Hacıtərxanın bizə qarşı olacağı vəziyyət nə olacaqsa onu düşünməsin.

Bu gün Hacıtərxan yolunun açılmasını bizdən tələb edənlər bizə əmniyyət verirlərmi ki, heç olmasa buraxacağımız neftin müqabilində biz möhtac olduğumuz şeyləri oradan ala biləcəyik. Yaxud o nefti aparan gəmiləri geri buraxacaqlarmı? Və ya heç olmasa Hacıtərxanda olan Sovet hökuməti onlar üçün aparacağımız neftlərin yerlərinə sahib olandan qətiyyən vaz keçəcəklərdir. O neftlərin yerlərinə və sahiblərinə böylə bir deklarasyon söyləsələr biz bu məsələni bu surətlə və ya o surətlə həll edə bilərik.

Digər məsələni Əhməd Cövdət əfəndi bir növlə söylədilər ki, məsələn, ingilislər İstanbula gəldikləri zaman orada borc pul vermişlərdir. Bu gün bizdən isə borc alırlar. Mən deyirəm, bu borc verməklə borc alanın təfavütü düşünülürmü. Borc vermək əgər ziyan isə, borc almaq əcəba ondan faydalımıdır? Mən istərdim ki, ingilislər Azərbaycana borclu olsunlar. Azərbaycan ingilislərə borclu olmasın. Bu gün ingilislərə borc vermənin bizdən ötəri heç bir təhlükəsi yoxdur. Əgər bunun əksi vaqt olsaydı, yəni ingilislər bizə borc versəydilər qorxardım ki, nəticəsi bizdən ötəri daha baha tamam olardı. Ona görə bu kimi siyasi məsələləri təhlil edərkən Məclisi-Məbusan kürsüsündən ona bu surətlə yanaşmaq bir o qədər doğru olmasın gərəkdir. Əlavə burada bir an əvvəl Hacıtərxana yol açılsın deyə heç bir şeyə istinad etmədən bunu təklif edənlər Hacıtərxandan gələcək təhlükənin qarşısını almaq üçün nə kimi təminatları var.

Əlbəttə, biz neftimizi şərt və qeyd daxilində hər malla mübadilə etmək istərdik. Bu nefti hər surətlə olur-olsun xaricə çıxarmaq faydalı deyildir. Siz bilirsiniz ki, bu gün ingilislər ilə bolşeviklərin müharibəsi var. Doğrudur, biz heç kəslə müharibə etmir və etmək də istəmirik. Şimdi biz bitərəfik deyə tələb edə bilirmiyik ki, bizim neftimizi müharibə və düşmən bir vəziyyət alan tərəfimüqabilə buraxsınlar. İki müharib dövlət müharibə edərsə, bitərəf qalan dövlət bunların birisinə böylə bir təklifatda buluna bilərmi? O zaman o bitərəf dövlət öylə qüvvətli olmalıdır ki, hər iki müharib dövləti öz mənafeyinə ehtiram etdirə bilsin. Mən zənn edirəm ki, kiçik və zəif Azərbaycan özünü ortaya soxub bu kimi qəti tələbat təqdim edirsə, o zaman özünü müharibəyə sövq edər. Əsas məsələyə gəlincə burada Məclisi-Məbusan qərarlarını verərkən əvvəlcə ölçülərək, biçilərək verilir. Təklif olunan kağız para buraxmaq nə qədər faydalı deyilsə, nə qədər ki, bizim sərvətimiz əlimizdədir, ol qədər də nəzərə gələn kağız pullarımız bir o qədər də qiymətsiz deyildir.

Sədr - Söz Sultan Məcid Qənizadənindir.

Qənizadə - Əhməd bəy Pepinovun nitqindən və qeyrilərinin danışığından iki məsələ araya gəldi. Əvvəla, görək ingilislərə borc vermək lazımdır ya yox. Və bu bizə mənfəətdir, ya yox. İkinci: Kağız pul doğruyaq ya yox. Bunun barəsində Əhməd bəy dedi ki, iqtisadi cəhətdən lazım gəlir ki, Hacıtərxan ilə ticarət yolu açılsın. Fəqət, nə şərtlə olsun. Əgər Əhməd bəy təsəvvüründə tutub ki, şərti bu olacaq ki, Hacıtərxanda olanlar gəlib bizim sərvət və rəyasətimizə istiqlalımıza malik olacaqlar, o vaxt biz Əhməd bəyə deyərdik ki, böyük xaindir. Əlbəttə, belə deyildir. Aşkardır ki, Əhməd bəy bundan uzaqdır. Məntiqcə öz-özündən isbat olunur ki, Əhməd bəyin Hacıtərxan yolunun açılmasını tələb etməsi və ya başqa dedikləri səltənətimizin, bu torpağın nicatı üçündür. Artıq buna başqa təşrihat vermək və güman aparmaq ki, yol açılsa Hacıtərxandakilər bura gəlib bizim istiqlalımıza malik olacaqlar. Fikri deyilmişdir, mən elə bilirəm ki, bunu heç əqlə gətirmək olmaz. Bunun heç bir yeri yoxdur. Hərgah deyirlər Rusiya ilə və ya qeyri Rusiya ilə ticarət münasibəti olsun bunu ancaq mənfəət üçün deyirlər. Qaldı ki, ikinci məsələ, ingilislərə borc verək və ya verməyək. Bundan belə çıxdı ki, borc bizə xeyirdir. Həqiqətdə bu belə görünür. Mənə məqruz olur, mənə mədyundur, dili məndən qısa olacaqdır. Məsələyə bu məntiq ilə baxsaq belə çıxır ki, niyə vermiyək. Ayda 35 milyon nədir, kağızdır, doğruyub 70 milyon verərəm. Sonra da onun əvəzinə qızıl alacağam. Kağız verəcəyəm, qızıl alacağam, niyə verməyim? Özü mənə məqruz olur və bir vaxt ingilisi özümə (tabe edəcəyəm) (gülüş), qorxu yoxdur. Qızıllar onun sandığındadır. Mətləb burada deyil. İngilis, onun kimi sərvətliyə dövlət nə üçün pul verir. İndiki konyakların puluna qızıl versə onda deyərəm ki, qızılımız var, iqtisadi cəhətdən xəbərdar olsaq bilərik ki, səltənət o vaxt irəliləyir ki, qızıl alıb əvəzinə əsnas verək. İngilis ət alıb qızıl versə o vaxt deyərəm ki, mənfəətdir. İngilislər bizdən 35 milyon alıb mənə məqruzdur, bunu təkəbbür hesab edib şükür xudaya, daha mənim hökumətimə təcavüz olmaz deyə əmin olub pul vermək xiyali-xamdır. Bu olan iş deyil. Mən əvvəlcə dedim ki, bu para doğramaq məsələsi mühüm məsələdir. Ona fikir verməliyik. Mən yenə də buradan bu məsələyə bərəks gedəcəyəm. İngilislərə qərz vermək bizim borcumuz deyil. Onun burada qalması bizə lazım deyil. Ona ehtiyacımız yoxdur. Bir qəpik də lazım deyil.

Sədr - Təklif var müzakirə bitsin, iki adama söz verirəm, biri lehinə, biri əleyhinə. Bundan qabaq söz hökumət üzvü Əliağa Həsənovundur.

Əliağa Həsənov - Türklər şəhəri almamış, şəhər tərk edildikdə bankı da aparmışdılar. Sonra ingilislər Bakıya gəldikdən sonra bankı düzəldib idarəsini öz əllərinə almışlardı. Hökumətin bank ilə heç bir əlaqəsi yox idi. Bu cəhətə görədir ki, mən əlaqəni kəsmək istədim. İngilislər ilə bu barədə aramızda böyük danışıq var. Deməli, bank onların ixtiyarındadır. Pul gedirdi, onlar yazırdılar, neftçilərə verirdilər, özləri də götürürdülər. Əgərçi rəsmi deyildi, amma həqiqətdə böylə idi. Qaldı bankın məsələsi onların əlindədir. Bankdan ötəri onlara dəfəatla məktub yazmışam ki, bankı gərək qaytarasınız. Dəlil və sübutda göstərmişəm ki, Azərbaycan öz ticarətini ancaq bu bank vasitəsilə yoluna qoya bilər. Cavab verdilər ki, Bankı hələlik verə bilmərik, bundan ötəri gərək biz yuxarıdan təlimat alaq. Mən özüm şəxsən ingilis ştab naçalnikinin yanına getmişdim və ona dedim ki, siz öhdənizə böyük vəzifə götürdünüz, lakin əmələdə gətirmədiniz. Pul cəmaət işidir, necə ki, cəmi müəssisələri öz təhti-tərəfimizə almışıq, bank da bu yerin, bu torpağındır. Siz elan etmişdiniz ki, bankı açdıqdan sonra tamam müəssisələri açacaq və onları öz yoluna qoyacaqsınız. Halbuki, indiyədək onların heç biri açılmamışdır. Dedilər, ola bilər ki, bankı sizə qaytaraq; Mən buna kifayət etməyib, təfsilatan yenə yazmışam ki, bank bizə qaytarılsın. Çünkü pulda görünən tənəzzülün səbəbi bankın yoxluğundadır.

Burada buyurdular ki, bu xərclər nə surətlə olmuşdur. Missiya barəsində, müxtəsər elə deyə bilərəm ki, Bakı şəhər idarəsi vaxtında 150 milyon bon buraxılıb, bolşevik zamanında 140 milyon bon kəsildi. Deməli, hökumət Bakıya gələnədək 290 milyon manat bon buraxılmışdı. Sentyabrın 15-dən yanvarın 1-dək 41 milyon buraxılıb; yanvarın birindən iyulun 28-nədək 277 milyon buraxılıb. Əlavə olaraq Zaqafqaziyanın bonu buraxılmış 140 milyon. Bu surətlə hökumət ixtiyarında bu vaxtadək 579 milyon pul olubdur. Bu pulun 250 milyonu hökumətin ixtiyarında olub bu vaxtadək məclisin qərarı olmadan 329 milyon hökumət pul kəsibdir. Hökumət təşkil olunan zaman xəzinədə 6 milyon pul olubdur. Mədaxilimiz 26 milyon olubdur. Oktyabrda 10 milyon 400 min manat, yanvarda 4 milyon, fevralda təxminən o qədər, martda 5 milyon mədaxilimiz azalıbdır. Ona görəki aksiz az gəlibdir. Cəmi mədaxilimiz olub 26 milyon, məxaric isə 202 milyon olubdur. Fövqəladə xərcləri də ərz edə bilərəm, bu qərar ilə olmuşdur:

Türkiyə komandasına 3 milyon, ingilislərə 15 milyon, Dağıstan hökumətinə 30 milyon, neftçilərə 40 milyon, bankda var 179 milyon, kassalarımızda var 88 milyon. Bunların hamısı hesab olunmayıbdır. Xəzinədə, depozitdə 47 milyon, on milyon da Tiflisdə bəratımız var, onu orada hələlik saxlamışıq ki, lazım olanda alınsın. Azərbaycan hökuməti təşkil olunandan aprelin birinədək hökumət xərci 170 milyon olubdur. Deməli, 579 milyonluq emissiyadan məmləkətin adi xərcinə 170 milyon sərf olunubdur. Bunu demək istəyirəm ki, hərgah fövqəladə xərclər olmasaydı Bakı emisiyası bizə lazım deyildi. Tiflisdə kəsilən bizə kifayət edərdi. Demək olmaz ki, 6 yüz milyon daxili xərcə gedibdir. Daxili xərcə 170 milyon sərf olunub, 294 milyon da fövqəladə xərcdir. 145 milyon da nəqddir. Bunların bəzisi məclisin izni ilə olub, bəzisi isə hökumət izni ilə xərclənibdir. İngilislərə verilən pullar məsələsi bu günlərdə məclisə idxal ediləcəkdir. Bunu indi qətiyyən həll etmək mümkün deyildir.

...Neft ticarəti buyururlar nə oldu. Bu barədə nə düşünülüb. Məlumdur ki, neft gərək Rusiyaya getsin. İndi neft bir tək dəmir yol ilə gedir. Amma dəmir yolunun da o qədər qüvvəsi yoxdur ki, nefti aparsın. Gündə 25 min put aparır. Gündə yarım milyon put hasilatdan 25 min put çıxarmaqla bir şey olmaz. Gərək Həştərxana, Volqaya getsin. Bu da hökumətin və maliyyə nəzarətinin işi deyil, necə ki Məmməd Əmin cənabları buyurdular, bu bir siyasi məsələdir ki, gərək başqa vaxt müzakirə olunsun. Maliyyə nəzarətinin mümkünü yoxdur ki, yolları açsın. Hər halda bu bir siyasi məsələdir. Buyurdular, naloqlar barəsində, izahat verilsin. Bu barədə deyə bilərəm ki, keçmiş qalıqlar ki, vardır vasitəsiz (pryamoy) alınırdı – 36 milyondur. Penyası əlavə ediləndə akladımız olur 46 milyon. Deməli ki, 1919-cu ildə 82 milyon naloq təyin olunub, 3 mindən artıq povestkalar gedib, bu naloq mədaxil təfsilli bir əhvaldır. Bu barədə danışmağın vaxtları var. Bu povestkalar yanvardan başlayıb gedib. Bu vaxtadək fikirdə olunmayıb, macal olmayıb. 1918-ci ilin hesabı əldə deyildir. Dəftər tutulub yekun vurulmayıb. İşin çətini onda olubdur ki, Azərbaycanın müstəqil bir dəftər-kitabı olmayıb. Dəftərlərini bəzisi Gürcüstanda, İrəvanda, Petroqradda olubdur. Çünkü kazyonnı palata İrəvanda olub, dəftərlər də oradadır. Yazmışıq, hələ bu vaxta kimi almamışıq. Zaqatala dəftərləri Gürcüstandadır. Bu vaxta qədər gəlib çıxmayıbdır. Burada olan neft uçotu-hesabları mart ayında Tarayevin evində yanıb. Bunların bir surəti Tiflisdə idiki bu günlərdə oralardan gəlib. Bunlardan başqa istəsəniz təxminən hər bir nəzarətin mədaxilini ərz edə bilərəm. Daxiliyyə nəzarətinin mədaxili-bir milyon 900 min. Maliyyə nəzarətinin 207 milyon. Bu mədaxil şübhəsizdir, yəqindir. Burada neçə cür hesab var. Çünkü dedilər Həştərxan ilə neft ticarəti başlansa, bir də başlanmasa. Mən olan indiki halı göstərmişəm ki, neft ticarəti başlanmasa maliyyə nəzarətinin 207 milyon mədaxili olacaqdır. Əgər Həştərxan yolu açılsa mədaxil daha da çox olacaqdır. Ədliyyə nəzarətinin mədaxili 9 milyon 400 min rüblə. Dəmir yolundan - 214 milyon. Poçta-teleqraf nəzarəti 4 milyon yarım. Ticarət, sanaət keçmiş hesabla 46 milyon. Maarif nəzarəti bir milyon. Məsai nəzarətinin mədaxili yoxdur. Ziraət əmlak nəzarəti 13 milyon. Ümuri-xeyriyyə və nafiə nəzarəti - 13 milyon. Deməli, o mədaxillərin ki, danışığı yoxdur, şübhəsizdir 512 milyon. Hərgah bu layihələr ki, düzəldirik əgər tətbiq edilməsi mümkün olsa və ondan nəticə hasil olsa o vaxt 945 milyon hasil olar. Bir də Həştərxan yolu açılsa aksiz mədaxilindən bir milyard 265 milyon olar. İndi də məxaricimizi ərz edim. Parlamanın məxarici 5 milyon 450 min rüblə. Heyəti vükəla şurası bir milyon 700 min. Daxiliyyə nəzarəti 89 milyon, maliyyə nəzarəti 14 milyon, ədliyyə nəzarəti 19 milyon, dəmiryolu 380 milyon, bunun 270 milyonu adi xərcdir. Qalan 90 milyona qədəri də tazə yol çəkilişinə sərf olunacaqdır. Cəmi xərci 380 milyon, ticarət nəzarəti 40 milyon, ərzaq nəzarəti 3 milyon, məarif nəzarəti 15 milyon, məsai - 5 milyon 400 min, ziraət və əmlak 3 milyon, kontrol 1 milyon, Ümuri-xeyriyyə nafiə 74 milyon, cəmi məxaric 888 milyon olur. Çünkü qabaqda məvacibləri artırmaq var, həmişə qeyri xərclərdən ola bilir ki, olsun; ona görə güman edirəm ki, bir milyarda qədər məxaric olsun. Xərc bir milyard, mədaxil yarım milyarddır. Manatın qiyməti də deyirlər düşür. Zənnimcə, manatın qiymətinin aşağı düşməyi kağız pulu buraxmaqla deyildir. Bunda bir hissə günah varsa ümdə mətləb odur ki, kağız pul bir qədər asan ələ gəlir, rahat xərclənir. Mən buna şərikəm. Əlbəttə, belə olanda qiymətdən düşər. Bu mülahizə olmasa biz öz mədaxilimizi nəzərdə tutsaq, mədaxili məxaricimiz ilə düzəltsək pulun izzəti olar və xərc az olar. Bunun bir cəhəti də var. Lakin zənnimcə manatın qiymətdən düşməsi məmləkətin hasilsizlikidir. Hasilat olsa bu qədər qiymətdən düşməz.

Başqa yerlərdə manat qiymətdən düşə bilər. Lakin Azərbaycan üçün bu cür məyusluq yoxdur. Buraxdığımız kağız pulun iki əvəzi zahirdə var. İki milyardlıq malımız var. Hərgah kağız pul ki, doğrayıb cəmaətə paylayırıqsa onun müqabilində zahirdə ya hökumətin, ya cəmaətin iki milyard qiymətində nefti var ki, bu da qızıldır. Heç ola bilməz ki, hər şey artdığı halda neft aşağı düşsün. Çünkü neftdən çox şeylər əmələ gəlir ki, qeyri məmləkətlərdə yoxdur. Amma bir şey var ki, bu gün yol yoxdur, tətildir. Zavod yoxdur. Lakin bunlar bir günün məsələsidir. Böylə məsələlər bir çəksə də məmləkətin həyatında bir gün, bir saat olar. Bununla məmləkətin halına bir şey olmaz. Əlan yarım milyard kağız pul əvəzində xalqın ehtiyacından artıq 2 milyardlıq neftimiz vardır. Bu pulların neftçilərə verilməsi əvəzinə birə iki, birə üç malları vardır. Verilən pulların təmin olması mümkündür.

Zənnimcə, məmləkətin gərək məhsulu çox olsun ki, xaricə çıxsın. Tainki pul qızıl ilə təmin olunsun. Yoxsa qızıl ilə təmin olunmayan pul qiymətdən düşəcəkdir. Hətta kəndlərdə də götürməyəcəklər. Qiymətdən düşəndə də böyük zərər olacaq. Həm alış-verişçilərə, həmi hamıya. Əgər görsək bizim pulumuz qızıl ilə təmin olunmur, o vaxt biz bir cür eləməliyik ki, pulumuz qiymətdən düşməsin, qonşularımızda bizim pulumuzu götürsün. Bunun üçün də əvvəla, gərək xərcimizi azaldaq, hasilatımızı saxlayaq ki, xaricə ehtiyacımız olmasın. Və öz hasilatımız ilə dolanaq. Bu başqa yerlərdə mümkün deyilsə də Azərbaycanda mümkündür. Hər halda təmamilə mümkün olmasa da bir qədər mümkündür. Qonşu məmləkətlər bundan da məhrumdurlar.

Mənim zənnimcə, hərgah bu yol ilə işlənməsə biz öz daxili işlərimizi apara bilmərik. Onda pulumuzun qədri olar. Daxildə qiyməti olar. Xaricdə az pul çıxararıq ki, kursu düşməsin. Bundan izafə bizim pulumuzun belə qiymətsiz olması kağız pulun kəsrətindən deyil. Bununla bərabər fəlakətimiz ondadır ki, bizim valyutamız rus valyutasıdır. Rus manatının kursunun tənəzzülü bizim də manatımızın tənəzzülünə səbəb olur. Rusiya hökuməti deyirlər ayda beş milyard kağız pul kəsir. Bu vaxtadək Rusiyada yüz milyard pul kəsilibdir. Beş ildir ki, Rusiya işləmir, əkmir, tikmir, zavod və fabriklər işləmir, məcburdur ki, hər şeyi xaricdən gətirsin. Xaricdən gələn şeyə də lazımdır ki, qızıl pul verəsən. İngilislərin götürəcəkləri malların müqabilində kağız pul almağa haqları var. Əvəzində nə verəcəklər? Rus manatının qiyməti əksikdir. Budur ki, Rus manatının belə pərişan halı bizim də pulumuza təsir edir. Mən elə bilirəm ki, pulumuzun qiymətini qaldırmaq üçün mümkün olan qədər çalışıb öz valyutamızı Rus valyutasından çıxarmaq lazımdır. Mən öylə zənn edirəm ki, qızılı olan böyük bir hökumətlə danışığa girib valyutamızı onunla düzəltsək pulumuz bir qədər təmin edilmiş olar, kursu da tənəzzül etməz. Əlbəttə, bu kimi işlərə konfransın bizim istiqlalımızı təsdiq etdikdən, bizi dost və düşmən qəbul elədikdən sonra başlamaq olar.

Məsələ daxilə qalsa bizi bir o qədər fəlakət gözləməz. Bizim manatın tənəzzülünə ən böyük səbəb xarici bazardır. Pulumuzun xaricə çox çıxmaması üçün lazım gəlir ki, xaricdən keçəcək ehtiyacımızı azaldaq, yəni öz sərvətimizi çoxaldaq, xaricdən mal gətirməyə ehtiyacımız az olsun.

Mənim zənnimcə, bu məsələyə az səy eləsək müvəffəq ola biləriz. Əlbəttə, ki buna cəmaətin gərək rəyi olsun. Tək bir hökumətin rəyi ilə iş olmaz. Məsələn, Dağıstanda əmələ gələn şaldan paltar geyməyi cümləmiz qəbul eyləsək, o zaman xaricdən manufaktura az götürəriz. Hərgah bu qərarə gəlsək ki, bizim paltarlarımız öz hasilatımızdan olsun, xaricdən gələn mallar nəzərimizdə olmasın, o zaman pulumuzun kursuna bir qədər təfavüt eylər.

Davammı var...
Bu xəbər oxucular tərəfindən 231 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed