Şrift:
Azərbaycanda Nuru Paşaya abidə qoyuldu
29.06.2012 [12:14] - Mədəniyyət
Ötən gün Türkiyənin Azərbaycandakı səfirliyində Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın abidəsinin açılışı olub. Səfirliyin Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Türkiyənin Azərbaycandakı hərbi attaşeliyinin zabiti kapitan Seçkin Ceylan Qafqaz İslam Ordusunun döyüş yolu barədə məlumat verib. Türk zabit qeyd edib ki, ordunun keçirdiyi döyüşlərdə 1130 Osmanlı əsgəri şəhid olub, 1936 nəfər isə yaralanıb.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri Nizami Cəfərov Nuru Paşanın büstünün açılışını tarixi hadisə adlandırıb. O, Nuru Paşanı Azərbaycan və Türkiyə arasında milli birliyin, bütövlüyün abidəsi adlandırıb.

Azərbaycan ictimaiyyət nümayəndələrinin, KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə Milli Məclisin deputatları və tarixçilər də çıxış edib.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç çıxışında qeyd edib ki, Qafqaz İslam Ordusu 1918-ci ildə Azərbaycana öz qardaşlıq köməyini edib və tarixi missiyasını yerinə yetirib.Səfir jurnalistlərə açıqlamasında Nuru Paşanın gələcəkdə Bakının başqa yerlərində də abidəsinin qoyulacağına inandığını deyib.
Bu xəbər oxucular tərəfindən 1620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed