Şrift:
“Report”: Dünya bazarında qızılı bahalaşdıran və ucuzlaşdıran amillər
20.04.2018 [10:08] - Gündəm, İqtisadiyyat
Son günlər dünya bazarında qızılın qiymətində böyük volatillik müşahidə edilir. Məsələn, ötən həftə əmtəə birjalarında qızılın 1 unsiyasının qiyməti 1334 – 1361 ABŞ dolları arasında dəyişib.
“Report”un analitik qrupu qiymətli metalın kəskin şəkildə bahalaşıb-ucuzlaşmasının səbəblərini, qızıl bazarındakı gözləntiləri araşdırıb.
Qeyd edək ki, qızıl həm investisiya aləti, həm də zərgərlik məmulatlarının hazırlanması üçün xammal olduğundan ona həmişə tələbat olur. Amma bu tələbat heç də bütün dövrlərdə eyni olmur və son nəticədə qızılın qiyməti artıb-azalır. 2011-ci ildə 1 unsiyası 1 900 ABŞ dollarından baha olan qızıl 2015-ci ilin sonlarında 1 050 dollara qədər ucuzlaşdı. Bundan sonra, qızılın qiymətində özünübərpa dövrü başladı. Son 2-3 il ərzində qızıl gah bahalaşıb, gah da ucuzlaşsa da, ümumi tendensiya onun qiymətinin artdığını göstərir. Bu isə aşağıdakı amillərlə bağlıdır:
- Geosiyasi risklər – Yaxın Şərq regionunda, eləcə də Şimali Koreya və Yaponiya arasında siyasi gərginlik investorları daha təhlükəsiz bazarlara yönəldir. Bu baxımdan, xüsusilə qızıl bazarında tələbat artır.
- Səhm bazarında böhran – Son vaxtlar dünyanın aparıcı şirkətlərinin, o cümlədən texnologiya nəhənglərinin səhmlərinin ucuzlaşması investisiya aləti kimi qızıla marağı artırır.
- ABŞ və Çin arasında gedən ticarət müharibəsi – Dünyanın iki aparıcı iqtisadiyyatının gələcək makroiqtisadi göstəriciləri narahatlıq doğurduğundan qızıla investisiya axını güclənir.
Bununla yanaşı, dünyada qızılı ucuzlaşdıran amillər də var. Məsələn, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması. Beynəlxalq reytinq agentlikləri bu il FED-in 4 mərhələdə uçot dərəcəsini artıracağını proqnozlaşdırır. Bu, baş versə, Amerika valyutası bahalaşacaq. Son nəticədə isə qızıl ucuzlaşacaq. İndiyə qədərki təcrübə bunu deməyə əsas verir. Bundan başqa, dollarla cəlb edilən vəsaitlərin faizi yüksək olduqda, qızılın saxlanma xərci artır. Bu da qiymətli metalı ucuzlaşdırır.
Qlobal səhm bazarında korreksiya dövrü hələ başa çatmayıb və bir neçə ay davam edəcəyi gözlənilir. Bu isə yaxın aylarda qızıla tələbatı artırmaqda davam edəcək. Geosiyasi risklər artarsa, qiymətli metalın bahalaşma tempi daha da sürətlənəcək.
Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed