Şrift:
Lenin və Stalinin xalqları aldadıb əsarətə saldığı müraciət - Öz ölkənizə özünüz sahib olun
20.04.2018 [10:21] - Gündəm, DAVAMın yazıları
Onlar bu kimi aldadıcı bəyanat və müraciətlərlə xalqları aldadıb öz məkrli oyunlarının qurbanına çevirdilər. Xalq Komissarları Sovetinin sədri Lenin və Millətlər Komissarı Stalinin 1917-ci il dekabrın 3-də birgə imzaladıqları müraciətdə yazılır ki: “Öz ocağınızın talan edilməsinə imkan verməyin. Öz ölkənizə özünüz sahib olun”. Ancaq yazıq xalq və o xalqın başında duranlar anlamadılar ki, bu müraciət bir tələdir, necə ki, sonra elə olduğu bəlli oldu. İndi artıq zaman çox dəyişib, xalqları əsarəti altına alan imperiya tarixin arxivinə atıldı. Bolşeviklərin yağlı vədələrinə aldanaraq əsarətə düşənlər illər sonra yenidən öz ölkələrinin sahibi oldular. Tarixdə isə belə müraciətlər və buna bənzər sənədlər qaldı.

Enter.News dr. Mustafa Görüryılmazın araşdırmalarından əldə etdiyi Xalq Komissarları Sovetinin sədri Lenin və Millətlər Komissarı Stalinin Rusiya və Şərqin əməkçi müsəlmanlarına müraciəti ni təqdim edir:

“Yoldaşlar, qardaşlar!

Rusiyada böyük hadisələr cərəyan etməkdədir. Başqalarının ölkələrini bölüşdürmək üçün başladılan qanlı müharibə sona yaxınlaşmaqdadır. Bütün dünya millətlərini boyun­duruq altına almış olan bütün yırtıcıların hakimiyyət və səltənətləri yıxılmaqdadır. Köhnə məhkumiyyət və zülm idarələri, rus inqilabının zərbələri altında çatlamışdır. Cəbr və təhəkküm dünyası son günlərini yaşayır. Yeni bir dünya - əməkçilərin və azadlıq istəyən­lərin dünyası doğulur. Bu inqilabın lideri Rusiyanın fəhlə və kəndli hökuməti - Xalq Komissarları Sovetidir.

Fəhlə, kəndli və əsgərlərin təmsilçiləri olan inqilab sovetləri bütün Rusiyaya yayılmış­dır. Ölkədə hakimiyyət xalqın əlindədir. Rusiyanın əməkçi xalqının bir tək arzusu vardır: şərəfli bir sülhə imza atmaq və bütün dünyadakı məhkum millətlərin müstəqilliklərini əldə etmələrinə kömək göstərmək.

Rusiya bu müqəddəs işdə yalnız deyildir. Rus inqilabından qopan qurtuluş dəvəti qərbin və şərqin bütün əməkçiləri tərəfindən dəstəklənməkdədir. Avropanın savaşdan yorulan xalqı, sülh üçün əlini uzatmaqdadır. Qərbin fəhlələri və əsgərləri, sosializm bay­rağı altında imperializmin qalalarına hücuma keçir. Uzaq Hindistan - əsirlərdən bəri Av­ropalı yırtıcılar tərəfindən əzilməkdə olan Hindistan öz imkanları ilə sovetlər təşkil etmək və mənfur köləlik zəncirlərini qırmaq surəti ilə üsyan bayrağını qaldırmışdır və şərqin əzilmiş millətlərini qurtuluş savaşına dəvət etməkdədir.

Kapitalizmin köləlik və talan səltənəti yıxılır. Alzaq imperialistlərinin ayaqlarının al­tındakı bünövrələr çökür.

Bu böyük hadisələr qarşısında biz, Rusiyanın və şərqin məhkum zəhmətkeşlərinə səslənirik.

Rusiya müsəlmanları, Volqa boylarının, Krımın tatarları, Sibir və Türküstan qırğızları, Zaqafqaziya türk və tatarları, Qafqaz çeçenləri və dağlılar, zalım rus çarları tərəfindən məscidləri, minbərləri dağıdılan, dinləri və adətləri tapdalananlar - biz sizə müraciət edirik.

Bundan belə sizin əqidə və adətləriniz, milli və mədəni qurumlarınız azad və hər cürə təcavüzdən uzaq olacaqdır. Yəni milli həyatınızı azad bir surətdə və bildiyiniz kimi qurun. Sizin buna haqqınız var. Bilin ki, sizin də, Rusiyada yaşayan digər millətlərin də haqları inqilabın gücü və onun təmsilçisi olan fəhlə, kəndli və əsgər deputatları sovetləri tərəfindən qorunmaqdadır.

İnqilaba və onun hökumətinə yardım edin.

Ey şərq Müsəlmanları, farslar, türklər, ərəblər, hindlilər, əsrlərdən bəri həyatları, mal­ları, azadlıqları və vətənləri Avropalı alçaq tacirlərin malına çevrilən və müharibəyə başlayan qəsbkarlar tərəfindən ölkələri bölüşdürülmək istənən hər kəs:

İstanbulu ələ keçirmək üçün taxtdan salınan çar tərəfindən bağlanan və Kerenski tərəfindən təsdiq edilən gizli müqavilələrin bundan sonra hökmsüz olduğunu elan edirik. Rusiya Respublikası və onun hükuməti olan Xalq Komissarları Soveti, xarici ölkələrin işğalına qarşıdır. İstanbul Müsəlmanların əlində qalmalıdır.

İranın bölüşdürülməsi haqqındakı müqavilə də cırılıb atılmışdır. Hərbi hərəkat qur­taran kimi əsgərlər İrandan çıxarılacaq və İran xalqına öz müqəddəratını təyin etmə haqqı veriləcəkdir.

Türkiyənin bülüşdürülməsi və ondan Ermənistanın qoparılması haqqındakı müqavilə­nin də cırılıb atıldığını elan edirik. Hərbi hərəkat qurtaran kimi, ermənilərə öz siyasi gələ­cəklərini sərbəst təyin etmək haqqı veriləcəkdir.

Rusiyadan və onun inqilab hökumətindən sizə qorxu və pislik gəlməz; qorxu və pis­lik vətəninizi talan edərək müstəmləkə halına gətirən alçaq Avropa imperialistlərindən gəlir.

Məmləkətinizə köləlik gətirən bu qəsbkarları dəf edin. Müharibələrin köhnə dünyanın təməllərini sarsıtdığı, imperialistlərə qarşı bütün dünyada alovlanan nifrət atəşinin hər qığılcımının inqilabın gücü ilə bir alov halına gəldiyi, xaricilərin əsarət boyunduruğu altında əzilib inləməkdə olan hindistanlı müsəlmanların öz zalım müstəbidlərinə qarşı ayaq­landıqları bir vaxtda susmaq olmaz. Vaxt itirməyin və məmləkətlərinizi əsrlər boyu qəsb etmiş olanları boynunuzdan atın. Öz ocağınızın talan edilməsinə imkan verməyin. Öz ölkənizə özünüz sahib olun. Həyat və məişətinizi öz arzu və ehtiyaclarınıza görə qurun. Sizin buna haqqınız var, çünki müqəddəratınız öz əlinizdədir.

Yoldaşlar, qardaşlar!

Ədalətli və demokratik bir sülhə doğru sərt və qərarlı addımlarla yürüyək.

Biz, bayrağımızla bütün dünyanın məzlum xalqlarına azadlıq aparırıq!

Rusiya müsəlmanları!

Şərq müsəlmanları!

Yeni dünyaya aparan bu yolda sizdən bizi başa düşməyinizi və yardım gözləyirik.

Xalq Komissarları Sovetinin sədri Ulyanov (Lenin)

Millətlər Komissarı Cuqaşvili (Stalin)"

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 222 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed