Şrift:
Türkiyə və Azərbaycan müxalifətinin fərqi
24.04.2018 [10:41] - Xəbərlər, Siyasət
Partiya sədrlərinin sözlərinə görə, özünü müxalif adlandıran partiyaların seçkidən imtinasının heç bir əsası yox idi

Azərbaycanda aprel 11-də növbədənkənar prezident seçkiləri keçirildi. Özünü "ana müxalifət” adlandıran partiyalar, siyasi təşkilatlar növbədənkənar seçkilərə hazır olmadıqlarını dilə gətirdilər və bu səbəbdən seçkini boykot etdiklərini bəyan etdilər. Bu günlərdə qardaş Türkiyədə də növbədənkənar prezident seçkilərinin keçirilməsi qərara alındı və bizimkilərdən fərqli olaraq bütün müxalif partiyalar seçkidə iştirak edəcəklərini bəyan etdilər.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, təmsil etdiyi partiya müxalifət olaraq prezident seçkisində iştirak edib: "Prezident seçkilərində bir iqtidar partiyası, bir müstəqil namizəd və digərləri müxalifət partiyalarının namizədləri idi. Burada məsələ odur ki, müxalifətin bir hissəsi - tək hakimiyyətə yox, həm də dövlətə müxalifət olanlar seçkidə iştirak etmədilər. Onlar ümumiyyətlə, imtina ilə bağlı heç bir əsas tapmadılar. Hətta seçkiyə getmədən diplomatlarla görüşlər keçirmək, mitinqlər etmək, televiziyada çıxışlar və sair istəklərinin olduğunu deyirdilər. Televiziyada biz namizədlərə pulsuz efir vaxtı verildi, qapalı və açıq məkanlarda görüş yerləri ayrıldı. Diplomatları da axtarmağa ehtiyac yox idi, özləri gəlib bizimlə görüşlər keçirirdilər. Deməli, onların imtinasının heç bir əsası yox idi. Seçkidən yayınmanın iki səbəbi var idi. Birinci, elektoratları yoxdur, çünki sonrakı mitinqlərdə də göründü ki, 30 təşkilat bir araya yığılıb, amma iki min adam toplaya bilməyiblər. Həm də ağaları hazırlıqsız yaxalanmışdı. 2013-cü ildəki seçkidən fərqli olaraq, Rusiya onlara Milli Şuraya oxşayan bir qurum düzəldə bilməmişdi. Maliyyə vəsaiti verilməmişdi, təlimatlandırmamışdılar. Sonradan amerikalıların araşdırmasından da məlum oldu ki, Rusiya sosial şəbəkələrdə seçkini pozmaq, təxribatlar törətmək üçün müəyyən adamlar və qruplar yaradıb, bu işlə məşğul olur. Yəni bu partiyaların öz iradələri əlində deyil”.
F.Quliyevin sözlərinə görə, Türkiyədə anlayırlar ki, bir təşkilat siyasətlə məşğuldursa, seçkidə iştirakda maraqlı olmalıdır: "Türkiyədə İYİ Partiya yeni yaranıb, amma bəyanat verdilər ki, seçkiyə hazırıq. Biz bilirik ki, hər bir partiya seçkidən sonra dərhal növbəti seçkiyə hazırlaşmalıdır. Normal şəkildə hakimiyyətə gəlməyin bir yolu var, o da sivil seçki yoludur. Bu bir daha onu göstərdi ki, Azərbaycanda seçkilərin önə çəkilməsi doğru idi. Seçkiyə qatılanlar daha doğru qərar vermişdi, elektoratı, gücü var idi. Nəticədən asılı olmayaraq, biz ən azından düşüncəmizi təbliğ edə bildik. Seçkiyə qatılmayanların isə iradələri öz əlində deyil, idarə olunurlar, yaxud da heç bir gücləri yoxdur və bundan da qorxaraq kənara çəkildilər. Zamanı bəhanə edən və dövlətə qarşı olan özlərini müxalifət adlandıranlar seçkidən sonra bəyanat verdilər ki, dərhal seçki keçirilməlidir. Necə olur ki, seçkiyə getmirlər, amma dərhal seçki tələbi edirlər? Deməli, bu, blefdir. Türkiyə və Azərbaycan müqayisəsində o görünür ki, seçkiyə qatılan Azərbaycan müxalifəti Türkiyədəki müxalifətlə eyni düşüncəlidir, milli demokratik düşərgədir. Seçkiyə qatılmayanlar isə dövlətçilik naminə çalışmırlar və qərarları da özləri qəbul eləmirlər”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirdi ki, seçkilərin növbədənkənar keçirilməsi ilə bu prosesin boykot edilməsi arasında heç bir əlaqə yoxdur: "Əslində baxdıqda bu, məsələnin zahiri tərəfidir. Batini tərəfi odur ki, prezident seçkilərində nailiyyət əldə edə bilməyəcəyini düşünən partiyalar əlavə xərc, zəhmət çəkmək istəmədi. Öz güclərini parlament seçkilərinə saxladılar. İndi imtina edənlər parlament seçkilərində iştirak edəcəklər. Yəni, onların seçkidən imtina ilə bağlı irəli sürdüyü arqumentlərin heç biri əsaslandırılmış deyil”.

ADP sədri əlavə etdi ki, Türkiyə ilə Azərbaycanın müxalif partiyaları arasında bərabərlik işarəsi qoymaq olmaz: "Türkiyədə müxalifət partiyalarının əksəriyyəti parlamentdə təmsil olunur. Orada partiyaların maliyyələşməsi məsələsi Azərbaycandakı kimi deyil. Yəni, partiyaların özlərinin nəhəng maliyyə resursları var. Məsələn, orada partiya var ki, büdcəsi 4-5 milyarddır. Göründüyü kimi, bu siyasi təşkilatların vəsaiti var. Ona görə də vaxt onlar üçün önəmli rol oynamır. Siyasət belədir ki, vaxtla pul ekvivalentdir. Əgər pulun yoxdursa, sənə çoxlu vaxt lazımdır, maliyyən varsa, az vaxt lazımdır. Azərbaycan müxalifətinin də maddi imkanları olmadığına görə biz yalnız çox vaxtda hansısa işi görə bilərik. Yəni, bu siyasətdə qəbul edilmiş bir qaydadır. Müxalifətin də pulu olmadığına görə daha çox vaxta ehtiyacı olur. Amma Türkiyədə belə bir ehtiyac yoxdur. Məsələn, MHP-nin büdcəsi 2-3 milyarddır və 15 dəqiqə ərzində ölkədə seçkinin keçirilməsi üçün hər şeyi təşkil edə bilər”.

S.Cəlaloğlu qeyd etdi ki, Azərbaycanda xarici güclərin maraqları var və bu güclər ölkə daxilindəki qüvvələrdən istifadə edirlər: "Təbii ki, xarici qüvvələrin birbaşa bu və ya başqa şəkildə rolu var. Yaxud da, ən azından, xarici qüvvələrin maraqlarını, ya da dünyada gedən prosesləri nəzərə alıb ona uyğun addım atmaq var. Təbii ki, xariclə daxil bir-biri ilə vəhdətdədir və bunları ayrı-ayrı götürmək olmaz. Məsələn, mənim bu prezident seçkilərində iştirakımla prosesə verdiyim qiymət Türkiyənin Azərbaycandakı seçkilərə verdiyi qiymətin üzərində qurulub. Çünki mən Türkiyəyə inteqrasiyanın tərəfdarıyam və bu ölkənin Azərbaycana baxışı necədirsə, çalışıram ki, öz baxışlarımı ona uyğunlaşdıram”.

Bəxtiyar MƏMMƏDLİ
Bu xəbər oxucular tərəfindən 565 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed