Şrift:
İlahiyyatçı Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyulmasına haqq qazandırdı
27.04.2018 [10:09] - Gündəm, Mədəniyyət
Xəbər verdiyimiz kimi dünən Naxçıvan Duz Muzeyi istifadəyə verilib. Muzeyin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da iştirak edib. O, Naxçıvan Duz Muzeyinin istifadəyə verilməsini mühüm hadisə kimi dəyərləndirib. Ali Məclisin sədri bildirib ki, Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır:

"Naxçıvan tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olub. 5-7 min il bundan əvvəl tədavüldə qiymətli metallardan və puldan istifadə olunmurdu.

Həmin dövrdə yeganə tədavül vasitəsi duz olduğunu nəzərə alaraq demək olar ki, Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınıb. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlayıb. Naxçıvan Muxtar Respublikasında müxtəlif muzeylər yaradılıb. Lakin Naxçıvan Duz Muzeyinin yaradılması xüsusi əhəmiyyətə malikdir".

Duzdağla və Naxçıvan şəhər mədəniyyəti ilə bağlılığı nəzərə alınaraq muzeydə Nuh peyğəmbərin heykəli qoyulub.

Müasir dövrdə peyğəmbərlərə heykəl qoyulması

İlahiyyatçı Elşad Miri Modern.az saytına açıqlamasında deyib ki, bu işi alqışlamaq lazımdır.

“Ümid edirəm ki, təkcə Nuh peyğəmbərin yox, digər peyğəmbərlərin də hamısına heykəl qoyulacaq. Düşünürəm ki, bu, böyük bir reforma hərəkatı olar. İnsanlar da bu ənənəni alqışlayarlar. Həm də yeni ibadətgahlar yaranmış olar. Bildiyiniz kimi, Naxçıvanda Əshabi-Kəhf ziyarətgahı var. İnsanlar bu müqəddəs yerləri ziyarət edirlər. Əslində, bu cür heykəllərin açılışları mifologiya kimi təqdim olunur. İnsanlar sabah bu yerlərdən turizm obyekti kimi istifadə etməyə çalışırlar”.

Elşad Miri peyğəmbərlərə heykəl qoyulma ənənəsinin müsbət olduğunu bildirib.

“Şairlərə, bəstəkarlara, tarixi qəhrəmanlara heykəl qoyulursa, Nuh peyğəmbərə niyə qoyulmasın?!. Bu, müsbət addımdır”
Bu xəbər oxucular tərəfindən 821 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed