Şrift:
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə turizmin inkişafı ilə bağlı layihə hazırlanıb
28.04.2018 [10:28] - Borçalı
Gürcüstanın Kvemo Kartli bölgəsinin azərbaycanlılar yaşayan rayonlarında turizmin inkişafı ilə əlaqədar layihə hazırlanıb.

Aprelin 27-də Tbilisidə layihənin təqdimat mərasimi keçirilib.

Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze, Gürcüstanın Milli Turizm Agentliyinin rəhbəri Georgi Çeqovadze layihənin əhəmiyyəti və məqsədləri barədə məlumat veriblər.

Q.Nemsadze bildirib ki, Azərbaycan ilə Gürcüstanın regionları arasında iqtisadi, ticarət və turizm əlaqələrinin genişləndirilməsi üçün geniş imkanlar var.

Qubernator deyib: “Hazırda bu iki ölkə, eləcə də qonşu bölgələrimiz arasında turizm və iqtisadi münasibətlərin inkişafı üçün hər cür şərait var. Sərhədyanı regionlarımız kənd təsərrüfatı sahəsində əməkdaşlıq edirlər. Bu əməkdaşlığı daha da genişləndirmək, eləcə də, turizm sahəsində əlaqələrimizi inkişaf etdirmək üçün xüsusi layihə hazırlanır. Bu layihədə bir sıra məsələlər nəzərdə tutulub".

Onun sözlərinə görə iyun ayında Azərbaycan tərəfi ilə həm hökumət, həm də region strukturları arasında görüş keçiriləcək. Bundan sonra layihənin icrasına başlanılacaq.

“ Düşünürəm ki, bu layihənin reallaşması bizə çoxlu faydalar gətirəcək", - deyə, Q. Nemsadze vurğulayıb.

Təqdimat mərasimində azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Dmanisi, Bolnisi, Qardabani, Zalqa və Tetri-Skalo rayonlarında turizm imkanlarından və tarixi-mədəni abidələrindən bəhs edən film nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 1298 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed