Şrift:
Bakıda keçirilən bədii gimnastika üzrə altıncı Dünya Kuboku yarışının təntənəli açılışı olub
28.04.2018 [10:36] - İdman
Aprelin 27-də Milli Gimnastika Arenasında Bakıda keçirilən bədii gimnastika üzrə altıncı Dünya Kuboku yarışının təntənəli açılış mərasimi olub.

Əvvəlcə iştirakçıların paradı keçirilib.

Açılış mərasimində çıxış edən Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycanın növbəti dəfə mötəbər yarışa ev sahibliyi etməsindən məmnunluğunu diqqətə çatdıraraq, idmançılara uğurlar arzulayıb. Y.Məmmədəliyev qeyd edib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz irimiqyaslı beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər. Bütün bunlar beynəlxalq idman qurumlarının diqqətindən yayınmır və onlar nüfuzlu yarışların təşkilini heç bir tərəddüd etmədən ölkəmizə həvalə edirlər. Bu günlərdə paytaxtımızda daha bir mötəbər tədbir Formula 1 yarışlarının keçirildiyini diqqətə çatdıran Yusuf Məmmədəliyev dünyanın ən tanınmış pilotlarının Bakıda güclərini sınadıqlarını vurğulayıb.

Yusuf Məmmədəliyev əminliklə bildirib ki, ölkəmiz həmişə olduğu kimi, bu dəfə də qonaqpərvərliyi və yüksək səviyyəli təşkilatçılıq bacarığı ilə yaddaşlarda qalacaq.

“Son illər qızların sevimli idman növünə çevrilmiş bədii gimnastikaya maraq gündən günə artmaqda davam edir. Azərbaycanda artıq formalaşmış gimnastika məktəbi var. Bunun nəticəsidir ki, gimnastlarımız artıq beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, yaxşı nəticələr göstərirlər”, - deyə Yusuf Məmmədəliyev qeyd edib.

Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə digər sahələrdə olduğu kimi, gənclər və idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsində Azərbaycanda idmanın digər növləri kimi, gimnastika da sürətlə inkişaf edir. Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu təşkilatın yenidən qurulduğunu, gimnastikanın inkişafında dönüş yarandığını vurğulayan Y.Məmmədəliyev hazırda Azərbaycanda gimnastikanın bütün növlərinin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə idmana göstərdikləri yüksək diqqət və qayğıdan danışan Yusuf Məmmədəliyev bədii gimnastika üzrə Dünya Kuboku yarışının təşkilinin Azərbaycanda gimnastikanın inkişafına töhfə verəcəyini qeyd edib. Mötəbər turnirdə 25 ölkənin təmsil olunduğunu vurğulayan şöbə müdiri iştirakçılara uğurla arzulayıb, yarışı açıq elan edib.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Bəşəriyyətin yaradılışında mühüm rol oynayan Su, Od, Yel və Torpaq ünsürləri bu turnirin açılış mərasiminin bədii hissəsinin əsas komponentlərini təşkil edib. Qədim dövrdən bu günə kimi haqqında bir çox hekayələr qoşulan bu ünsürlər gimnastların təqdimatında yeni nəfəslə tamaşaçılara təqdim olunub. Kompozisiyanın quruluşçu rejissorları fəlsəfi ideyalardan ilhamlamaraq, həyati əhəmiyyət daşıyan bu komponentlərin təkcə Yer kürəsinin yaradılışında deyil, idmanda da nümayiş etdiriblər.

Müasir işıq effektlərinin, böyük monitorda yayımlanan təsvirlərin, hərəkətli musiqi parçalarının mükəmməl vəhdətinin yaratdığı möhtəşəm şou tamaşaçıların böyük marağına səbəb olub. Möhtəşəm kompozisiyada həmişə olduğu kimi, gimnastika növləri üzrə milli komandaların üzvləri və xoreoqrafları iştirak ediblər.

Yarışın ən maraqlı personaji Bakıda keçirilmiş batut gimnastikası, ikili mini batut və tamblinq üzrə 26-cı Avropa çempionatının maskotu – “Qur-Qur” tamaşaçılarla görüşə gəlib. Hər zaman fərqliliyə üstünlük verən təşkilatçılar maskot olaraq seçilmiş qurbağanı canlandırmaq üçün peşəkarlara müraciət ediblər. Uzun illər talisman kimi fəaliyyət göstərən və çempionata batut gimnastikasının vətəni ABŞ-dan təşrif buyuran Skot Hesinqton və Berri Anderson dördgünlük yarışlar ərzində arenanın sakinlərinə unudulmaz şou vəd ediblər.
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed