Şrift:
Parisdə Beynəlxalq Forumun iştirakçıları Əlimərdan bəy Topçubaşovun xatirəsini yad ediblər
01.05.2018 [10:14] - Gündəm, Mədəniyyət
Türkdilli ölkələrin Parisdə keçirilən “Mənəvi yenilənmə və mədəni irs: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forumunun iştirakçıları Sen Klu şəhər qəbiristanlığında Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət ediblər.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov forum iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan Ə.Topçubaşovun ictimai-siyasi fəaliyyətindən danışıb. Diqqətə çatdırıb ki, Paris Sülh Konfransına gələn Azərbaycan nümayəndə heyətinin məqsədi Cümhuriyyəti beynəlxalq səviyyədə tanıtmaq olub.

Səfir Anar Kərimov XX əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanın dünyada tanıdılmasında, beynəlxalq nüfuzunun artmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən söz açıb. Türkdilli xalqlar arasında sıx əlaqələrin qurulmasında Ulu Öndərin rolunu vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ölkə daxilində və beynəlxalq səviyyədə müxtəlif tədbirlərlə qeyd olunur.

Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdırali və Qazaxıstan mədəniyyət nazirinin müşaviri Talqat Valiyev də Əlimərdan bəy Topçubaşovun türk dünyasına töhfələrindən danışıblar.

T.Valiyev Ə.Topçubaşovun Rusiya Dumasında təkcə Azərbaycan, Qafqaz üçün deyil, Rusiyadakı bütün müsəlman türklər adından çalışdığını bildirib. Qeyd edib ki, Paris Sülh Konfransına gələn Əlimərdan bəy Topçubaşov sonralar hər il mayın 29-da Fransa paytaxtındakı müsəlman türklərini toplayaraq “Xəzər bizi ayırmır, birləşdirir” deyərmiş.

Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin bütün türk dünyasının bayramı olduğunu, müstəqil Azərbaycan Respublikasının Cümhuriyyətin varisi olduğunu qeyd ediblər.

Tədbir iştirakçıları, həmçinin Ceyhun Hacıbəylinin məzarına çiçək dəstəsi qoyaraq xatirəsini anıblar.
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed