Şrift:
Fərəc Quliyev Milli Məclisin 01.05.2018-ci il tarixli iclasında çıxış etdi
01.05.2018 [15:12] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin 01.05.2018 –ci il tarixli iclasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin müzakirələrdə etdiyi çıxış:

“Hörmətli cənab sədr, hörmətli kolleqalar!
Mən cənab prezidentin Cümhuriyyətin 100 illiyi ilə bağlı, yubiley medalının təsis olunması ilə bağlı təşəbbüsünü müsbət qiymətləndirirəm və hesab edirəm bu prezidentin müstəqilliyə verdiyi dəyərdir. Cümhuriyyətimizin 100 illiyinə və 100 il əvvəl aparılmış mübarizəyə verdiyi dəyərdir. Çünki bütün çıxışlarında cənab prezident inkişafımızın əsasında, kökündə məhz müstəqil olmağımızı göstəribdi. Bu yubiley medalının da təsis olunması təbii ki hamımızın ürəyindəndir.
Mən bir məsələyə münasibət bildirmək istəyirəm. Burada 90-cı illərdə parlamentdə fəaliyyət göstərmiş demokratik blok haqqında fikri bildirildi. Demokratik blok 25 nəfərdən təşkil edilmişdir və bu adamlar təbiiki, xalq cəbhəsinin fəalları idilər . Üstəlikdə ,bir əsasnamə ilə qanuni fəaliyyət göstərilirdi, bu əsasnamə təsdiq olunmuşdu. Dünyanın hər yerində faksiya fəaliyyəti mövcuddur. Bütün parlamentlərdə fikir müxtəlifliyini məhz faksiyalarda ifadə edirlər. Qanunvericilik təşəbbüsü ilə çıxış edirlər. O dönəmdə bütün milli maraqları ehtiva edən fikirlər məhz demblokdan gəlirdi. İndi onu gözdən salmaq üçün müəyyən fikirlər demək doğru deyil. Üstəlikdə SSRİ-nin saxlanılmasının əleyhinə olan 43 nəfərdən 25-i məhz demokratik blokun üzvü idi. Təkcə demokratik blokun üzvləri SSRİ-nin saxlanılmasının əleyhinə səs verməmişdilər. Həm də rəhmətlik Heydər Əliyev və bir qrup bitərəf və kommunist partiyasının üzvləridə SSRİ-nin saxlanılmasının əleyhinə səs vermişdi və istiqlalçı idilər. İndi deyirlərki bunun istiqlalçı deputat olmağa nə adiyyatı var və istiqlala hamı səs verib .Amma məsələ burasındadırki o dönəmdə SSRİ-nin saxlanılmasının lehinə səs verənlər istiqlalın əleyhinə idilər, təbii ki. SSRİ-nin saxlanılmasının əleyhinə olmaqsa istiqlalçılıq idi. Bu davranışlar sinonim davranışlardır, o səsvermə ilə ki müəyənləşib. Üstəlikdə .o dönəmdə yadınızdadırsa SSRİ-nin saxlanılması haqqında referendumun Naxçıvanda keçirilməsinə belə rəhmətlik Heydər Əliyev bütün xalqa arxalanaraq icazə vermədi və ondan sonrakı dönəmdə də Xalq Cəbhəsi ilə birlikdə Rusiyanın ordusunun təksilah olunması, əmlakının müsadirə olunması həyata keçirildi. Yəni, məsələ burasındadırki o dönəmdə SSRİ-nin saxlanılmasını istəyənlərin bir qisminin sonradan məcbur olub istiqlaliyyət aktına, müstəqillik aktına səs verməsi artıq xalqın kənardan olan basqısının nəticəsi idi. Artıq hakimiyyət xalqın əlində idi, başqa cür davranışda mümkün deyildi. Bu kommunist deputatların bəziləri onsuzda dəyişkən mövqe nümayiş etdirirdilər. Məsələn, əvvəl Heydər Əliyev zala daxil olanda ayaqlarını yerə döyən bu kommunistlər sonradan onun hakimiyyətə gələn ayaq səslərini eşidəndə başlarını yerə döyməyə başladılar. Bu qədər dəyişik davranmağı bacaranlar idilər. Ona görə o dönəmdə aparılan mübarizəni, müstəqillik aktının qəbul olunmasını, müstəqillik aktına qədər o referendumun SSRİ-nin saxlanılmasının əleyhinə olan 43 nəfərin fəaliyyətini kiçiltmək olmaz. O dönəmdə bu zalda məndə demblokun digər üzvləri ilə birlikdə aclıq elan edəndə bizi burdan kənara çıxarırdilar, basqılar yapırdılar, və s. Amma bu 43 nəfərdən başqa digərləri təbii ki SSRİ-nin saxlanılmasına səs vermişdilər, SSRİ-nin qalmasını istəyirdilər. Ona görə də 43 nəfər istiqlalçı deputatdır və onlara layiq olduğu münasibət göstərilməlidir. Söhbət bu adamlara bir medalın, ordenin verilib verilməməsindən getmir. Hər halda onların arasında xəstələri var, pensiyaya ehtiyacı olanlar vardır və belə adamlara da həmişə cənab prezident diqqətli yanaşııbdır. Mən hesab edirəm ki, kimin nə deməyindən asılı olmayaraq Prezident yenə diqqətli yanaşacaq bu məsələlərə. Çünki ,Cümhuriyyətin 100 illiyi ilə bağlı , Məmməd Əmin Rəsulzadə ilə bağlı verdiyi qərarlar onu göstərdiki prezident istiqlal tariximizə, xüsusən müstəqilliyə önəm verən birisidir. Bundan sonra da biz ümid edirik ki, çox doğru qərarlar veriləcəkdir. Biz tariximizi təhrif olunmuş formada təftiş etməli deyilik , bu bizim tariximizdir və şərəfli bir tariximizdir. Ona görə bir daha çıxışımın sonunda bildirmək istəyirəm ki, həm o dönəmdəki demblok da daxil olmaqla ,43 istiqlalçı deputatın əməyi normal qiymətini almalıdır, həm də cənab prezidentin bu medalın təsisi ilə verdiyi təşəbbüs də müsbət dəyərləndirilməlidir.
Təşəkkür edirəm”

Həmin çıxışın səs yazısını təqdim edirik:
Bu xəbər oxucular tərəfindən 4292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed