Şrift:
Güclü dövlət və güclü cəmiyyət quruculuğu: XXI əsrin çağırışları işığında
10.05.2018 [10:12] - Müsahibə
Azərbaycanda müstəqil dövlət quruculuğu kursunun əsasını ulu öndər Heydər Əliyev qoyub. Təcrübə göstərir ki, bu kurs son dərəcə rəqabətə davamlı, səmərəli, dərin düşünülmüş prinsiplərə əsaslanan dinamik prosesdir. Bunu dünyanın müxtəlif ölkələrinin siyasi liderləri açıq etiraf edirlər. Filosoflar və alimlər üçün Azərbaycanda müstəqil dövlət quruculuğunun fəlsəfi-elmi dərki böyük önəm daşıyır. Məsələ özlüyündə müxtəlif aspektlərdə dərin, geniş və tam elmi əsaslandırılmış analizini gözləyir. Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun idrak nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov AZƏRTAC-ın müxbirinin həmin məsələnin bir sıra aspektləri barədə suallarını cavablandırır.

- Sizcə, keçən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyev hansı səbəblərdən güclü dövlət konseptinə üstünlük verdi?

- Keçən əsrin 90-cı illərində dünyada böyük geosiyasi dəyişikliklər baş verdi. Məlumdur ki, onda sovet düşərgəsi dağıldı və ABŞ-ın dünyada liderliyi daha da gücləndi. Ümumiyyətlə, Qərbin böyük dövlətlərinin qlobal geosiyasətdə həlledici sözə sahib olması təəssüratı yarandı və bu zaman sovetlər ölkəsinin dağılması ilə meydana gələn yeni müstəqil dövlətlərin hansı sosial-siyasi-iqtisadi və mədəni inkişaf, yaxud geosiyasi inkişaf yolunu seçməsi məsələsi aktuallaşdı. O zamanlar liberalizm deyilən cərəyan gündəmdəydi, ona daha çox meyl edirdilər, lakin müasir elmdə belə bir fikir var, ən yaxşı ideyanı belə sosial sistemə vaxtında tətbiq etməyəndə böyük fəlakətlər meydana gələr və hətta həmin sosial sistem dağıla bilər. Ona görə də liberalizmin kor-koranə keçmiş sovet respublikalarına tətbiqinin hansı nəticələri verə biləcəyi üzərində düşünənlər çox az idi. Çox şükür ki, Azərbaycan xalqına Heydər Əliyev kimi uzaqgörən, strateji təfəkkürə sahib, dünyada gedən prosesləri çox gözəl və dərindən bilən bir şəxsiyyət – lider qismət olmuşdu. Məhz ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycan da o liberalizmin mənfi, dağıdıcı təsirləri altından çıxmağa nail oldu.

Məlumdur ki, hər hansı bir yerdə liberallıqdan, azadlıqdan, demokratiyadan danışmaq o zaman mümkündür ki, orada güclü dövlət olsun. Güclü dövləti olmayan ölkələrin demokratikləşməsi mümkün deyildir. Bunu həmin dövrdə Qərbin geosiyasi strateqləri gizlədirdilər, inkar edirdilər, hətta bəziləri tarixin sonunun çatdığından danışırdılar. Lakin 2000-ci illərin əvəllərində F.Fukuyamanın “zəif dövlətlər beynəlxalq aləmdə problemlər yaradır” fikrinin ifadə olunduğu kitabı yazmağı onu göstərirdi ki, 1990-cı illərin əvəllərində dövlətçiliyin möhkəmlənməsi, güclü dövlətin qurulmasını deyil, ümumi liberal azadlıqlardan, qərb dəyərlərinin kor-koranə qəbul edilməsindən danışanlar xüsusi məqsəd güdüblər.

Lakin qeyd etdiyim kimi, Heydər Əliyev bütün bunları yaxşı bilirdi və o, xalqın tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra məhz neokonservatizmin üstünlük verdiyi güclü dövlət konsepsiyasını, güclü dövlət quruculuğu kursunu əsas götürdü. Güclü dövlətin qurulması hər şeydən əvvəl ölkə daxilində bütün mənalarda sabitliyə nail olmaq, köhnəliyin qalıqlarından azad olmaqla, islahat aparmaqla yeni ifnrasturukturu formalaşdırmaq, iqtisadiyyatı, mədəniyyəti, sosial-psixoloji faktorları yenidən toparlamaq və inkişaf etdirmək imkanı verirdi.

Buna görə də həmin dövrdə Azərbaycanın güclü dövlət xəttini seçməsi son dərəcə böyük strateji əhəmiyyət daşıyırdı. Ondan sonra aparılan bütün işlər məhz bu baza konsepsiyasının üzərində onun təmin edilməsinə xidmət göstərən işlər oldu. İstər mədəniyyət, istər enerji layihələri, istər iqtisadiyyatın və idarəetmənin islahatları sahəsində sistemli və ardıcıl həyata keçirilən bütün tədbirlərin kökündə, dediyimiz kimi, güclü dövlət anlayışı dururdu. Amma burada Ulu Öndərin böyük zəka ilə irəli sürdüyü bir tezis də vardı ki, güclü dövlətin, eyni zamanda, güclü cəmiyyəti olmalıdır.

- Güclü cəmiyyət, onun məzmunu və tərkib hissələri barədə bir qədər geniş məlumat verməyinizi xahiş edirik.

- Güclü cəmiyyət tarixi dönəmlərdə hər bir ölkə üçün bir az fərqli məzmun çalarları daşıya bilər. Azərbaycan üçün XX əsrin 1990-cı illərindən sonra və XXI əsrə qədəm qoyduğumuz dövrdə güclü cəmiyyət anlayışının bir neçə mənası, məzmun və tərkib hissələri vardır. Bunun da kökündə azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiyanın cəmiyyət tərəfindən qəbul edilməsi və həmin ideologiya ətrafında mobilizasiya olunması güclü cəmiyyətin formalaşmasının təməl şərtlərindəndir. Bundan başqa, Azərbaycanda güclü cəmiyyətin formalaşması cəmiyyətin demokratikləşməsi prosesinin tam oturuşması deməkdir. Bu cür vətəndaş cəmiyyətinin formalaşması, azərbaycançılıq ideologiyasının bərqərar olması isə birbaşa milli maraqların təmin olunması, milli mənəvi və əxlaqi dəyərlərin üstünlük təşkil etməsi şərtilə mümkündür. Bu isə o deməkdir ki, güclü cəmiyyətin formalaşması əslində həyata keçirilən bütün dövlət proqramlarının milli proqramlar kimi qəbul edilməsi və milli inkişaf proqramı kimi inkişaf etdirilməsidir. Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyi, müstəqilliyin inkişafı ilə bağlı göstərdiyi ən böyük xidmətlərdən biri də məhz dövlət inkişaf proqramlarını milli inkişaf proqramlarına çevirməsidir. Deməli, dövlət inkişaf proqramlarının milli inkişaf proqramlarına çevrilməsi həm idarəetmədə innovativliyi təmin edir, həm insan kapitalının ön plana çıxarılmasına imkan verir, həm də cəmiyyətin bütün sahələrində modernləşmə prosesini aparmağa şərait yaradır.

- Dövlətimizin başçısının insan kapitalının milli sərvətə çevrilməsi ilə bağlı tezisinin fəlsəfi izahını necə vermək olar?

- Bu da yuxarıda dediyimiz məqamlarla sıx bağlıdır. Burada çox incə bir məqam vardır ki, neft kapitalından insan kapitalına keçidlə bağlı ölkə Prezidentinin 2003-cü ildə ifadə etdiyi fikirlər əslində ciddi strateji əhəmiyyəti, mənası və hədəfi olan sistemli bir kursun lakonik ifadəsidir. Məsələ ondan ibarətdir ki, müasir dövrdə bütün dünyada inkişafın mərkəzində insan amili dayanır. Əvəllər olduğu kimi, deyək ki, hər hansı başqa iqtisadi enerji və yaxud da təbii resurslar sahəsinin inkişafı artıq aparıcı və həlledici rol oynamır. Bütün bunların əsasında, kökündə insan amili dayanır. Yəni o cəmiyyətlər, o dövlətlər güclü olur və demokratikləşə bilirlər ki, onun insan amili, insan potensialını reallaşdırması üçün geniş imkanlar yaranır. Bunu həyata keçirmək üçün də alimlərin, tədqiqatçıların apardıqları araşdırmalara görə insanın şəxsiyyət olaraq yetişdirilməsi prosesində hansı amillərə üstünlük verilməsinin böyük əhəmiyyəti var. Yəni insanın aldığı təhsil, mütəxəssis kimi yetişməsi, dünyagörüşü, informasiya resurslarına olan çıxışı, informasiya ilə təminatı, özünün şəxsi azadlığı kimi məsələlər insan kapitalının formalaşmasının əsas sütunlarını təşkil edir. Məhz buna görədir ki, insan kapitalı strategiyasına keçmək özlüyündə təhsildə, elmdə, səhiyyədə (çünki insanın sağlamlığının da onun öz potensialını reallaşdırmasında nə qədər ciddi rol oynadığını sübut etməyə ehtiyac yoxdur) və digər sahələrdə insanın inkişafının təmin edilməsi üçün lazımı proqramların həyata keçirilməsi lazım gəlir. Buna görə də Prezident İlham Əliyev təhsilə, səhiyyəyə, elmin inkişafına, ümumiyyətlə insanın intellektinin inkişafına xidmət edən, onun üçün geniş imkanlar yaradan proqramların həyata keçirilməsinə böyük şərait yaradıb.

Gələk sualın ikinci – “İnsan kapitalını milli sərvətə necə çevirmək olar?” hissəsinə. Bayaq dediyimiz ifadələrdən aydın olur ki, insan kapitalının inkişaf etdirilməsi mərkəzində insan intellektinin hüquqlarının qorunması və təmin edilməsi durur, həm də intellektinin inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan burada söhbət daha çox intellektin milli sərvətə çevrilməsindən getməlidir. Yəni hər bir Azərbaycan vətəndaşı, intellekt sahibi öz intellektual potensialını milli inkişafa xidmət etdirməlidir. Tutaq ki, hər hansı bir şəxs dünyada öz elmi axtarışı yaxud ixtirası və ya kəşfi ilə tanına, məşhur ola bilər. Lakin o məşhurluq onun fərdi maraqlarına xidmət edirsə, yalnız ona uyğundursa, artıq bu indiki şəraitdə Azərbaycanın milli maraqlarına elə də uyğun gəlmir. Yəni Azərbaycan vətəndaşının intellektinin ilk növbədə dövlətin, cəmiyyətin və millətin inkişafına xidmət etməsi çox mühüm məqamlardandır. Deməli, intellekt milli sərvətə o zaman çevrilir ki, fərd intellektual potensialını, ilk növbədə, Vətəni, xalqı, milləti üçün sərf edir, eyni zamanda, bunun belə olması üçün idarəetmədə də elə islahatlar aparmaq lazımdır ki, intellekt gücünü məhz milli maraqların təmin olunmasına sərf etsin. Bu səbəbdən də bütün sahələrdə idarəetmələrin elə formaları tədricən həyata keçirilir ki, intellekt milli dövlətçilik, müstəqil dövlət, güclü cəmiyyət quruculuğuna və ölkənin hərtərəfli inkişafına, ən əsası isə vətəndaş cəmiyyətinin formalaşmasına xidmət etmiş olsun.

- Maraqlıdır, zamanın çağırışları fonunda intellektin milli sərvətə çevrilməsinin fəlsəfi hədəfləri nədən ibarətdir?

- Problemin bu aspekti akademik Ramiz Mehdiyevin “Qlobal transformasiyalar dövründə Azərbaycanın milli ideyası” (II kitab) əsərində geniş və dərin analiz edilib (səhifə 88-135). Orada yazılır ki, “modernizasiya ideyası XXI əsrin postmodernist cəmiyyəti kontekstində zamanın çağırışı olur” (səhifə 89). Akademik əsaslandırır ki, qlobal qeyri-sabitlik və idarəolunan xaosun müxtəlif ssenarilərinin həyata keçirildiyi bir tarixi mərhələdə hər bir müstəqil cəmiyyətin daha çox “intellektual potensial birliyi” olmalıdır. Çünki baş verən prosesləri çevik dərk edib ona uyğun yaradıcı mövqe tutmağı bacarmayan insanların toplumu sərt rəqabətlərə tab gətirə bilməz. Həmin səbəbdən “kreativ millət” anlayışı ölkənin innovasion modernləşməsinin əsasını təşkil etməlidir. Biz burada KİV-lərin tələbləri kontekstində akademikin fikirlərinin üzərində daha geniş dayana bilmirik. Yalnız bir məqamı vurğulamaq istərdik.

Hansı şərtlər daxilində millətin kreativliyindən danışa bilərik? Çünki kreativlik əsas olaraq fərdə aiddir. Milyonlarla insanı birləşdirən sosial orqanizmin kreativ olması nə deməkdir? Problemin çox vacib tərəflərindən biri də məhz bu suala cavabla bağlıdır. Bizcə, millətn kreativliyindən intellekt milli sərvətə çevrildikdə danışmaq mümkündür. Prezident İlham Əliyevin 2004-cü ildən həyata keçirdiyi inkişaf strategiyasının fəlsəfi aspektdə mərkəzi punktlarından birinin bundan ibarət olduğunu düşünürük. Yəni dövlət səviyyəsində ifadə edilən, intellekin milli sərvətə çevrilməsi tezisinin kökündə əslində çox dərin fəlsəfi, elmi, siyasi, innovativ və geosiyasi özəlliklər dayanır. Bu tezisin üzərində indi dayanmaq imkanı, təəssüf ki, yoxdur, ancaq qısaca tezisimizi belə ifadə edə biərik: kreativ millət intellekti milli sərvətə çevirməyin real mexanizmlərinə malik olan toplumdur. Həmin mexanizmlər ulu öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu kursunda dəqiq əks olunub və hazırda sürətlə yeniləşən dünyanın çağışırlarına uyğun olaraq Prezident İlham Əliyev tərəfindən səmərəli və yaradıcılıqla inkişaf etdirilir.

-Bəs Prezidentin xarici və daxili siyasəti və yuxarıda vurğulanan məqamların Cümhuriyyətin 100 illiyi ilə mənəvi, tarixi və fəlsəfi bağlantısı haqqında nə deyə bilərsiniz?

- Təbii ki, bunlar bir-biri ilə sıx bağlıdır. Prezident İlham Əliyev martın 15-də başlanan VI Qlobal Forumda söylədiyi nitqdə də bildirmişdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Azərbaycanın indiki gününü görsəydilər çox sevinərdilər, bizimlə fəxr edərdilər. Biz də, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ilə fəxr edirik. Bu sözlər Azərbaycanda müstəqil dövlət quruculuğunun böyük ənənələrə əsaslandığını, hər tarixi mərhələdə qarşıya çıxan çağırışlara uyğun olaraq siyasət formalaşdırdığını və burada varislik prinsipinin ciddi surətdə gözlənildiyini ifadə edir. Azərbaycan Xalq Cümhuriyyətininin qurucularına olan hörmət, onlarla fəxr etmək təkcə onların şəxsiyyəti ilə bağlı deyil, ölkə Prezidenti həm də ona işarə edir ki, biz o tarixi mərhələdə müstəqilliklə bağlı qoyulan şərtləri, istiqamətləri dərindən öyrənərək o zaman buraxılan səhvləri təkrar etməməklə müstəqilliyimizin qorunması və inkişaf etdirilməsi üçün çalışaq. Bu mənada indi bizim həm güclü dövlət, həm güclü cəmiyyət, həm də intellektin milli sərvətə çevrilməsi kimi siyasətimizin çox mühüm hissələri birbaşa keçən əsrin əvvəllərində Cümhuriyyətimizin qurulması zamanı mövcud olan şəraitdən lazımlı nəticələrin çıxarılması ilə əlaqəlidir.

Burada onu da demək lazmdır ki, bu cür yanaşma ulu öndər Heydər Əliyevin siyasətindən qaynaqlanır. Müstəqillik əldə ediləndə Ulu Öndər qarşıya qoyulan vəzifələrdən biri kimi müstəqilliyi necə saxlamağın lazım olduğu üzərində düşünməyə üstünlük verdi. Prezident İlham Əliyev də Forumdakı çıxışında demişdi ki, müstəqilliyi qazanmaq hardasa asandır, amma onu qorumaq çətindir. Bu o deməkdir ki, həm daxili, həm də xarici siyasətdə həm daxili mühitin şərtlərini, həm qlobal geosiyasətin bütün ziddiyyətli və mürəkkəb məqamlarını nəzərə alaraq Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa xidmət edən addımlar atmaq lazımdır ki, Prezident də məhz bu cür istiqamətdə addımlar atır. Bunu dövlətimizin başçısının gördüyü işlər, həyata keçirdiyi proqramlar tamamilə təsdiqləyir.
Bu xəbər oxucular tərəfindən 260 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed