Şrift:
Los Ancelesdə Azərbaycan haqda kitab nəşr olunub
11.05.2018 [10:46] - Kitab evi
Azərbaycan həqiqətlərinin ABŞ ictimaiyyətinə daha geniş şəkildə çatdırılması məqsədilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən ABŞ-da ingilis dilində Azərbaycan haqda kitab nəşr etdirilib.



Konsulluqdan verilən məlumata görə, nəfis tərtibatda nəşr edilmiş, 120 səhifədən ibarət olan və “Azerbaijan – Everlasting Heritage, Inspirational Harmony” (Azərbaycan – Əbədi Miras, Ruhlandırıcı Harmoniya) adlı kitabda Azərbaycanın coğrafiyası, təbii sərvətləri, qədim tarixi, zəngin mədəniyyəti və incəsənəti, güclü etnik və dini tolerantlıq ənənələri, dövlət quruluşu və xarici siyasəti, sürətli iqtisadi inkişafı, turizm potensialı, ADA Universiteti, “ASAN Xidmət” və digər maraq kəsb edən mövzular barədə geniş məlumatlar öz əksini tapıb. Bakının və ölkəmizin müxtəlif guşələrinin şəkilləri də kitabda yer alıb.


Kitabın “Azərbaycan torpaqlarının qanunsuz işğalı” bölməsində Dağlıq Qarabağın tarixi, Ermənistanın ölkəmizə qarşı apardığı tarixi işğalçılıq və etnik təmizləmə siyasəti haqqında geniş məlumat verilir. Bildirilir ki, əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ tarixən müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olub və Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında böyük rol oynayıb. Sözügedən bölmədə, həmçinin Kürəkçay və Türkmənçay müqavilələrinin vurduğu ağır zərbələrdən danışılır, bu müqavilələr nəticəsində Dağlıq Qarabağın erməni əhalisinin süni şəkildə artırıldığına diqqət çəkilir. Bundan başqa, vurğulanır ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələri, ABŞ dövlət rəsmilərinin və ABŞ Dövlət Departamentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən tarixi bəyanatları və digər hüquqi sənədlər də kitabda öz əksini tapıb.

Sözügedən bölmədə Xocalı soyqırımı xüsusi olaraq vurğulanır. Bildirilir ki, soyqırımı nəticəsində aralarında uşaqlar, qadınlar və yaşlılar da olmaqla günahsız dinc Xocalı sakinləri Ermənistan qoşunları tərəfindən qətlə yetiriliblər. Həmçinin Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin maarifləndirilməsinə dair Azərbaycan tərəfindən aparılan məqsədyönlü işin, xüsusilə Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının müsbət nəticələr verdiyi diqqətə çatdırılaraq, bu qətliamın dünyanın artıq bir çox dövləti, eləcə də ABŞ-ın 20-dən çox ştatı tərəfindən pislənildiyi bildirilir.

Kitabın ABŞ-da hökumət və qeyri-hökumət qurumları, biznes dairələri, elm, təhsil və mədəniyyət ocaqları, KİV, eləcə də digər təşkilatlar və ictimai xadimlərə göndərilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed