Şrift:
Azərbaycan hökumətinə “Paşinyanı cəzalandır” tələbləri...
14.05.2018 [10:01] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Onun vertolyotunu vurmaq lazım idi”

Elşən Mustafayev: “Paşinyanın dediklərinə isterik reaksiyalar verilməməlidir”

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri zamanı Azərbaycana yönəlik səsləndirdiyi sərsəm fikirlər ölkəmizdə hiddət doğurub. Xüsusilə onu işğal edilmiş torpaqlarımıza aparan vertolyotun Azərbaycan tərəfindən nə üçün vurulmadığı barədə suallar yaranıb.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev də hesab edir ki, Paşinyanı Dağlıq Qarabağa aparan vertolyot vurulmalı idi: “Ermənistana cəbhə bölgəsində cavab verməyin çoxdan zamanı yetişib. Paşinyan və onun ağalarına yerlərinin hara olduğu bildirilməli, onlar Azərbaycan torpaqlarından kənara atılmalıdır. Prezident seçkiləri vaxtı debatlarda bildirdim ki, ordudan istifadə etmədən beynəlxalq qanunlarda məşhur olan partizan hərəkatı ilə məsələni həll etmək olar. Yaxınlarda bu məsələ ilə bağlı bir daha parlamentdə məsələ qaldıracam ki, yetər artıq, biz torpaqlarımızı azad etməliyik. Paşinyan küçədən hakimiyyətə ab-hava ilə gəlib. Ona cavab mütləq verilməlidir. Paşinyanın vertolyotunu vurmaq lazım idi. Bununla onlara dərs olmalı idi ki, Azərbaycan ərazilərinə girmək olmaz. Bu, duyğusal davranış deyil, beynəlxalq qanunlara uyğun bir məsələdir. Onlar bizim ərazilərə gəlib, terrorçu qruplaşmalar yaradıblar, indi də beynəlxalq qurumların qarşısında at oynadırlar. Paşinyan isə Qarabağda işğalı davam etdirmək arzusunda olduqları mesajını verdi. Beynəlxalq aləm isə hələ də buna susur. Nə danışıqlar aparmaq, nə ATƏT-in vasitəçiliyini qəbul etmək, nə də bu məsələni uzatmaq olmaz. BMT-nin 4 qətnaməsinin mənasız olduğunu bir daha nümayiş etdirib, hərbi əməliyyatlara başlamalıyıq. Hesab edirəm ki, çox qısa zamanda bu problemlərdən qurtula bilərik. O zaman da əhali dərindən nəfəs alıb deyəcək ki, biz bu asan məsələni niyə bu qədər uzatmışıq.
Çox rahatlıqla heç kimin qarışmayacağı şəkildə ən az itki ilə bu məsələyə nöqtə qoymaq lazımdır. Əks təqdirdə bu gün Paşinyanın ipini açıb buraxan Rusiya səhəri gün başqasının ipini açıb buraxacaq. Digər tərəfdən bu səfərlə bağlı bütün hüquqi addımları atmaq iqtidarındayıq. Paşinyan kimilərinin səfərlərinə artıq sənədlərlə öz etirazımızı bildirməliyik. Biz bəyan etməliyik ki, bundan sonra vertolyot, təyyarə və digər vasitələrlə ərazilərimizə daxil olmalar olacaqsa, biz dərhal məhv edəcəyik. Ondan sonra görəcəyik ki, onlar necə ehtiyatlı davranacaqlar”.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev isə məsələyə bu cür şərh verdi: “Hesab edirəm ki, Paşinyanın dediklərinə və bundan sonra deyəcəklərinə isterik reaksiyalar verilməməlidir. Problemin davam etdiyi illərdə bütün erməni prezidentləri dəfələrlə Dağlıq Qarabağda olublar, müxtəlif bəyanatlar səsləndiriblər. Xatırlayırsınızsa, Ermənistanda Sərkisyan gənclərlə görüşündə torpaqlamızın işğal edilməsini vəzifəsi kimi dəyərləndirib, buna əməl etdiyini, sonrakı mübarizədə isə gəncləri Türkiyədən ərazi almağa hazır olmağı, bu vəzifənin onların boynunda olmasını bildirmişdi. Paşinyanın da indiki durumda Qarabağla bağlı siyasəti özündən öncəkilərdən elə də fərqlənməyəcək. Bu əvvəldən də məlum idi. Hətta istəsə belə, Qarabağla bağlı öncədən yürüdülən siyasətdən daha yumşaq siyasət sərgiləyə bilməyəcək. Çünki burada bir sıra məqamların olmasına diqqət çəkmək lazımdır. Paşinyan baş nazir seçilsə də, ölkəyə nəzarəti təmin edə bilməyib. Parlament çoxluğu yenə Sərkisyana bağlı Respublikaçılar Partiyasındadır. İstənilən vaxt onun qərar və sərəncamlarının qarşısını ala bilərlər. Düşünürəm ki, Paşinyan ikinci cəhddən sonra da seçilməməsini arzulayırdı. Çünki o halda prezident parlamenti buraxıb yeni seçkilər təyin edəcəkdi və həmin seçkilərdə böyük ehtimalla respublikaçılar azlıqda qalacaqdılar, bəlkə də heç parlamentə belə düşməyəcəkdilər. Əvəzində Paşinyana yaxın qüvvələr çoxluqla parlamentdə təmsil olunub, maneəsiz dövləti idarə edəcəkdilər. Hazırda isə o, Sərkisyanın partiyasının nümayəndələrinin səslərinə möhtacdır. Qarabağa səfər, orada verdiyi istənilən bəyanatlar da onun baş nazir kimi mövqelərinin zəif olması ilə əlaqədardır. Hesab edirəm ki, ”Qarabağ klanı"nın hakimiyyəti asanlıqla verməsi onu çox qorxudub. Bundan sonra baş verəcəklərə məsuliyyəti o daşıdığına görə ola biləcəklərdən narahatdır. Təsəvvür edin ki, “Qarabağ klanı”na bağlı hərbi birləşmələr sərhəddə təxribatlar törədir, insan və ərazi itkiləri müşahidə olunan hadisələr baş verir, bir növ aprel hadisələrinə bənzər, bu məğlubiyyətin günahkarı da Paşinyan göstəriləcək və ölkəni bu hala gətirdiyi üçün ittiham olunacaq. Ona görə də indiyədək Qarabağa səfər etmiş bütün prezidentlərlə, rəsmilərlə bağlı hər hansı beynəlxalq cəza mexanizmi işləməyibsə, bundan sonra da işləməyəcək. Onları cəzalandırmaq işi bizim öz üzərimizdədir. Lakin hay-küylü, pafoslu, əhəmiyyətsiz bəyanatlarla yox, diplomatlarımızın işi, hərbiçilərimizin isə torpaqlarımızı azad etməyi ilə verəcəkləri cəza onlar üçün son dərəcə ağır olar".

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 1984 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed