Şrift:
Şəbistərin millət vəkili “Qanun” qəzetinin türkləri təhqir etməsini qınayıb
14.05.2018 [10:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Şəbistər şəhərinin İran parlamentindəki millət vəkili Məsumə Ağapur Əlişahi “Qanun” qəzetinin türklərə qarşı ardı kəsilməyən təhqirlərini qınayan bəyanat yayaraq antitürk qəzetinin cəzalandırılmasını istəyib.

“İslahatçı “Qanun” qəzeti türklərin kimliyini inkar etmək, onların hüquqlarını tanımamaq və qanunu türklərin əleyhinə olaraq təfsir etmək kimi mövzularda digərlərindən seçilən mətbuat orqanıdır. Bu qəzet yeni hücum dalğasında (mayın 9-da) türklər və İrandakı digər etniklər haqda 3 mətləb yayıb. Yazılarda ölkə konstitusiyasının 15-ci maddəsi yanlış təfsir olunub, Azərbaycan əhalisinin kimliyi inkar edilib, onlar mühacim qrup kimi xarakterizə edilib”- deyə bəyanatda qeyd olunub.

Millət vəkilinin yaydığı bəyanatda həmçinin vurğulanıb ki, “Türklərin kimliyini hayasızcasına inkar edən qəzet bununla da kifayətlənməyib, kürdləri Qərbi Azərbaycan, tatları isə Şərqi Azərbaycanın əsl yerli əhalisi kimi göstərib. Bütün bunlar böyük təəssüf doğurur. Ona görə də məhkəmə orqanları, həmçinin İrşad və Mədəniyyət Nazirliyinin məsulları bu kimi təhqir və təhriflərə qarşı tədbir almalıdılar.”

Mədəniyyət çeşitliyiyini təhdid deyil, fürsət kimi görən xanım Əlişahi əlavə edib ki, “yerli və irqi kimliyi qoruyub saxlamaq hər qövmün haqqıdır. Ona görə də ümid edirəm ki, yerli dillərin tədrisi məsələsi öz həllini tapdıqdan sonra qövmlərin mədəniyyəti də daha çox inkişaf edəcək.”

“Qanun” qəzetinin Azərbaycana qarşı son təxribat dalğası o zaman başladı ki, Ərdəbilin millət vəkili Südeyif Bədri aprelin 17-də parlamentin xəbər agentliyi ilə danışığında məktəblərdə ana dilinin tədrisi ilə bağlı layihə təklifinin hazırlandığını bildirdi. O qeyd etmişdir ki, bu layihə qəbul olunacağı təqdirdə məktəblərdə müxtəlif qövmlərin ana dilinin tədrisinə şahid olacayıq.

Azərbaycanlı millət vəkilinin bu sözləri paniranistləri qəzəbləndirərək onları Azərbaycana qarşı hərəkətə gətirdi. Onun açıqlamasından sonra Güney Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə seçilən sözdə islahatçı “Qanun” qəzeti “Qövmlərin uçurumu təlimi” başlığı ilə yaydığı məqalədə İranda ana dilinin tədris olunmasını ölkə təhlükəsizliyinin əleyhinə olan amil kimi xarakterizə edib, onun konstitusiyanın 15-ci maddəsinə uyğun gəlmədiyini də qeyd etmişdir. Qəzet vurğulamışdır ki, türk dilinin tədris olunmasını istəyənlər pantürkistlərdir.
“Qanun” qəzeti bundan sonra prezident Həsən Ruhaninin etniklər və dini azlıqların işi üzrə özəl köməkçisi Əli Yunisidən aldığı müsahibəni dərc etmişdir. Ə.Yunisi həmin müsahibədə Azərbaycan türklərinin mövcudluğunu inkar edərək onları farsdilli və kürdlərin əkiz qardaşı adlandırmışdır.

Türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması və türk dilinin tədris olunması azərbaycanlıların əsas tələblərindən biridir. Bu tələblər seçkiqabağı təbliğat-təşviqat dönəmində prezident Həsən Ruhaninin əsas şüarlarına çevrilmişdir. Lakin üstündən təxminən 5 il vaxt keçməsinə rəğmən verilən vədlərin heç biri yerinə yetirilməyib.

N.S
Bu xəbər oxucular tərəfindən 555 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed