Şrift:
Bir həftə əvvəl İranda həbs edilən 3 bəhai xanım azadlığa buraxılıb
15.05.2018 [11:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda bəhai dininə mənsub olduqlarına görə bir həftə əvvəl həbs edilən 3 bəhai xanım, Neda Sabiti, Nuşin Əfşar və Füruq Fərzanə azadlığa buraxılıb.

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, ETTELAATın Xuzistan əyalətindəki yerli əməkdaşları, mayın 6-da bəhai xanımları Abadan və Əhvaz şəhərlərində, şəxsi mənzillərində tutub naməlum istiqamətə aparmışdılar. Hər üç bəhainin evlərində axtarış aparılmış, onlara məxsus dini kitablar, kopüterlər və bəzi şəxsi əşyalar götürülmüşdü.

Bəhailər, Əhvaz şəhərinin zindanında bir həftəlik müxtəlif təzyiqlər altında saxlanılıb dindirildikdən sonra, mayın 12-də müvəqqəti olaraq azadlığa buraxılıblar.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikası konstitusiyası bəhai dinini müstəqil bir din kimi tanımır. Elə buna görə də, son 40 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb. İrandakı ruhanilərin təhriki ilə “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını dağıdırlar. 1979-cu ildə İranda üzdəniraq islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.
Bu xəbər oxucular tərəfindən 17 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed