Şrift:
Azərbaycan əhalisinin sayı açıqlanıb
17.05.2018 [10:19] - Sosial
İlin əvvəlindən ölkə əhalisinin sayı 18 min 260 nəfər artaraq 2018-ci il aprel ayının 1-i vəziyyətinə 9 milyon 916 min 345 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşmış, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 min 954 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib. Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Birinci rübdə ölkədə 15 min 403 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,6-dan 6,4-ə qədər azalıb.

İlin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 12 min 932 nikah və 3 min 556 boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1010 nəfər Azərbaycana gələn, 301 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 709 nəfər təşkil edib.
Bu xəbər oxucular tərəfindən 54 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed