Şrift:
Musa Sudi həbsxanadan açıq məktub yazaraq panfarsistlərin bu əməlini şiddətlə qınayıb
17.05.2018 [10:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin Mərkəzi Zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal Musa Sudi Tehranda keçirilən kitab sərgisində panfarsistlərin türk kitabları povilyonuna hücum etməsini şiddətlə pisləyib.

O bu barədə açıq məktub yazaraq Azərbaycanın bir övladı kimi panfarsistlərin qeyri-mədəni və qeyri-insani hərəkətlərini qınayıb.

İranda panfarsist sistemin formalaşmasının tarixinə işarə edən azərbaycanlı fəal türklərin İranda üzləşdiyi mədəni problemlərdən söz açıb. “Bu sistem təxminən bir əsrdir ki, qeyri-fars millətlərə, xüsusi ilə də Azərbaycan türkləri və ərəblərə qarşı asimilasyon siyasəti tətbiq edir, onları bütün kütləvi informasiya vasitələrindən istifadə edərək təhqirlərə məruz qoyur. Elə bu məqsədlə də Azərbaycanın zəngin tarix və ədəbiyyatı ilə bağlı sənədlər yox edilir, elm, teknoloji, idman, ədəbiyyat və s. kimi sahələrdə uğur qazanan soydaşlarımıza barmaqarası baxılır. Şovinistlər 1946-cı il dekabrın 12-də (21 Azər) millətimizin bir çox qəhrəman oğul və qızını soyqırıma məruz qoyduqdan bir neçə gün sonra, dekarın 17-də (26 Azər) Azərbaycan türkcəsində olan bütün rəsmi məktublar, kitab və sənədləri yandırıblar”- deyə məktubun bir hissəsində qeyd olunub.

Azərbaycanlı fəal islamdan sonra bugünkü İranda türk xanədanlarının ədalətli hakimiyyəti, Məşrutə inqilabı zamanı Səttarxan, Baqirxan və Xiyabani kimilərinin İranın ərazi bötüvlüyü uğrunda apardıqları mübarizə, qardaşlıq şüarı ilə baş verən islam inqilabı hadisələrində azərbaycanlıların danılmaz rolu və s. kimi məsələləri xatırladaraq ötən günlərdə kitab sərgisində “Azər türk” povilyonuna hücum edilməsini qəbuledilməz adlandırıb, irqçi panfarsistlərin bu hərəkətini şiddətlə qınayıb.

Xatırladaq ki, mayın 7-də bir qrup irqçi panfarsist Tehranda keçirilən kitab sərgisində “Azər türk” povilyonuna hücum ediblər. Siz “azərisiniz, türk deyilsiniz” deyərək haray-qışqırıq salan hücumçular soydaşlarımızdan bir neçəsini döyüb, povilyonun lövhəsindəki “türk” sözünün üstünə xətt çəkiblər. Bu məsələ soydaşlarımızın kəskin etirazı ilə qarşılanıb.

N.S
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed