Şrift:
Güləşçimiz Turan Bayramov Avropa çempionu olub
18.05.2018 [10:38] - İdman
Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Çempionatda sərbəst güləşçilərin yarışları başa çatıb. Yığma komandamızın üzvləri çempionatı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar. Bütün rəqiblərindən üstün olan Turan Bayramov (65 kq) çempionatın qızıl medalına yiyələnib. Qızıl medal qazanan Turan Bayramov həm də 65 kiloqram çəki dərəcəsində yeniyetmələrin III Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

Yalnız final görüşündə uduzan Fuad Mayılov (80 kq) və İslam Abuyev (110 kq) isə gümüş medalla kifayətləniblər. Bürünc medalları isə yığmamıza Kənan Heybətov (45 kq) və Əlihəsən Əmirli (48 kq) qazandırıblar.

Bu nəticə ilə yığmamız komanda hesabında çempionatı Rusiya, Gürcüstan və Türkiyədən sonra dördüncü sırada başa vurub. Ancaq nə Türkiyə, nə də Gürcüstan komandaları Olimpiya Oyunlarına vəsiqə qazana bilməyiblər.

Qeyd edək ki, Avropa çempionatı oktyabrın 12-14-də Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Reqlamentə əsasən qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər. Çempion olan və lisenziya qazansa da Olimpiadada iştirak etməyəcək idmançını həmin çəkidə ikinci yeri tutmuş ölkə təmsilçisi əvəzləyəcək.
Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed