Şrift:
“Yaxın beş ildə erməni diasporu Azərbaycan və türk diasporunun önündə tab gətirə bilməyəcək”
02.07.2012 [16:46] - Müsahibə
İsmayıl Əhmədov: “Dağlıq Qarabağ problemi, Xocalı soyqırımının tanıdılması istiqamətində Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən bütün diaspor təşkilatları əlindən gələni etməkdədirlər”

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemini beynəlxalq ictimaiyyətə yaxından çatdırmaqla yanaşı, zəngin tarixi-mədəni irsimiz, mədəniyyətimiz, musiqi və mətbəximizin təbliği istiqamətində də aktivlik nümayiş etdirirlər. Zaman-zaman diaspor təşkilatlarımız tərəfindən müxtəlif ölkələrdə keçirilən mədəni-kütləvi tədbirləri buna örnək göstərmək olar. Azərbaycan mədəniyyətini Birləşmiş Ştatlarda tanıdan, ölkəmizi okeanın o tayında layiqincə təmsil edən diaspor təşkilatlarımızdan biri də Azərbaycan-Amerika Mədəniyyət Alyansıdır. Alyansın sədri İsmayıl Əhmədov müsahibəsində rəhbərlik etdiyi qurumun ölkəmizin təbliği istiqamətində gördüyü işlərdən danışıb. 2009-cu ildən fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Alyansının təkcə ölkəmizin mədəniyyətinin təbliği deyil, eləcə də Dağlıq Qarabağ problemi və Xocalı soyqırımının tanıdılması istiqamətində də çalışdığını deyən İsmayıl Əhmədov qarşıdakı planlar, eləcə də Birləşmiş Ştatlardakı Azərbaycan diasporunun hazırkı durumu barədə də məlumat verib.

--İsmayıl müəllim, Azərbaycan-Amerika Mədəniyyət Alyansı nə zamandan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətləriniz nədən ibarətdir?

-Əvvəla bizə qiymət verib yada saldığınıza görə Azərbaycan-Amerika Mədəniyyət Alyansı adından öz dərin təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan-Amerika Mədəniyyət Alyansı 2009-cu ilin mart ayında Amerika Birləşmiş Ştatlarının Texas ştatının Hyuston şəhərində təsis edilib və həmin tarixdən indiyə qədər də öz fəaliyyətini aktiv şəkildə davam etdirməkdədir. Azərbaycan-Amerika Mədəniyyət Alyansının qurulma məqsədi Azərbaycan mədəniyyəti, incəsənəti, tarixini, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə amerikalılara ətraflı və dolğun məlumat çatdırmaqdır. Həmçinin məqsədimiz mədəni, rəsmi proqramlar şəklinde, festivallar təşkil etməklə, digər dəyişik vasitələrlə Azərbaycanın problemlərini təkcə amerikalılar deyil, eləcə də burada olan qeyri-millət numayəndələrinə tanıtmaqdır.

-Bu gün Birləşmiş Ştatlarda Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirərdiniz?

-Bildiyiniz kimi Amerika Birləşmiş Ştatları dövlətdən fərqli olaraq ştat olaraq da ayrıca milli məclislərə sahibdir. Hər ştatda belə bir dövlət strukturunun olması bizim daha fəal olmağımızı və bütün strukturlarda aktiv fəaliyyət göstərməyimizi vacib edir. Hal hazırda hər ştatda ayrıca bir Azərbaycan diaspor təşkilatı olmasa da soydaşlarımız əksəriyyət regionlarda, bir cox ştatda fəaliyyət göstərməktədirlər. Azərbaycan diaspor təşkilatları, ayrı-ayrı azərbaycanlılar olaraq hər kəs əlindən gələni etməyə calışır. Mən hazırda Birləşmiş Ştatlarda Azərbaycan diasporunun vəziyyətini qiymətləndirərkən onu demək istərdim ki, Amerikada Azərbaycan lobbi fəaliyyətləri sadəcə diaspor təşkilatları ilə deyil, mövcud bölgələrdə yaşayan azərbaycanlılarla irəliyə doğru getməkdədir. Fürsətdən istifadə edərək Azərbaycan-Amerika Mədəniyyət Alyansı olaraq sadəcə Birləşmiş Ştatlarda deyil, dunyanın hər tərəfində az da olsa Azərbaycanı təmsil etməyə calışan hər bir azərbaycanlıya təşəkkür edirik.

-Birləşmiş Ştatlarda çoxsaylı Azərbaycan diaspor təşkilatları, cəmiyyət və mərkəzlər fəaliyyət göstərir. Həmin təşkilatlarla əməkdaşlığınız hansı səviyyədədir?

-Azərbaycan Amerika Mədəniyyət Alyansı olaraq bütün təşkilatlarla əlaqəmizi inkişaf etdirməyə, onlarla bərabər proqramlar etməyə çalışırıq. Buna bir neçə örnək də göstərə bilərik. Alyans olaraq Azərbaycan Amerika Konsulu Təşkilatı ilə Xocalı soyqırımı ilə bağlı tədbir, Azərbaycan Amerika Şəbəkəsi Təşkilatı ilə isə müstəqillik gününə həsr olunmuş mərasim keçirmişik. Bundan başqa digər təşkilatlarla da müəyyən planlarımız var. Hesab edirəm ki, bizim Birləşmiş Ştatlarda hər məsələdə ortaq hərəkət etməyimiz vacib məsələlərdən biridir.

-Rəhbərlik etdiyiniz təşkilat Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımların Amerika ictimaiyyətinə çatdırılması istiqamətində hansı tədbirlər görür?

-Azərbaycan-Amerika Mədəniyyət Alyansı olaraq Avroasiya və Amerika üzrə Türk Konsulu ilə bərabər rəsmi və mədəni proqramlar təşkil edirik. Həmin proqramlara gələn insanların sayı kifayətqədər çox olur. Bu proqramlar vasitəsilə əlimizdə olan mövcud kitabçalarla Azərbaycan mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsini onlara çatdırmağa calışırıq. Bir məqamı da qeyd etmək istəyirəm ki, bu sahədə fəaliyyət göstərən istər dövlətə bağlı olan, istərsə də müstəqil fəaliyyət göstərən diaspor təşkilatlarının hamısının dövlətimizin mənəvi dəstəyinə ehtiyacı var. Çünki nəticədə hər kəs Azərbaycanın adını yüksəltməyə calışır. Azərbaycan-Amerika Mədəniyyət Alyansı olaraq Birləşmiş Ştatlardakı türk diasporu ilə də yaxından əməkdaşlıq edirik. İstər Dağlıq Qarabağ problemi, istərsə də Türkiyəyə qarşı iddia edilən soyqırım məsələsi olsun, bu kimi məsələlərdə türk diaspora təşkilatları Ilə bərabər hərəkət edirik. Bu il Amerika Birləşmiş Ştatlarının Missisipi, Arkanzas, Oklahoma ştatlarının milli məclislərində həmin məsələlər Azərbaycan Milli Məclisinin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva tərəfindən də qaldırılıb.

-Yaxın vaxtlarda qeyd edilən istiqamətlərdə hansısa əlavə planlarınız varmı?

-Yaxın vaxtlarda bu məsələlərin, xüsusilə Dağlıq Qarabağ problemi və Xocalı soyqırımının digər ştatlarda, ən əsası Vaşinqtonda daha da irəli səviyyəyə aparılması düşünülür.

-Ümumilikdə, Amerikadakı Azərbaycan diasporunun Dağlıq Qarabağ problemi, Xocalı soyqırımının tanıdılması istiqamətindəki fəaliyyətini qaneedici saymaq olarmı?

-Bu suala qısa olaraq cavab vermək istəyirəm ki, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımının tanıdılması istiqamətində Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən bütün diaspor təşkilatları əlindən gələni etməkdədirlər. Xüsusilə Amerika Azərbaycan Cəmiyyəti, Amerika Azərbaycan Şəbəkəsi, USAN, HBCSA və digər təşkilatların bu sahədə gördüyü işlər kifayətqədər böyükdür. Ancaq yenə də çox güclü şəkildə, planlı, fədakarcasına işləmək lazımdır. Yəni bundan sonra görüləcək çox işlər var.

-Sirr deyil ki, Amerika Birləşmiş Ştatları ermənilərin çoxluq təşkil etdiyi ölkələr kimi xarakterizə edilir. Sizin Azərbaycanıa bağlı keçirdiyiniz tədbirlərə ermənilər bu və ya digər dərəcədə mane olmağa çalışırlarmı?

-Amerika Birləşmiş Ştatları ermənilərin çox yaşadığı ölkə kimi qələmə verilsə də, bunu bütün ştatlara şamil etmək olmaz. Bu sadəcə Kaliforniya ştatı ücün belə sayıla bilər. Etiraz məsələsinə gəldikdə isə onlar daim bizə qarşı olurlar. Bizim dövlət adına keçirdiyimiz hər bir tədbir, atdığımız həır addım ermənilər tərəfindən etiraza səbəb olur. Ancaq bir məqamı qeyd etmək istəyirəm ki, yaxın beş ildə erməni diasporu Azərbaycan və türk diasporunun önündə tab gətirə bilməyəcək.

-Bir neçə ay sonra Birləşmiş Ştatlarda Turkiş Festifalın keçiriləcəyi nəzərdə tutulur. Azərbaycan həmin tədbirdə hansısa səviyyədə təmsil olunacaqmı?

-Biz artıq dördüncü ildir ki TCAE ilə bərabər birgə festival keçirməkdəyik. Bu festival “Turkiş festival” adlandırılır. Bu bütün türkdilli ölkələri özündə birləşdirən bir festivaldır. Həmin festival Texas ştatında Hyuston şəhərinin mərkəzində keçirilir. Sonuncu dəfə festivala gələnlərin sayı 35 mindən artıq olub. Bu il keçirəcəyimiz festival ötən ilki festivaldan bir neçə dəfə böyük olacaq. Türkiyəyə aid olan bəzi şəhərlər Hyustonun mərkəzində böyük stendlər şəklində qurulacaq. Festival zamanı həmçinin Azərbaycana aid stend də qurulacaq. Bu bizim üçün Birləşmiş Ştatlarda ilk olacaq. Festival ərazisində Azərbaycan bir neçə yerdə təmsil olunacaq. Səhnədə Azərbaycan musiqisi, mətbəxindən nümunələr əksini tapacaq. Eyni zamanda fərqli bir yerdə Azərbaycan suvenerlər və kitablarla tanıdılacaq. Festivalin Hyuston şəhərində böyük bir ərazidə təşkili planlaşdərılıb. İstər Turkiş festivalda, istərsə də indiyə qədər keçirdiyimiz digər tədbirlər və layihələrdə bizə hərtərəfli maddi və mənəvi dəstəklərini əsirgəməyən tələbələrə, burada yaşayan azərbaycanlılara Azərbaycan-Amerika Mədəniyyət Alyansı adından öz dərin təşəkkürümü bildirirəm.

-Yaxın vaxtlarda Azərbaycandan Birləşmiş Ştatlara və ya Amerikadan Azərbaycana hansısa nümayəndə heyətinin səfəri gözlənilirmi?

-Bu ilin may ayında Bakıda keçirilən “Eurovision-2012” beynəlxalq musiqi yarışmasını izləmək, eləcə də Azərbaycanı gəzmək üçün Birləşmiş Ştatlardan ölkəmizə 150-dən çox rəsmi qonaq təşrif buyurdu. Amerikadan gəlmiş nümayəndə heyəti başda Dövlət Neft Şirkəti olmaqla Azərbaycan Diplomatiya Akademiyası və fərqli dövlət qurumları tərəfindən qonaqpərvərliklə qarşılandı. Azərbaycanda gördükləri qonqpərvərlik ölkəmizə gəlmiş amerikalılar və onların ailələrinin qəlbində böyük izlər buraxdı. Gələcək planlarda da Azərbaycana türk diasporası ilə birgə bu cür nümayəndə heyətləri, qonaqları gətirməyi nəzərdə tuturuq.//OLAYLAR//
Bu xəbər oxucular tərəfindən 1659 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed