Şrift:
Tbilisidə mədəni müxtəlifliyə həsr olunan tədbirdə Azərbaycan musiqisi səslənib
22.05.2018 [10:09] - Gündəm, Borçalı
Mayın 21-də Gürcüstanda Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günü qeyd olunub.

Tədbirdə Gürcüstanın barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili, mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze çıxış edərək Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Gününün sülh və həmrəylik kimi mühüm dəyərlərin əhəmiyyətinin qeyd olunması üçün elan olunduğunu vurğulayıblar. Bildirilib ki, sülh və həmrəylik yalnız müxtəlifliyimizi qəbul etmək və hörmət etmək yolu ilə əldə oluna bilər.

Sonra Gürcüstanda yaşayan Azərbaycan, yəhudi, rus, Ukrayna, çeçen, acar, kürd və digər milli azlıqların nümayəndələri öz mədəniyyət nümunələrini təqdim ediblər.

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin aşıq sənəti bölməsinin rəhbəri aşıq Nargilə Mehdiyeva və gənc tarzən Ramin Pirməmmədovun təqdim etdikləri muğam, aşıqlar qrupunun ifasında səslənən xalq folklor nümunələri alqışlarla qarşılanıb.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirliyin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, Gürcüstanda 21 may - Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günü hər il qeyd olunur.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 1547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed