Şrift:
Yüz il əvvəl Azərbaycanın istiqlalı böyük əhəmiyyət və rəmzi məna daşıyan başlanğıc olub
22.05.2018 [10:56] - Gündəm, Mədəniyyət
Koreya Respublikasının paytaxtı Seulda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi münasibətilə mərasim təşkil edilib.

Ölkəmizin Seuldakı səfirliyinin təşkil etdiyi mərasimdə rəsmi şəxslər, o cümlədən nəqliyyat və infrastruktur nazirinin müavini, Koreya Milli Assambleyasının deputatları, Yonhap xəbərlər agentliyinin prezidenti, səfirlər, diplomatlar, aparıcı Koreya şirkətlərinin, elmi-ictimai təşkilatların nümayəndələri, ali təhsil ocaqlarının və beyin mərkəzlərinin təmsilçiləri, Koreyada təhsil alan azərbaycanlı tələbələr və diaspor üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və müasir Azərbaycanın inkişafından, ölkəmizin füsunkar gözəlliyindən, tarixi və modern memarlığından bəhs edən fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

Azərbaycanın və Koreyanın himnləri ilə başlayan tədbirdə səfir Rəmzi Teymurov müsəlman dünyasında ilk dünyəvi, demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolu barədə danışıb. Bildirib ki, 1920-ci ilin yanvarında Paris Sülh Konfransında müstəqilliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınan AXC-nin cəmi 23 aylıq mövcudluğu dövründə bir çox siyasi-iqtisadi islahatlar həyata keçirilib, demokratik institutlar təsis olunub, bəzi Qərb ölkələrindən də əvvəl qadınlara seçib-seçilmək hüququ verilib.

R.Teymurov 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini çətinliklə və qurbanlar hesabına bərpa etdiyini, müstəqilliyinin ilk illərində siyasi və iqtisadi problemlərlə yanaşı, Ermənistanın hərbi təcavüzünə, etnik təmizləmə və soyqırımlarına məruz qaldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, bu günlər anadan olmasının 95-ci ildönümünü qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində ölkə çətin vəziyyətdən xilas olaraq, inkişaf mərhələsinə qədəm qoyub. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan özünü sabit, sürətlə tərəqqi edən və multikultural ölkə, regional inkişafa və təhlükəsizliyə töhfə verən əhəmiyyətli beynəlxalq tərəfdaş kimi təqdim edə bilib.

Azərbaycan ilə Koreya Respublikası arasında əlaqələrdən söz açan R.Teymurov ötən müddətdə ölkələrimizin möhkəm ikitərəfli əlaqələr qurmağa nail olduğunu deyib. O, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə verdiyini bildirib.

Koreya Milli Assambleyasının Azərbaycan ilə dostluq qrupunun sədri Li Myunq-su 100 il əvvəl Azərbaycanın İstiqlal Bəyannaməsinin dünya tarixində böyük əhəmiyyət və rəmzi məna daşıyan başlanğıc olduğunu vurğulayaraq, böyük tarixi və mədəniyyəti ilə Azərbaycanın bir çox ölkələrdən də sürətli tərəqqi yolu ilə irəlilədiyini deyib.

Müstəqilliyini bərpa edən Azərbaycanın qlobal müstəvidə dinamik rol oynayan lider ölkələrdən birinə çevrildiyini bildirən Li Myunq-su əmin olduğunu bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafı davam edəcək.

Koreya Respublikası hökumətinin təbriklərini çatdıran Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə səfiri Mun Duk-ho Azərbaycanın tarixən Qərb və Şərq arasında mədəniyyət körpüsü olduğunu, böyük mədəni irsi və qədim tarixi ilə bəşər mədəniyyətinə böyük töhfələr verdiyini deyib.

Azərbaycan və Koreya dillərinin Altay dil qrupuna aid olduğunu xüsusi vurğulayan Mun Duk-ho iki ölkənin məsafəcə uzaq yerləşməsinə baxmayaraq, xalqlarımız arasında mədəni və mənəvi yaxınlığın olduğunu bildirib, 1992-ci ildə diplomatik əlaqələrin qurulmasından sonra iki ölkə arasında münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdiyini diqqətə çatdırıb.

Dünya Taekvando Federasiyasının prezidenti Çunqvon Ço əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb. O, ötən qısa dövr ərzində Azərbaycanın bir çox sahələrdə, o cümlədən idmanın demək olar ki, bütün növlərində sürətli inkişafa nail olduğunu deyib. Çunqvon Ço Rio Yay Olimpiya Oyunlarında Azərbaycan taekvandoçularının əldə etdikləri nailiyyəti qeyd edərək, taekvandonun Azərbaycanda sürətlə inkişaf etdiyini, hazırda Azərbaycanın bu idman növündə ən güclü ölkələrdən biri olduğunu vurğulayıb.

Sonra iki ölkə arasında mədəni sahədə əməkdaşlığa verdiyi dəstəyə görə Koreya Mədəniyyət Assosiasiyasının prezidenti Ce-min Conqa Azərbaycan səfirliyinin mükafatı təqdim olunub.

Mərasimdə Bakı Milli Geyim Evinin modelyeri Könül Vəlibəylinin hazırladığı milli geyimlərimiz nümayiş olunub.

Ziyafətdə Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorunun müavini Ceyran Əsgərovanın hazırladığı milli təamlarımız, o cümlədən dolma, plov növləri, kükü, paxlava və şəkərbura, habelə Azərbaycan istehsalı olan şərab və nar şirələri təqdim olunub.

Şahin Cəfərov
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed