Şrift:
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Meksikada təntənəli şəkildə qeyd edilib
01.06.2018 [10:48] - Gündəm, Sosial
Meksikada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli qəbul və konsert keçirilib.

Mexiko şəhərinin Meksika Hərbi Dəniz Qüvvələri Klubunun ən böyük zalında təşkil edilən tədbir Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin təşkilatçılığı ilə reallaşdırılıb.

Tədbirdə Meksika Federal Hökumətinin nümayəndələri, senator və deputatlar ofislərinin rəhbər və təmsilçiləri, mədəniyyət və dini xadimləri, işgüzar, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, diplomatik korpusun çoxsaylı nümayəndələri, Meksikada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbir zamanı çıxış edən Meksikadakı səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının xalqımız üçün və ümumiyyətlə dünya tarixində önəmli bir hadisə olduğunu deyib. O bildirib ki, Azərbaycan xalqının hələ yüz il öncə mütərəqqi və qabaqcıl düşüncə nümayiş etdirərək müstəqil, demokratik və dünyəvi dövlət qurduğunu, bütün vətəndaşlarının, o cümlədən qadınların bərabər hüquqlarını təmin etdiyini vurğulayıb. Diplomat AXC-nin ilk günlərindən üzləşdiyi olduqca çətin maneələrə baxmayaraq qısa zaman ərzində dövlət quruculuğu, demokratik institutlarının yaradılması, beynəlxalq münasibətlərin qurulması, təhsil və digər sahələrdə gözəçarpan nailiyyətlər əldə etdiyini deyib.

1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanın AXC kimi Ermənistan təcavüzü, geosiyasi oyunlar və mürəkkəb sosial-iqtisadi vəziyyətlə üzləşdiyinə baxmayaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin ardıcıl, uzaqgörən və müdrik siyasəti nəticəsində yenidən qüdrətlənib çiçəkləndiyini vurğulayıb. Bildirib ki, bu gün müstəqil və demokratik Azərbaycan Prezident İlham Əliyevin uğurlu idarəçiliyi nəticəsində bütün sahələrdə inkişaf edir və dünyada öz yüksək layiqli yerini tutub. Ölkədə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində Azərbaycan Qlobal İqtisadi Forum tərəfindən dünyada 35 ən rəqabətli iqtisadiyyatlar sırasına daxil edildiyini diqqətə çatdırıb.

Azərbaycanın təşəbbüsü ilə qlobal miqyaslı iqtisadi layihələrin uğurla reallığa çevrildiyinə toxunan nümayəndəmiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətləri və Bakı-Tbilisi-Qars dəmir yolu və Cənub Qaz Dəhlizi layihəsi barədə danışıb, onların regionun enerji və nəqliyyat xəritəsini dəyişdirdiyini bildirib.

Azərbaycanda müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin yüz illərlə bir yerdə, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadığını qeyd edən diplomat dövlətimizin başçısının bu sahəyə ayırdığı xüsusi diqqət nəticəsində ölkəmizin multikulturalizm və mədəniyyətlərarası dialoqun dünya miqyaslı mərkəzlərindən birinə çevrildiyini deyib.

Azərbaycan ilə Meksika arasında münasibətlərə toxunan diplomat iki dövlətin daim dostluq və əməkdaşlıq ruhunda olduğunu, iki ölkənin səfirliklərinin müvafiq olaraq Bakı və Mexikoda fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, Azərbaycan və Meksika neft, qaz, ticarət, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq edirlər. O, Meksika istehsalçılarının ticarət missiyasının bu il Bakıya səfərini, hər iki ölkədə Azərbaycan və Meksikanın zəngin mədəniyyətlərinin təqdim edilməsi məqsədilə bir sıra tədbirlərin keçirildiyini qeyd edib, ölkələr arasında müqavilə-hüquq bazasının tədricən genişləndiyini bildirib.

Meksika Xarici Əlaqələr Katibliyi və xarici işlər naziri Luis Videqaray Kaso adından tədbirdə çıxış edən XƏK-in Avropa Baş idarəsinin rəis müavini Alexandro Masias Orteqa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əlaqədar təbriklərini çatdırıb.

Ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə davam etdiyini qeyd edən Meksika rəsmisi eyni zamanda ölkəmizin Mexikodakı səfirliyinin fəallığını qeyd edərək Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Meksikanın hazırkı Administrasiyasının məhz Azərbaycanın nəinki Qafqaz regionu, həm də Avropa və Asiyada böyük nüfuzunu nəzərə alaraq Bakıda səfirliyin açılması qərarını verdiyini xatırladıb.

Bundan sonra Meksika Deputatlar palatasının üzvü, Meksika-Azərbaycan Dostluq qrupunun sədri Alfredo Anaya Orozkonun ofis rəhbəri onun və bütün dostluq qrupu üzvü olan deputatların adından bəyanat səsləndirib.

Azərbaycan Respublikası Hökuməti və xalqına bu əlamətdar tarixlə bağlı səmimi təbriklərini ifadə edərək, Meksika-Azərbaycan Dostluq Qrupu üzvü olaraq ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi və inkişafı məqsədilə səylərini davam etdirəcəkləri qeyd olunub.

Azərbaycan Respublikasının bütün sahələrdə sürətli inkişafı, İslam dünyasında nümayiş etdirdiyi nümunə, həmçinin ölkəmizin zəngin tarix və mədəniyyəti, işsizliyin aşağı səviyyəsi və cinayətlərin sayının Şərqi Avropa və MDB regionu ölkələri ilə nisbətdə olduqca aşağı olduğunu meksikalılar tərəfindən təqdirlə müşahidə edildiyi bildirilib.

Bu il həmçinin Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 26-cı ildönümü olduğunu qeyd edərək bu zaman ərzində ölkələrimiz arasında iqtisadi-ticarət, təhsil, tələbə mübadiləsi, mədəniyyət və turizm sahələrində həm icra hakimiyyəti həm də qanunvericilik orqanları arasında əməkdaşlıq qeyd edilib.

Meksikada yaşayan azərbaycanlıların və Azərbaycan Respublikası Hökumətinin Meksikanın federal deputatları simasında dost və müttəfiqlərinin olması vurğulanıb, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bir daha təbrik və qardaş Azərbaycan xalqına sülh və rifah arzu edilib.

Bundan sonra meksikalılardan ibarət yerli “İpək Yolu” Rəqs Qrupu tərəfindən Azərbaycan milli rəqsləri çoxsaylı qonaqların diqqətinə təqdim edilib.

Tədbirdə həmçinin “Toluka Virtuozları” musiqi ansamblı ifasında məşhur Azərbaycan bəstəkarları, o cümlədən bu il anadan olmasının 100 illiyi qeyd olunan Qara Qarayev, Üzeyir Hacıbəyli, Fikrət Əmirov və başqalarının, habelə Meksika bəstəkarlarının klassik əsərləri səsləndirilib.

Qeyd edək ki, “Toluka Virtuozları” musiqi ansamblının azərbaycanlı üzvləri, Mexiko Milli Musiqi Konservatoriyasının professoru Spartak Babayev, Çingiz Məmmədov və Yuliya Perşina Meksikanın ən tanınmış simfonik orkestri olan Mexiko Ştatının orkestri üzvləridir.

Bundan sonra Meksikalı müğənni Elia Anel musiqisi Üzeyir Hacıbəylinin, sözlərinin isə Əhməd Cavadın olan “Çırpınırdı qara dəniz” mahnısını ifa edib.

Sonra qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub, ölkəmiz haqqında videomateriallar nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 562 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed