Şrift:
ABŞ-ın Azərbaycanla bağlı ikili siyasəti: həm tərif, həm tənqid
01.06.2018 [12:18] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Azərbaycan-ABŞ əlaqələrini pozmaq istəyən qüvvələr var”;

Elçin Mirzəbəyli: “Belə hesabatlar bizi təəccübləndirməməlidir”

11 apreldə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərindən sonra Ağ Evin sahibi Donald Tramp ölkə prezidenti İlham Əliyevi ən yüksək səviyyədə təbrik etdi. Günlər öncə Cümhuriyyətimizin yüz illik yubileyi ilə bağlı Tramp dövlət başçısına məktub göndərərək onu və xalqımızı təbrik etdi, dövlətlərarası əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılmasında maraqlı olduğunu göstərdi.

ABŞ-Azərbaycan əlaqələrində belə ümidverici halların baş verdiyi günlərdə Dövlət Departamentinin Demokratiya və İnsan Hüquqları Bürosu 2017-ci il üçün dünyada dini etiqad azadlığı haqqında illik hesabatını dərc etdi və həmin hesabatda ölkəmizlə bağlı sərt tənqidlər yer aldı. Azərbaycan hökumətinin dindarları kütləvi şəkildə həbs etdiyi, onların fəaliyyətinə maneçilik törətdiyi, məscidləri bağladığı qeyd olundu. Rəsmi Vaşinqtona yaxın “The Hİll” qəzetində isə Azərbaycanla bağlı olduqca sərt tənqidlərin olduğu məqalə dərc edilib. Məqalədə ölkəmizdə 140-dan çox siyasi məhbusun olduğu, müxalifəti boğmaq üçün kütləvi repressiyaların aparıldığı, xalqımızın azad cəmiyyətdə yaşamadığı, azad məhkəmələrin olmadığı, parlamentdə real müxalifətdən bir deputatın olmaması və digər bunun kimi sərt tənqidlər səsləndirilib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev dünya güclərinin daim strateji mövqedə yerləşən dövlətləri bu cür yollarla öz orbitlərində saxlamaq istədiklərini qeyd etdi: “Yaxşı münasibətlər saxlamaqla yanaşı, kəm-kəsir axtarıb onu böyütmək niyyətləri də hər zaman olub. Bu, siyasi adət halını alıb. Ümumilikdə götürdükdə Azərbaycan-ABŞ əlaqələri mühüm əhəmiyyət daşıyır. Hazırda Rusiya və ABŞ arasında, eləcə də digər dünya gücləri arasında mübarizə gedir. Hətta bu mübarizə elə bir əhəmiyyətli həddə çatıb ki, Ermənistan üzərinə belə gəlib çıxıb. Niyyətləri həyata keçirmək üçün qoğal və kötək siyasətindən istifadə edilir. Son hesabat və məqaləni Amerikanın institutlaşmış siyasətinə bağlamaq olmaz. Düşünürəm ki, Azərbaycan-ABŞ əlaqələrini pozmaq istəyən qüvvələr var. Ölkəmizə dost olmayan dövlətlər də bu qüvvələrlə işbirliyindədirlər. Azərbaycana təzyiq etmək üçün əllərindən gələni edirlər. Biz çalışmalıyıq ki, hər iki dövlətin strateji maraqlarından doğan əməkdaşlığı qoruyub saxlayaq. Dövlətlərarası münasibətləri heç bir halda pisləşdirmək olmaz. Müsəlmanların həbsxanalarda necə saxlandığını sanki bizə təzyiq etmək istəyən qüvvələr unudublar. Birdən-birə İslam təəssübkeşi olublar. Hamı bilir ki, Azərbaycanda dini baxışlara görə kimsə təqib olunmur. Bir daha deyirəm ki, bu hesabatı və məqaləni Amerikanın mövqeyi kimi deyil, oradakı bir qrupun mövqeyi kimi qəbul edib, iki dövlət arasındakı əlaqələrin ən yüksək səviyyəyə çatdırılmasının tərəfdarıyam”.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirdi ki, Donald Trampın son bir neçə ay ərzində 3 dəfə Azərbaycan prezidentinə məktubu Vaşinqtonun Azərbaycanla bağlı siyasətində müsbət irəliləyişlərin baş verdiyini, qarşılıqlı əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu nümayiş etdirir: “Tramp dövlət başçısına ünvanladığı sonuncu məktubda bildirir ki, ”Enerji layihələrinizin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatları davam etdirməyinizi dəstəkləyirəm. Bizim böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə birgə işləmək əzmindəyəm". Təfərrüatına varmaq istəmirəm, amma bütün bunlar təhlil etmək bacarığı olanlar üçün çox ciddi mesajlardır. Dövlət Departamentinin dini azadlıqlarla bağlı hesabatına gəldikdə isə sənədin kifayət qədər ziddiyyətli olduğu göz qabağındadır. Məsələn, hesabatda bildirilir ki, hökumət dini dözümlülüyü və dini ekstremizmə qarşı mübarizəni təşviq etmək üçün bütün ölkədə təlim məşğələlərinə sponsorluq edib: “Yerli dini ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri ənənəvi dini qruplar, o cümlədən yəhudilər, rus pravoslav və katoliklər üçün sosial tolerantlıq olduğunu bildiriblər, amma çox vaxt qeyri-ənənəvi qruplara şübhəli qruplar kimi baxılıb”. Bu, ABŞ-ın ənənəvi yanaşmasıdır. Sağlam məntiqlə bu yanaşmanı anlamaq mümkün deyil. Lakin Birləşmiş Ştatların radikal dini qruplarla iş təcrübəsini, terrorizm və ekstrimizmə münasibətdə öz maraqlarından çıxış edərək mövqe sərgiləməsini nəzərə alsaq, belə hesabatlar bizi təəccübləndirməməlidir. Önəmli olan bizim öz dövlət maraqlarımıza nəyin uyğun gəlib-gəlmədiyini müəyyənləşdirmək və qətiyyətli qərarlar qəbul etmək bacarığımızdır. Sirr deyil ki, qeyri-ənənəvi və radikal dini qruplar çox vaxt ayrı-ayrı qlobal və regional güc mərkəzlərinin xeyir-duası ilə yaradılır və onların sifarişlərini icra edirlər. Diaspor və lobbiçilik fəaliyyətinin, daxili siyasi təzyiq mexanizmlərinin olmadığı, yaxud az olduğu ölkələrdə adətən geosiyasi təzyiq mexanizmləri kimi belə qrupların fəaliyyətindən istifadə olunur. Bu baxımdan, Dövlət Departamentinin hesabatında yer alan absurd tənqidi fikirləri ABŞ-ın maraqları baxımından dəyərləndirmək və radikalizmə, ekstremizmə qarşı önləyici tədbirləri genişləndirmək lazımdır. “The Hİll” qəzetində dərc olunan məqaləyə gəldikdə isə yazı siyasi nüfuz müvəkkillərinin sıradan çıxarılması faktından doğan və olduqca qəzəbli yanaşmanı əks etdirir. Qəzet Kolumbiya ştatında və təxminən 24 min tirajla dərc olunur. Yəni “The Hİll” qəzetini böyütmək və Ağ Evin ruporu kimi qələmə vermək olduqca doğru yanaşma deyil".

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 1294 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed