Şrift:
Tütün ürəyi məhv edir
02.06.2018 [10:18] - Sağlıq
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “31 May 2018-ci il: Dünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda kütləvi informasiya vasitələrinin iştirakı ilə “dəyirmi masa” keçirilir.

Tədbirin əsas məqsədi bu günün tarixi və bu ilki mövzusu olan “Tütün ürəyi məhv edir” devizinin açıqlaması, tütünlə mübarizə ilə bağlı dövlət səviyyəsində görülmüş işlərin müzakirəsi, bütün ictimaiyyətin diqqətinin tütünün yaratdığı acınacaqlı vəziyyətə yönəltməkdir.

Tədbiri İSİM-in direktor müavini Rahib Məmmədov açaraq tütünlə mübarizə sahəsində əldə olunmuş nailiyyətlərdən danışıb. Bildirilib ki, “Dünya Tütünsüz Günü”nün 30 illik yubileyi ərəfəsində qəbul olunmuş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun dövlətimizin əhalinin sağlamlığının qorunması naminə atdığı çox mühüm addımdır. Bu qanunun tətbiqinin nəticələri artıq gündəlik həyatımızda özünü büruzə verməkdədir.

İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev “Azərbaycanda tütünlə mübarizə qanunvericiliyin gücləndirilməsi” layihəsi çərçivəsində hələ 2016-cı ildə yaradılmış Texniki Məsləhətçi Qrupun (TMQ) qanunvericiliyin təkmilləşdirilməsi üçün verdiyi təklifləri, tütünlə mübarizənin gücləndirilməsinə dəstək üçün təşkil olunan kampaniyalar, “dəyirmi masa”lar, media dəstəyi və digər fəaliyyətləri haqqında danışıb. O, TMQ-nin bu istiqamətdə fəaliyyətini mövcud qanunvericilik bazasının gücləndirilməsinə yönəlmiş mühüm və uğurlu addım olaraq qiymətləndirib.

Sonra çıxış edən İSİM-in həkim metodisti Lətafət Dadaşova ölkəmizdə tütündən istifadə ilə bağlı statistikanı açıqlayaraq, Dünya Səhiyyə Təşkilatına əsasən tütün tüstüsünün dünyada 8 əsas aparıcı xəstəliyin 6-nın inkişafına görə cavabdeh və risk faktoru olduğunu bildirib. O, ön sırada ürək qan-damar xəstəlikləri, ürəyin infarktı, insult, müxtəlif orqanların, xüsusilə də ağciyərlərin onkoloji xəstəlikləri, eləcə də ağciyərlərin xroniki obstruktiv xəstəliklərinin olduğunu qeyd etdi.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə tütündən imtina ilə bağlı maarifləndirici tədbirlərin, mühazirələrin böyük əhəmiyyət daşıdığını, xüsusən gənc nəsli bu zərərli epidemiyadan qorumaq üçün hamılıqla mübarizənin vacibliyini vurğulayıb: “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn tapşırıqların icrasına dair Səhiyyə Nazirliyinin 2018-ci il üçün Tədbirlər Planı”na əsasən tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi istiqamətində İSİM davamlı olaraq məqsədyönlü görüşlər, tədbirlər keçirmişdir və bundan sonra da bu istiqamətdə işləri davam etdirəcəkdir”.

İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Məmmədova tütünlə mübarizədə maarifləndirmə üsullarından danışaraq tədbir iştirakçılarına dünya təcrübəsindən nümunələr gətirib və tütün sənayesinin bu istiqamətdə apardığı marketinq siyasəti barədə geniş təqdimatla çıxış edib.

Tədbirdə həmçinin KİV nümayəndələrinə tütündən istifadənin fəsadları, mövcud vəziyyət, əldə olunan nailiyyətlər sahəsində İSİM tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed