Şrift:
Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu haqda yeni kitab
02.06.2018 [10:25] - Gündəm, Kitab evi
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilən kitabların sırasına daha bir sanballı əsər daxil olub. "Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)" adlı kitab bu günlərdə "TEAS Press" Nəşriyyat Evi tərəfindən çapdan buraxılıb.

"Məşhurların həyatı" seriyasından çapa hazırlanan əsərdə türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışılır. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olan Əhməd bəy Ağaoğlu XX əsrin əvvəllərində Azərbaycan türklərinin milli oyanışında müstəsna xidmətlər göstərib.

Kitabın müəllifi Cümhuriyyət tarixinin araşdırıcısı, tarix elmləri doktoru Aydın Balayevdir. Müəllif qeyri-adi istedada malik bu şəxsiyyət barədəki bioqrafik məlumatların sadəcə sadalanması ilə kifayətlənməyərək, həmçinin geniş sənədli materiallara əsaslanaraq Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının təkamülünü konkret zaman və məkan kontekstində izləməyə çalışıb. Əsəri oxuyarkən oxucunun qarşısında ecazkar istedada malik olan,

xəyalpərəst, eyni zamanda üsyankar, əyilməz mübariz və mütəfəkkir bir şəxsiyyətin obrazı canlanır.

Tarix elmləri doktoru Aydın Balayev Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, Azərbaycan xalqının milli məfkurəsinin formalaşması məsələləri ilə bağlı bir neçə monoqrafiyanın müəllifidir. Onun bu mövzuya həsr olunan əsərləri Almaniya, ABŞ və Rusiyada işıq üzü görüb. Türkiyədə nəfis şəkildə çap edilən "Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)" kitabı rus dilindədir. Kitab tarixçilər, etnoloqlar, politoloqlar, eləcə də milli tariximizlə maraqlananlar üçün nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 101 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed