Şrift:
Bakıda BMX üzrə dünya çempionatının açılış mərasimi olub
05.06.2018 [10:35] - İdman
İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının açılış mərasimi olub.

Tədbirdə yarışın Təşkilat Komitəsinin sədri, Baş nazirinin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun rəhbəri Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak ediblər.

Dünya çempionatının iştirakçılarını salamlayan Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycanın nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsindən söz açıb: “Böyük yarışların təşkilatçılığının Azərbaycana həvalə olunması ölkəmizin günü-gündən çiçəklənməsi, inkişafının bariz nümunəsidir. “Bakı-2015” ilk Avropa Oyunları, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlar Azərbaycanda yüksək səviyyədə təşkil edilib. İdmanın bütün növlərinə qayğı ilə yanaşan Azərbaycan Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi turnirin yüksək səviyyədə keçirilməsini təmin edəcək. Yarış meydançası bütün tələblərə cavab verir. İdmançılara uğurlar və qələbə sevinci arzulayıram. Yarışı açıq elan edirəm!”

Daha sonra Azərtbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki,iyunun 9-dək davam edəcək mötəbər yarışda planetin 43 ölkəsinin 1500-dən artıq idmançısı mübarizə aparacaq.

Proqrama əsasən, açılış mərasimindən sonra “Challenge” kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin mübarizəsinə start verilib.

Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.
Bu xəbər oxucular tərəfindən 437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed