Şrift:
“Elektron Hökumət” portalı vasitəsilə ən çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub
08.06.2018 [10:36] - Xəbərlər, Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə ötən ay 820,3 mindən artıq müraciət qeydə alınıb və nazirlik həmin göstərici ilə “Elektron Hökumət” portalında elektron xidmətlərinə ən çox müraciət edilən qurum olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, may ayında portal vasitəsilə edilən müraciətlərin ümumilikdə 43 faizini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə aid müraciətlər təşkil edib.

Son bir ayda “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (366,3 min müraciət), “İş yerinə dair arayış” (59,5 min müraciət), “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” (46,5 min müraciət), “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (39,5 min müraciət), “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” ( 29,1 min müraciət), “Pensiya kalkulyatoru” (27,6 min müraciət) və s. kimi elektron xidmətlər daha çox maraq dairəsində olub.

Bundan başqa “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaolunanlara məlumatların verilməsi” və digər elektron xidmətlərdən istifadə olunub.

Hazırda nazirlik tərəfindən əhaliyə 28 adda elektron xidmət göstərilir. Həmin elektron xidmətlər nazirliyin fəaliyyət sahələri üzrə dövlət xidmətlərinin şəffaf şəkildə təqdim edilməsinə və daha əlçatan olmasına, bu sahələrdə məmur-vətəndaş təmasının minimal səviyyəyə enməsinə imkan verib.
Bu xəbər oxucular tərəfindən 633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed