Şrift:
Xoy üçyolunda tutulan İbrahim Rəşidi və Meysəm Azadi bir neçə saat saxlandıqdan sonra müvəqqəti azadlığa buraxılıb
08.06.2018 [11:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycan Milli Hərəkatı fəallarından olan İbrahim Rəşidi və Meysəm Azadi iyunun 7-də İranın təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, onlar bir neçə saat sorğu-suala tutulduqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

Fəallar Xoy-Təbriz yolunda İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, fəaların şəxsiyyət vəsiqəsi götürülüb, onlar bazar günü Urmiyə Ettelaat İdarəsinin Xəbər Mərkəzinə müraciət etməlidir.

Qanunsuz tutuqlama ilə bağlı İbrahim Rəşidi məlumat paylaşıb.
“Təbrizə gedərkən saat 16:30-da Xoy şəhərinin üçyolunda İslam İnqilabı Keşikçilər Korpusunun Təhlükəsizlik Bölümünün əməkdaşları tərəfindən yaxalandım. Mənim tutulduğumu uzaqdan görən Meysəm Azadi də hadisə yerinə gəldi, təhlükəsizlik qüvvələri onu da yaxaladılar.

Mən Meysəmə “sən nə üçün bura gəldin?” deyincə bizi yaxalayan “Sepah” əməkdaşı eyhamla dedi ki, “millətçi, millətçini satmaz.” Onlar bizim tutulmağımızla bağlı raport hazırlayır və bu barədə mərkəzlə əlaqə saxlayırdılar.

Raport hazırlayan məmur mənə bir neçə sual verdikdən sonra haradan gəldimi soruşdu. Mən isə səfər və gəzməkdən gəlirəm deyə cavab verdim. O sonra daha sərt tonda dedi ki, dəqiq cavab versən yaxşı olardı. Mən cavabında dedim: “Sullarınız artıq mühakimə xarakteri daşıyır. Təbii ki, mən ittihamım elan olunduqdan sonra məhkəmədə bu suallara cavab verəcəm. Bu barədə artıq məndən heç nə eşitməyəcəksiniz.”

Meysəm isə verilən sualları ümumiyyətlə cavablandırmadı, hətta mobil telefonunu da onlara verməkdən imtina etdi. Onlar bu arada mərkəzlə davamlı olaraq əlaqə saxlayırdılar. Sonra hər ikimizin şəxsiyyət vəsiqəsi və mənim telefon və yaddaş dəftərçələrim götürüldü. Qolumuzdakı qandalları açdıqdan sonra bazar günü saat 11:00-da Urmiyə Ettelaat İdarəsinin Xəbər Mərkəzinə müraciət etməyimizi istədilər.

Meysəmin nizam-mühəndisidə üzvlük kartı və mənim üzərimdəki “Şəngülüm məngülüm, taxta gülüm” və “Şair və Patron” kitabları onların gözündə suç sayılan önəmli sənədlər kimi görünürdü.”- deyə İ.Rəşidi qeyd edib.
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed