Şrift:
Şamaxıda Seyid Əzim Şirvaninin Ev-Muzeyi açılır?
08.06.2018 [12:51] - Gündəm, DAVAMın yazıları
Bu sual məni çoxdan düşündürür.Hər dəfə Şamaxıya yolum düşəndə və yaxud Şamaxıdan o tərəflərə səfər edəndə maşını saxlatdırıb,mütləq S.Ə.Şirvaninin qəbrini ziyarət edirəm.Bu da təbiidir.

Mən söz içində söz deməyi,deyiləsi sözü düz deməyin dürlü-dürlü yollarını həyatda 5-6 adamdan öyrənmişəm.Onlardan biri də S.Ə.Şirvanidir.

S.Ə.Şirvani Azərvaycanın ilk ali dini təhsilli ziyalılarındandır.Hərçənd ki,bəzən onun diplomunu görmədiyimə görə bu fikrə şübhə edirəm.Lakin fakt budur ki,S,Ə.Şirvani Məhəmmədzadənin ədəbi,elmi və dünyəvi yaradıcılığı bu şübhələri rədd etməkdədir.

S.Ə.Şirvani üç dildə şeir yazıb.Bu,o deməkdir ki,S.Ə.Şirvani üç dildə fikirləşə bilib.Bu,o deməkdir ki,S.Ə.Şirvani dünya poeziya antologiyasına ən azı üç xalqın bədii düşüncə tərzinin təmsilçisi kimi daxil ola bilər.

O dünya ədəbiyyatında türk dünyasının ən mötəbər söz ustalarından biridir.

S.Ə.Şirvani müəllimdir.O,həyat müəllimidir.Üzünü oğluna tutub verdiyi nəsihətlər onun fəlsəfi dünyasının açarıdır.Təəssüf ki,biz hələ də şairin bu zəngin fəlsəfi dünyasını aça bilmirik.
S.Ə.Şirvani iş gününü birtəhər,elə-belə keçirən pedaqoqlardan olmayıb.Həm MƏCLİS MƏKTƏBİNDƏ, həm də şəhərdəki rus dilli qəza məktəbində dərs deyib.Dediyi dərsləri tarixin sübutu kimi bir neşə dərslik şəklində yazıb.Lakin bu dərslikləri sağlığında çap etdirə bilməyib.Bəli,bu,bədbəxtlikdir ki,yazırsan ,amma yazdıqlarını hamıya oxuda bilmirsən.

S.Ə.Şirvani klasssik ədəbiyyatımızın,demək olar ki,bütün nəzm ölçülərindən, forma və janrlarından istifadə edib.Yazıb,yaradıb.Bu nümunələr digər şairlərə birbaşa yönələn öyrədici matteriallardır.Bu yazılar S.Ə.Şirvaninin şeir şablonlarıdır,ölçüləridir.

S.Ə.Şirvani Avropanı tanıyan,onu Azərbaycanı və bütün türk dünyasını tanımağa məcbur edən 4-5 şairimizdən biridir.

Mənə belə gəlir ki,bu bacarığı Seyid Əzimə əxz edən Şərq məktəbidir.Nizami də, M.Füzuli də, Güvahi də S.Ə.Şirvaninin hər gün vərəqlədiyi şairlərdən olmuşdur. Ələkbəri- Mirzə Ələkbər Sabir zirvəsinə çatdıran, S.M.Qənizadəni,M.Mahmudbəyovu dahi müəllimlik ucalığına yönəldən də S.Ə.Şirvani olmuşdur.

S.Ə.Şirvani şəhərdə yaşayan "ƏKİNÇİ"lərdən biri idi.

S.Ə.Şirvani Əkinçi (1875-1877) qəzetinin ən fəal müxbirlərindən biridir.Onun bu ilk milli mətbuat məktəbinə göndərdiyi müxbir məktubları da,milli maarifçilik ruhunda olan şeirləri də yüksək vətəndaşlıq mövqeyindən yazılan milli təfəkkür nümunələri idi.
S.Ə.Şirvani Bakı Bəy Komissiyasının üzvü olmasa da,burada baxılan və çox vaxt da rüşvətlə həll olunan məsələləri "Ziya" qəzetində işıqlandıra bilirdi.

S.Ə.Şirvani hər adamla dostluq etmirdi.Onun ən yaxın dostlari Zaqafqaziya şeyxülislamı Axund Əhməd bəy Hüseynzadə, Zaqafqaziya Əhli-Təsənni İdarəsini sədri,müfti Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə, "Əkinçi"nin redaktoru elmi yaradıcılığına görə rusdilli ziyalı H.Məlikzadə, "Ziya" və "Ziyayi - Qafqasiyyə" qəzetlərinin sahibi-imtiyazı Səid Əfəndi Ünsizadə kimi maarifçi din xadimləri və söz ustaları idi.

S.Ə.Şirvani Şirvanın tarixini müxtəlif formalarda yazan söz ustası idi.O,alim idi.Onun alimliyini heç bir ATTESTASİYA KOMİSSİYASI təsdiq etməyib.Əslində buna ehtiyac da yoxdur.S.Ə.Şirvaninin hər bir kiçik həcmli əsərini belə incələləyib,burada elm üçün gərəkli olan o qədər elmi əsər yazmaq olar ki...

Şairin ilk baxışda MÜNTƏXƏBAT təəssüratı yaradan bir toplusu-ƏSƏRLƏRİnin III cildi -TƏZKİRƏsi (1885) bütöv bir elmi-tədqiqat institutunun iki-üç illik fəaliyyət göstəricisi kimi qəbul edilə biər.Bir nəfərin bu qədər geniş tədqiqatçılıq fəaliyyəti,təəssüf ki,hələ də filologiyamızda oz monumental elmi dəyərini tapmayıb.

Son illərdə S.Ə.Şirvaninin dini görüşlərinin də ön plana çəkilməsi diqqətdan yayınmamalıdır.

S.Ə.Şirvani 1879-cu ildə Zaqafqaziya Müəllimlər Seminariyasının müsəlman şöbəsində tələbələrə şəriət və Azərbaycan dili müəllimi kimi müsabiqəyə dəvət edilmişdir.Lakin iki nəfərin iştirak etdiyi bu müsabiqədə sonralar-1895-ci ildə-Zaqafqaziya şeyxülislamı olan Əbdüssəlam Axundzadə qalib gəlmişdir.

Bu faktın özü dövlət tərəfindən S.Ə.Şirvaniyə,onun dini baxışlarına doğru yanaşmanın göstəricisidir. Təsadüfi deyil ki,S.Ə.Şirvaninin müəllimliyinə verilən gümüş medalın təşəbbüskarlarından bi də məhz Zaqafqaziya Ruhani İdarəsi olmuş,onun namizədliyi yüksək rütbəli dini başçılar tərəfindən təsdiqlənmişdir.

S.Ə.Şirvani anadilli dərslik tariximizdə adı hörrmətlə çəkilən ziyalılarımızdandır.Ümummilli liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci ildə imzaladığı rəsmi sənəddə - "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında"Azərbaycan Respublikası Prezidentinin FƏRMANINDA S.Ə.Şirvaninin adı Azərbaycan dilinə aid ilk dərsliklərin yazılmasında böyük xidmətləri olan Mirzə Kazım bəy,Mirzə Şəfi Vazeh,Aleksey Çernyayevski,Mirzə Əbülhəsən bəy Vəzirov, Səid Ünsizadə,Rəşid bəy Əfəndiyev,Sultan Məcid Qənizadə,Məhəmmədtağı Sidqi, Nərimam Nərimanov,Üzeyir Hacıbəyov,Abdulla Şaiq və başqaları ilə bir cərgədə çəkilmişdir.

***

Çox təəssüf ki,belə zəngin mənəvi dünyası olan S.Ə.Şirvaninin hələ də Şamaxıda Ev-Muzeyi yoxdur. Mən bu fikirlərimi dəfələrlə oxucularla bölüşmüşəm.İlk təsirli cababı hörmətli söz ustası,S.Ə.Şirvani ədəbi-bədii,elmi və pedaqoji irsinin təəssübkeşlərindən birindən şair Zahid Sarıtorpaqdan aldım.



Şamaxıda evsiz, eşiksiz qalan şair S.Ə.Şirvani

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllmi,

Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi, türkoloq.

Bakı.

07.06.2018.
Bu xəbər oxucular tərəfindən 716 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed