Şrift:
Səmərqənd şəhərində “Azərbaycan mədəniyyəti həftəsi” keçiriləcək
09.06.2018 [10:59] - Türk dünyası-Turan
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd Vilayəti üzrə Azərbaycan Cəmiyyətinin və şəhər hakimiyyətinin dəstəyi ilə Səmərqənddə iyunun 9-dan 11-dək “Azərbaycan mədəniyyəti həftəsi” keçiriləcək. Tədbirlərdə Səmərqənd Vilayət Hakimiyyətinin nümayəndələri, şəhərin elm, mədəniyyət, təhsil işçiləri, ali məktəblərin müəllim və tələbələri, yerli azərbaycanlılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak edəcəklər.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 15 iyun – Milli Qurtuluş Gününə həsr edilən tədbirlər çərçivəsində Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı olacaq, şəhərin mərkəzində yerləşən Həmid Alimcan adına Səmərqənd Vilayət Musiqili Dram Teatrının qarşısında “Cümhuriyyətin 100 illik yubileyi mübarək, Azərbaycan!” adlı tədbir və konsert keçiriləcək. Konsertdə Özbəkistanın tanınmış musiqiçiləri, habelə azərbaycanlı saz ustaları, rəqs kollektivləri çıxış edəcəklər.

Tədbirlərdə Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlər kolleksiyasına aid Qarabağ geyimləri nümayiş etdiriləcək. Azərbaycanın Qarabağ bölgəsinə aid bəylərin, habelə xanımların mərasim geyimləri ilk dəfə təqdim olunacaq. Mədəniyyət həftəsində “Şərqin ilk parlayan ulduzu – Azərbaycan Xalq Cümhuriyyəti” adlı foto və kitab sərgisi keçiriləcək, habelə adət-ənənələrimizi özündə əks etdirən stend qurulacaq, Azərbaycan suvenirləri, xalçaları, kəlağayıları sərgilənəcək.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Özbəkistanda yerli dildə çap olunmuş 50 adda kitab Səmərqənd kitabxanalarına hədiyyə ediləcək.
Bu xəbər oxucular tərəfindən 484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed