Şrift:
AVROPANIN GÖRÜNMƏYƏN ÜZÜ – Övladlarınızı Avropada böyütməyin – DƏHŞƏTLİ FAKTLAR
11.06.2018 [10:49] - Xəbərlər, DAVAMın yazıları
Nuran Gündüzoğlu
tədqiqatçı


XX əsrdə bütün dünyada mənəvi dəyərlərin sürətlə dəyişməsi, yəni mühafizəkar əxlaqi dəyərlərin aşınması, adət-ənənələrin unudulması, əvəzində isə materialist və liberalist düşüncəyə söykənən yeni dəyərlərin yaradılması göz önündədir. Bu proses elmdə, təhsildə, məişətdə, mədəniyyətdə, digər bütün sahələrdə özünü göstərir. Avropadan gələn bu axın az-çox bizə də təsir edir. Ənənəvi dəyərləri dağıdıb, yeni dəyərlər yaradan Avropanın bu dəyərlərindən bəziləri ilə tanış olaq.


Bəzi Avropa ölkələrində uşaqların valideynlərindən zorla alınaraq dövlətə verilməsi halları sürətlə artır. “Uşaqların hüquqlarının müdafiəsi” adı altında fəaliyyət göstərən qəyyumluq orqanlarının əsas hədəfində miqrantların, xaricilərlə ailə quran avropalıların, yoxsul, aşağı təhsilli ailələrin uşaqları dayanır. Norveçin 2009-cu ildəki hesabatına əsasən Əfqanıstan, Eritreya, İraq və Rusiya miqrantları uşaqlarının əllərindən alınmasına görə ilk sıralardadır. Uşaqların hüquqlarını qorumağı öhdəsinə götürən orqanların kağız üzərində əsas vəzifəsi həqiqətən də laqeyd valideynləri olan, mənəvi, fiziki zorakılıq görən uşaqları xilas etməkdir. Ancaq realda gördükləri işlər bu orqanların əslində nə üçün yaradıldığını göstərir. Zorla ailəsindən alınıb dövlətin himayəsinə verilən uşaqların çoxu normal ailələrdə böyüyən körpə və yeniyetmələrdir. 2012-ci ildə bir qrup hüquqşünas və psixoloq “İsveçdə və qonşu ölkələrdə uşaqların ailələrindən alınması halları ilə bağlı məruzə” ilə Avropa Şurasının Nazirlər Kabinetinə və Avropa Parlamentinə müraciət ediblər. Bu məruzədən məlum olub ki, Avropadakı bu ənənənin bir əsrə yaxın tarixi var. Hələ XX əsrin ortalarında Skandinaviya ölkələrində uşaqların ailələrindən alınması faktlarının mətbuata ötürülməsi qalmaqala səbəb olmuşdu. Təkcə İsveçdə 1920-ci ildən bu günə kimi 300.000-dən atıq uşaq zorla ailəsindən qoparılıb. Eyni vəziyyət Britaniya, Almaniya, Fransa kimi ölkələrdə də davam edir. Məsələnin səbəbini araşdıran tədqiqatçılar və uşaqlarını geri qaytarmaq üçün mübarizə aparan valideynlər qəyyumluq orqanlarının, məhkəmələrin, polisin, həkimin, psixoloqun əlbir fəaliyyətindən yaranan böyük bir sistemlə üzləşirlər. Hakimiyyət orqanları da bu məsələnin gizli saxlanılmasına çalışır. Uşaqların ailələrindən alınması gəlirli biznesə çevrilib. Uşaqları qorumaq adı ilə hüquqlarını pozan, korrupsiya ilə məşğul olan bu biznesin fəaliyyətinə ironiya olaraq “uşaqların oğurlanması və qəyyumluğa verilməsi sənayesi” deyilir. Bu biznesdən gələn gəlir uşaqları övladlığa götürənlərə, valideynlərindən alınması üçün saxta diaqnozlar qoyan psixoloqlara və qəyyumluq xidmətinin işçilərinə gedir. Britaniya sosial xidmət qurumları il ərzində bu işdən yüz minlərlə funtsterlinq qazanır. Belə uşaqları övladlığa götürən şəxslərə dövlət tərəfindən yüksək maddi yardım edilir. Uşaqların ailələrindən alınmasında “zəhməti” olan hakimlər, vəkillər, polislər, psixoloqlar korrupsiya şəklində gəlir qazanırlar.

Uşaqları valideynlərindən almaq üçün ən çox işlədilən bəhanələrə baxaq.

Bunlardan biri mənəvi zorakılıqdır. Mühafizə qurumları bu ittihamdan gen-bol sui-istifadə edirlər. Başqa bir bəhanə valideynlərdən birinin psixi sağlamlığının normal olmaması iddiasıdır. Həkimlər və psixoloqlar rüşvət qarşılığında normal insanlara bu cür diaqnozlar qoyurlar. Bəhanələrin arasında ən maraqlısı valideynlərə “uşağı gələcəkdə zorakılığa məruz qoyma ehtimalı” diaqnozu təyin etmələridir. Hansısa bir ailəni hədəf olaraq seçiblərsə, mənzilin kiçik olmasını, uşağın dişində çürüyün tapılmasını, anasının uşağın üzündən öpməsi fotoşəkillərini (düzgün tərbiyə olmadığını iddia edirlər), uşağın dərs oxumağa məcbur edilməsini qlobal problemə çevirib valideynə qarşı işlədirlər. Uşaqların hüquqlarını qorumaqdan danışan bu orqanlar uşağın fikri ilə maraqlanmadan onu ailəsindən qoparıb, özlərinin seçdikləri ailəyə verirlər. Uşaqları övladlığa verdikləri müştərilərin bəziləri pedafil, homoseksual ailə olur. Uşaqları “qəddar” valideynlərindən alan bu qurumları belə faktlar narahat etmir.

Britaniyada hər il uşaqları “müdafiə” qurumları tərəfindən uşağın ailəsindən qoparılması üçün məhkəmələrə 10.000-dən artıq müraciət olur. Avropa ölkələrinin çoxunda bu məsələyə gizli məhkəmələrdə baxılır. Valideynin hüquqlarını qorumaq üçün dövlət tərəfindən vəkil verilmir, özünün də vəkil tutması qadağan edilir. Valideynə bu gizli məhkəmə barədə heç yerə şikayət etməyə, qohumlarına belə xəbər verməyə icazə verilmir. Qadağanı pozan valideyni həbs cəzası gözləyir. Hökumətin, bütün bu sistemin qarşısında tam silahsız, müdafiəsiz qalan valideyn, formal olaraq keçirilən məhkəmədə iştirak edir və uşağının həmişəlik əlindən alınmasına sadəcə tamaşa etmək məcburiyyətində qalır.

Qərb ölkələrində bəzi valideynlər mənəvi və fiziki təhlükəsizlikdə məktəbə etibar etmədikləri üçün evdə təhsilə üstünlük verirlər. Valideynləri məktəblərlə bağlı bu problemlər narahat edir: keyfiyyətsiz təhsil verən dövlət və bahalı şəxsi məktəblər, keçirilən cinsi tərbiyə dərslərinin ailənin mənəvi və dini dəyərlərinə zidd olması, məktəbdə uşaqların əxlaqsızlığa, narkomaniyaya yoluxma ehtimalının çoxluğu və mənəvi, fiziki, cinsi zorakılıq təhlükəsinin yüksək olması. Evdə təhsil əksər ölkələrdə normal qarşılanır. Almaniyada, İsveçdə uşaqların beynini məktəblərdə zəhərləmək şansını əldən vermək istəməyən dövlət, uşaqlarını qorumaq üçün evdə təhsil verən valideynləri onlardan birdəfəlik məhrum edir. Heç bir uşağın məktəblərdə təbliğ olunan nasizm (yəhudilərə qarşı mübarizə) ideologiyasından kənarda qalmaması, fərqli beyin daşımaması üçün evdə təhsil Almaniyada 1938-ci ildə Adolf Hitler tərəfindən qadağan olunmuşdu. II Dünya müharibəsindən sonra bu qadağaya fikir verilməsə də, 2000-ci ildən dövlət yenidən cəmiyyətin gələcəyi olan uşaqlara ciddi nəzarətə başladı. Evdə təhsil alan uşaqlara “sosial fobiya” diaqnozu qoyub psixiatriya xəstəxanalarına salırlar. Hökumət belə sərt addımlarla həmin uşaqların cəmiyyətdə formalaşdırdıqları ümumi sosial dəyərlərdən uzaq qalıb valideynlərinin öz dəyərləri ilə böyümələrinin qarşısını almağa çalışır. Hökumətin cəmiyyəti özünə lazım olan şəkildə formalaşdırma cəhdlərinə qarşı olan bəzi valideynlər uşaqlarını itirməmək üçün başqa ölkələrə qaçırlar.

Ailələrindən uzaqlaşdırılan uşaqlarda gələcəkdə ağır depressiya, psixoz və s. psixi pozuntuların yaranması, öz ailəsində böyüyən uşaqlardan 2-3 dəfə çox olur.

Ailələrindən zorla alınmalarının zərbəsindən əlavə himayəsində olduqları yeni ailə tərəfindən zorakılığa məruz qalırlar. Norveçdə dövlət qəyyumluğunda böyümüş minlərlə insan yaşadıqları əzablara görə dövlətdən təzminat tələb ediblər.

Təzminatların ödənilməsi əlbəttə ki, həyatlarının məhv olmuş hissəsini qaytarmır və psixoloji zədələrin gələcək həyatlarına təsirinin qarşısı almır. Avropa ölkələrində biznesə çevrilmiş uşaq ovu uşağın valideyn himayəsində yaşamaq hüququnu, şəxslərin valideynlik hüququnu, söz azadlığını tapdalayır. Bütün bunlar Avropanın qəbul etdiyi insanpərvər, demokratik qanunların sadəcə formal olduğunu göstərir.

Avropanın maraqlı fəaliyyəti bununla bitmir. Uşaqları cins baxımından bərabər böyütməyə çalışırlar. Bərabərlik deyəndə qulağa xoş gəlir, ancaq bu bizim bildiyimiz bərabərlik deyil. Avropanın bəzi dövlətlərində uşaqlara qız-oğlan ayrımı etməyən bağçalar açılıb. Bu bağçaların tərbiyəçiləri xüsusi hazırlanır və onlar uşaqlarla ünsiyyət vaxtı cins fərqi göstərən sözlərdən istifadə etmirlər. Oğlan uşaqlarına kosmetikadan istifadə etməyi, qızlara adətən oğlanların oynadığı oyun növlərini öyrədirlər. Oğlanların geyimlərində çəhrayı rəngə üstünlük verirlər, bəzən qız paltarı geyindirirlər, qızlara isə əksinə. Bu tərbiyə üsuluna belə haqq qazandırmağa çalışırlar ki, guya cins ayrımı təbiətin yox, cəmiyyətin süni yolla yaratdığı bir şeydir və onların məqsədi uşaqlara qız, yaxud oğlan olacaqlarına özlərinin qərar verməsinə şərait yaratmaqdır. Qadının və kişinin bioloji, fizioloji fərqlərini saya almayan bu siyasət tərəfindən uşaqlara cinslərin neytral olduğu nağıllar, hekayələr yazılır, cizgi filmlər çəkilir, kitablar nəşr etdirilir. Bu nağılların, cizgi filmlərin qəhrəmanlarının qız, ya oğlan olması anlaşılmır. Və ya qızdırsa, özünü oğlan, oğlandırsa, qız kimi aparır. Bu eksperiment ancaq bağçalarda deyil, bəzi Avropa ölkələrində və ABŞ-da ailələrdə də keçirilir. Belə ailələr uşaqları neytral cinsdə böyüdürlər. Uşağa bir gün qız, bir gün oğlan paltarı geyindirirlər, həm qıza, həm oğlana uyğun gələn ad qoyurlar. Uşaq qadın və kişi anlayışlarını bilmədən böyüdülür və ətrafla ünsiyyət qurub qadın, kişi fərqlərini öyrənməməsi üçün evdə təhsil alır, internetə, televizora icazə verilmir. Ətrafdan tamamilə təcrid edilib neytral böyüdülür. İnsanlar üzərində aparılan bu təcrübə ilə minlərlə uşağın həyatı ilə oynanılır. Belə təcrübələrdən alınan nəticələr sonra böyük kütlələr üzərində tətbiq edilir. Neytrallıq adı ilə normal uşaqlardan gələcəyin cinsi azlıqlarını yetişdirirlər. Qız paltarları, oyuncaqları, məşğuliyyətləri ilə böyüyən oğlan uşağı əlbəttə ki, normal kişi olmayacaq, qız da həmçinin. (politoloq Hülya Məmmədlinin “Oğurlanmış nəsil” məqaləsinə əsasən) Qərbdə bir çox ölkədə tətbiq olunan bu tendensiyanı Şərqə doğru inkişaf etdirməyə çalışırlar. Bu məqsədlə bəzi qeyri-hökumət təşkilatları tərəfindən cəmiyyətin hazır olmadığı mövzularla bağlı kütlə arasında müzakirələr qaldırılır. Bu müzakirələrin məqsədi cəmiyyəti belə proseslərə hazırlamaqdır. Müzakirələr zamanı cəmiyyət bu mövzular haqqında düşünür, fikir bildirir, hansısa qərara gəlir və özü də bilmədən beyni həmin prosesə hazır vəziyyətə gəlir. Artıq onun üçün həmin mövzu adiləşir. Azərbaycan cəmiyyəti özünü belə hallardan qorumaq üçün xarici cizgi filmlər, uşaq verilişləri vasitəsilə azyaşlılara ötürülən belə mənfi təsirlərə həssas yanaşmalıdır, uşağın bunları izləməsinə yol verməməlidir və ya səhv olduğunu başa salmalıdır.

Möhtəşəm şəkildə təqdim olunan Avropa dəyərlərindən ehtiyat etməliyik. Bəzən sosial şəbəkələrdə yayılan şəhərimizdə keçirilən sorğuların mövzularına diqqət edin: “Bakıda seks mağazasının açılmasına münasibətiniz”, “Dostunuz homosek- sual olduğunu desəydi, nə edərdiniz?”, “Ölkəmizdə fahişəliyin leqallaşdırılmasına münasibətiniz” və s. Belə videoların altında geniş müzakirələr gedir. İnsanların ağlına salırlar, öyrəşdirirlər. “Bura Azərbaycandır, burada filan şey olmaz, bizə yaraşmaz” deyib bir çox neqativ şeyləri özündən uzaqlaşdıran cəmiyyətin beynində “bura Azərbaycandır, ancaq bizə də yaraşar, bizə də olar” fikri yaratmaqla bizi dünyada gedən çirkin proseslərdən qismən qoruyan müdafiə halqasını dağıtmağa çalışırlar.

Cinsi azlıqların sürətlə süni şəkildə artırıldığı bir dövrdə körpə uşaqların üzərində normal doğulmalarına baxmayaraq, bu yola aparan tərbiyə təcrübəsinin keçirilməsi gələcəkdə heteroseksuallara anormal baxılacağı təhlükəsindən xəbər verir. 2015-ci ildə, ABŞ-ın Ali Məhkəməsi bütün ştatlarda eynicinslilərin evlənməsinə rəsmi icazə verdi. Məhkəmənin qərarını böyük qələbə kimi qarşılayan dövlət katibi Con Kerri qətiyyətlə “Məhkəmənin qərarı dünyanın hər yerinə aydın siqnal göndərir. Biz bu işi öz ölkəmizdə əldə etdiyimiz inkişafdan qürur hissi ilə davam etdirəcəyik” deyib. Bu da o deməkdir ki, ABŞ bütün dünyada eynicinslilərin nikahına nail olmaq əzmindədir, o cümlədən, ölkəmizdə də. Anadangəlmə oriyentasiya problemi olan şəxsləri bu hal yəqin ki, məmnun edir. Nə qədər xoşa gəlməyən cümlə olsa da, fakt faktlığında qalır – cinsiyyət pozuntusu normal hal deyil. Buna görə də belə şəxsin həyatının bu tərəfini sırf özünə aid olan məkanda yaşaması, bunu kütlə arasında olarkən vurğulayıb passiv cinsi azlıqlarda da həvəs yaratmaması ona qarşı olan mənfi münasibəti azaldar. İnsan özü öz problemli tərəfini boynuna alıb, qıcıqlandırıcı hərəkətlər etməyəndə nəinki təzyiqlər azalır, hətta dəstək olanlar da peyda olur. Cəmiyyətimizin homoseksual üzvləri heteroseksuallar kimi öz cütləri ilə təzyiq görmədən əl-ələ gəzmək istəyirlər. Bu başa düşüləsi, hörmət ediləsi istəkdir. Məqsədim təhqir etmək deyil, sadəcə belə bir nümunə göstərmək olar ki, hansısa ruhi problemi olan şəxs hamı kimi cəmiyyət arasına çıxmaq istəyir, ancaq özündən asılı olmayan səbəblərə görə onun bu hərəkəti təhlükəli ola bilər. Eyni şəkildə bir homoseksualın bu istəyi cəmiyyətin normal axışına zamanla təsir edir, hazırda gördüyümüz kimi bu cür şəxslərin sayı artır. Təbiətin normal axışına əks gedən, müdaxilə edən insanlar müəyyən vaxtdan sonra bundan əziyyət çəkdikləri kimi, insan həyatının ilk insan yaranandan bəlli olan normalarını müxtəlif üsullarla pozmağa çalışmaq da mütləq dəhşətli nəticələrini göstərəcək, göstərir də.
Bu xəbər oxucular tərəfindən 123 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed