Şrift:
Azərbaycan XİN Ermənistan nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasındakı çıxışına münasibət bildirib
12.06.2018 [10:15] - Xəbərlər, Siyasət
Ermənistanın xarici işlər nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasındakı çıxışı və Ermənistan Xarici İşlər Nazirliyinin cəbhədəki vəziyyətlə əlaqədar açıqlaması ziddiyyətli xarakter daşıyır və özü-özünü ifşa edir. Bir tərəfdən münaqişədə tərəf kimi Ermənistanın məsuliyyətini gizlətməyə çalışan Ermənistan Xarici İşlər Nazirliyi digər tərəfdən bu açıqlamalarla Ermənistanın münaqişə tərəfi olduğunu bir daha təsdiq edir.

Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasındakı çıxışına və Ermənistan Xarici İşlər Nazirliyinin cəbhədəki vəziyyətlə əlaqədar şərhinə münasibət bildirərkən deyib.

“Məntiqi sual ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının Azərbaycanın suveren ərazilərində nə işi var? Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və ərazi ekspansiyası siyasətinin nəticəsi olaraq Ermənistan gəncləri həyatlarının ən formativ dövrlərini səngərlərdə keçirməyə və işğal siyasətinə xidmət etməyə məcbur edilirlər”, - deyə XİN rəsmisi qeyd edib.

Hikmət Hacıyev bildirib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu qoşunların təmas xətti boyunca insidentlərin və təxribatların yaranmasının əsas səbəbidir və regional sülh üçün ciddi təhlükədir. Bu kimi halların baş verməsinin qarşısını almaq üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və işğal siyasətinə son qoyulmalıdır. Yalnız bundan sonra regionda davamlı sülh və sabitliyi təmin etmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed