Şrift:
Təbrizdə peyk antenası olanların 75 faizi Türkiyə və Azərbaycan telekanallarına baxır
12.06.2018 [11:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan Teleradio Şirkətinin araşdırmalarına görə, Təbrizdə peyk antenası olanların 75 faizi Türkiyə və Azərbaycan telekanallarına baxır.



Bu barədə Şərqi Azərbaycan Teleradio Şirkətinin rəisi Möhsün Lətifi anti-türk mövqeyi ilə seçilən “İran” qəzetinə verdiyi müsahibədə danışıb.



O iyunun 20-də dərc olunan müsahibəsində İranın Türkiyə və Azərbaycan kanalları ilə qeyri-bərabər rəqabət apardığını bildirib.



M.Lətifi Azərbaycan əhalisinin yerli mədəniyyətə bağlı olduğunu iddia etsə də, əhalinin Türkiyə və Azərbaycan kanallarına xüsusi maraq göstərdiyindən bəhs edib.

“Şərqi Azərbaycan Teleradio Şirkəti tərəfindən aparılan araşdırmaların nəticəsi Təbrizdə 44 faiz əhalinin peyk antenasından istifadə etdiyini göstərir. Onların 75 faizi “Türksat” peyki, Türkiyə və Azərbaycan kanallarına baxır”- deyə o bildirib.



Bu o deməkdir ki, Təbriz əhalisinin ən azı 33 faizi türk ölkələrinin telekanallarını izləyir.



“Bizim Azərbaycan musiqisinə Azərbaycan Respublikası və Türkiyə kanallarından fərqli baxışımız var. Onların baxışı bizim dəyərlərə uyğun gəlmir. Ona görə ki, bizim əsas hədəfimiz milli birliyi gücləndirməkdir. Biz İran kanallarının daha çox baxılması üçün şimal-qərb əyalətlərinə xüsusi diqqət yetirib, Azərbaycan türkcəsində seçilən əsərlər istehsal etməliyik.

Türkiyə serialları İranın türkdilli əyalətlərində təsirdici gücə malikdir. Bu seriallar ticarət məqsədi ilə hazırlanır, lakin bunun arxasında siyasi, mədəni və iqtisadi ideyalar dayanır. Türkiyə serialları izləyicilərdə xüsusi gözləntilər yaradır, həmin gözləntilərin bizim tərəfimizdən təmin edilməsi mümkün deyil”- deyə M.Lətifi əlavə edib.



Şübhəsiz ki, türk ölkələri kanallarının izlənilməsi ilə bağlı Şərqi Azərbaycan Teleradio Şirkətinin rəisi tərəfindən açıqlanan rəqəmlər reallığı əks etdirmir, bu rəqəmlərin reallıqda daha yüksək olduğunu desək yanılmarıq.



Azərbaycan əyalətlərində İranın digər bölgələri kimi fars kanalları yayımlanır. Hər əyalətin özünəməxsus kanalında isə fars və türk dillərində verilişlər yayılır. Verilişlərin Azərbaycanın tarixi kimliyi və mədəniyyətinə uyğun olmadığı üçün bu kanallara baxanların sayı olduqca azdır. Türk və fars dillərində yayımlanan kanallar əslində türk dilinə qarşı asimilasyon məqsədi güdür. Azərbaycan əhalisi bu vəziyyətə dəfələrlə öz etirazını bildirib.
Bu xəbər oxucular tərəfindən 71 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed