Şrift:
Fuad Muradov Tbilisidə bir sıra görüşlər keçirib
13.06.2018 [10:41] - Borçalı
"Gürcüstanda dini etiqad azadlığı və ya ayrıca din haqqında qanuna ciddi ehtiyac var. Azərbaycanda din azadlığı ilə əlaqədar qəbul olunmuş qanun bizim üçün də məqbuldur".

Bu sözləri Gürcüstan Müsəlmanları İdarəsinin sədri Hacı Ramin İgidov Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşdə söyləyib.

Onun sözlərinə görə, Gürcüstanda yaşayan müsəlmanlar dini qurumlar arasında ikincidir: "Ölkədə 330-dan çox məscid var, onların da 180-dən çoxu qeydiyyata alınıb və müsəlmanların mülkiyyətinə verilib. Müsəlman dini icması hər il dövlət büdcəsindən 2 milyon 700 min laridən çox yardım alır. Bu vəsait hesabına son dörd ildə 120-yə yaxın məscid təmir olunub. Lakin din haqqında ayrıca qanun olmadığı üçün bu sahədə bəzi problemlər var. Ona görə də hesab edirik ki, Azərbaycanda olduğu kimi, Gürcüstanda da belə bir qanun qəbul olunmalıdır".

F.Muradov Azərbaycanda din azadlığının, tolerantlığın dünyada nümunə olduğunu vurğulayıb: "Azərbaycan və Gürcüstanın dini qurumları arasında da çox yaxşı münasibətlər var. Bu da digər sahələrdə də əlaqələrimizin daha da genişləndirilməsi üçün gözəl zəmin yaradır".

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, F.Muradov bu gün həmçinin Tbilisidəki Heydər Əliyev adına Dövlət Teatrında, Nəriman Nərimanovun ev-muzeyində, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində olub, Botanika bağındakı köhnə müsəlman qəbiristanlığında Azərbaycanın tarixi şəxsiyyətlərinin məzarlarını ziyarət edib.
Bu xəbər oxucular tərəfindən 1980 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed