Şrift:
Deputat: "Prezidentin nitqi düşmənə mesaj idi" ŞƏRH
28.06.2018 [10:35] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Ötən gün Azərbaycan ordusunun 100 illik yubileyi ilə bağlı keçirilən hərbi paradda Prezident İlham Əliyev söylədiyi fikirlərlə xalqımızın iradəsini ifadə etmiş oldu. Dövlət başçısının söylədiyi nitq həm Azərbaycan ictimaiyyəti, həm düşmənimiz, həm də bütün dünyaya gücümüzü göstərəcək mesaj idi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Fərəc Quliyev deyib.

Ordumuzun istənilən zaman işğal olunmuş torpaqları azad etmək gücünə malik olduğunu deyən deputat söyləyib ki, Prezident İlham Əliyev ötən gün hərbi paraddakı çıxışında Azərbaycan torpaqlarının dinc yolla azad edilməsinin tərəfdarı olduğunu bir daha vurğuladı: “Amma 25 ildir ki, danışıqlar heç bir nəticə vermir. Hərbi paradda Azərbaycanın güclü orduya malik olduğu bir daha nümayiş etdirildi. Paradda haqlı olaraq Silahlı Qüvvələrimizin malik olduğu texnikanın yalnız bir hissəsi nümayiş etdirilsə də, artıq dünya və Ermənistan başa düşməlidir ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasına səbr etmək niyyəti yoxdur. Azərbaycan problemin həlli üçün başqa imkanlardan istifadə edəcəyi reallığa söykənib”.

İrəvanda keçirilən parada nəzər yetirən deputat söyləyib ki, Ermənistanda keçirilən paradda ermənilər rus silahlarını rus əsgərinin müşayiəti və maşını ilə təqdim edirlər: “ Bu gün Azərbaycanda keçirilən parada nəzər yetirdikdə ölkəmizin istehsalı olan zirehli texnika öz əsgərimizin müşayiəti və milli bayrağımızla meydandan keçir. Azərbaycan artıq silah istehsal edir, hətta başqa ölkələrə satmaqla məşğuldur”.

Paradda çox ciddi mesajların verildiyini dilə gətirən F. Quliyev vurğulayıb ki, hər bir azərbaycanlı Ali Baş komandanın əmrini gözləməli, kompakt millət olaraq dövlət başçısının ətrafında birləşməlidir: “İçəridə 5-ci kolonluq edənlər də başa düşməlidir ki, düşmənlə mübarizə zamanında heç kimə güzəşt edilməyəcək. Birmənalı olaraq torpaqlarımız möhtəşəm ordumuzla işğaldan azad etmək haqqında düşünməliyik”

Paradda rəmzi olaraq Türkiyə taborunun iştirakını xüsusi vurğulayan deputat söyləyib ki, bu Azərbaycan-Türkiyə münasibətlərinin mədəni iqtisadi sahədən, hərbi siyasi sahəyə transfer olduğunu göstərir: “Müttəfiqlik sahəsində ermənilər kiminsə qoltuğunda gizlənərək Azərbaycanın tək olduğunu düşünməsinlər ”.

Ermənistan tərəfinin paradla bağlı mənfi fikirlər səsləndirməsinə gəlincə F. Quliyev deyib ki, düşmən tərəfi Azərbaycanın uğurlarına kölgə salmağa cəhd etmək istəsə də, gerçək ortadadır: “Azərbaycan ordusunun dünya reytinqində yerinə baxdıqda, aprel döyüşləri və Naxçıvan əməliyyatı ordumuzun nəyə qadir olduğunu ortaya qoyur. Azərbaycanın əsas hissəsindəki ordu məsələyə qarışmadan belə tək Naxçıvandakı ordu 1 saata İrəvanı işğaldan azad edə bilər. Hesab edirəm ki, bu məsələdə heç nədən çəkinməyə dəyməz. Çünki, ölkəmiz kifayət qədər gücə malikdir. Biz bu gücə rəğmən susmamalı, dünya məsələni qısa müddətdə həll etməsə, ordumuzun gücü ilə problemi həll etməliyik”.

Nailə Məhərrəmova
Bu xəbər oxucular tərəfindən 1442 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed