Şrift:
AŞPA-nın sessiyasında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verilib
30.06.2018 [10:14] - Gündəm, Siyasət
AŞPA-nın sessiyasında “Mədəni irsin məqsədli şəkildə dağıdılması və qeyri-qanuni dövriyyəsi” adlı məruzə ilə bağlı müzakirələrə qoşulan Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları barədə geniş məlumat verib və Azərbaycan əleyhinə yalanlarla çıxış edən Ermənistan nümayəndə heyətinin üzvlərinə sərt cavab verib.

O deyib: “Bu mövzu mənim ölkəm üçün son dərəcə həssasdır. Təəssüf hissi ilə bəzi rəqəmləri bir daha diqqətinizə çatdırıram. Azərbaycana aid 600-dən çox tarixi-memarlıq abidəsi, arxeoloji abidə, 40 mindən artıq eksponatı olan 22 muzey, 4 rəsm qalereyası, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qalıb. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilir. İşğalçı Ermənistan zəbt etdiyi Azərbaycan torpaqlarında mədəni sərvətlərin bir çoxunu da qəsb edərək özününküləşdirmək xətti tutub. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın tarixi-mədəni abidələrinə Ermənistanın vurduğu ziyanı dəqiq hesablamaq mümkün deyil, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir”.

Deputat qeyd edib ki, Azərbaycanın Ağdam, Füzuli, Qubadlı, Laçın, Kəlbəcər və işğal altındakı digər rayonlarından, səma altında muzey olan Şuşa şəhərindən oğurladığı mədəni irs nümunələrinin ticarəti də Ermənistanın dövlət siyasətinin bir hissəsinə çevrilib. Ona görə də mədəni sərvətlərə qarşı təcavüzlərdən bəhs edən bir məruzədə bu həqiqətlərin də yer alması vacibdir. Hər bir həmkarımıza Azərbaycanın mədəni sərvətlərinə qarşı Ermənistanın qəsbkarlıq siyasətini əks etdirən bütün materialları və sənədləri təqdim edə bilərik. ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatında da bu məsələlər öz əksini tapıb.

Vurğulanıb ki, Ermənistan dünyada məşhur olan Azərbaycan abidələrini məhv edir. Ermənistanın bu addımları bütün beynəlxalq konvensiyalara ziddir. Ermənistan bütün bu konversiyaları pozaraq işğal etdiyi Azərbaycan torpaqlarında tarixi-mədəni abidələri dağıtmaqda davam edir. Tarix və mədəniyyət abidələrinin böyük əksəriyyəti məhv edilmişsə də, onların hələ qalması ehtimal olunanları da var. Qalanları xilas etmək son dərəcə vacibdir. Buna görə də bütün Ermənistan ərazisində və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında həmin abidələrin hazırkı vəziyyətinin diqqətlə araşdırılması çox zəruridir.

Q.Paşayeva Azərbaycanın Mədəniyyət Nazirliyinin işğal altındakı ərazilərdə tarix-mədəniyyət abidələrinin dağıdılmasına dair hesabat hazırlayaraq UNESCO-ya təqdim etdiyini və araşdırma aparmaq üçün missiya göndərilməsini tələb etdiyini diqqətə çatdırıb. Əlavə edib ki, ancaq Ermənistan UNESCO-nun işğal altındakı ərazilərdə tarixi abidələrin vəziyyətini öyrənmək üçün bitərəf missiya göndərməsini əngəlləyib. AŞPA və onun üzvlərindən dəstək gözlədiyimizi qeyd edən parlamentari deyib: “Məruzənin böyük əhəmiyyətini bir daha vurğulayaraq, orada öz əksini tapan bütün çağırış və tövsiyələri dəstələyirik. Eyni zamanda, assambleyamızı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tarixi-mədəni abidələri dağıtmasına, talan etməsinə və qeyri-qanuni ticarət həyata keçirməsinə də laqeyd qalmamağa və bunun dayandırılmasını Ermənistanın yeni rəhbərliyindən tələb etməyə çağırırıq. Çünki o abidələr Azərbaycanla yanaşı, dünya mədəniyyətinin də bir parçasıdır və onları qorumaq üçün assambleyamız da ciddi addımlar atmalıdır”.

Deputat müzakirələr zamanı Azərbaycan əleyhinə yalanlarla çıxış edən Ermənistan nümayəndə heyəti üzvlərinə sərt cavablar verib və işğalçı ölkənin bir gün ədalət qarşısında mütləq cavab verəcəyini deyib. O, Ermənistan nümayəndə heyətinin üzvü Zöhrabyana müraciətlə deyib: “Siz yenə Azərbaycan əleyhinə yalan və böhtanlarla dolu çıxış etdiniz. Əlinizdə heç bir fakt yoxdur, amma sizin ölkənizin törətdiyi cinayətləri hər kəsin görə bilməsi üçün sadəcə əlimdəki bu fotolar və faktlar yetərlidir. İşğalı həyata keçirənlər və dəstəkləyənlər bir gün mütləq ədalət qarşısında cavab verəcəklər. Bunu unutmayın!”.
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed