Şrift:
Litva-Azərbaycan mədəniyyətlərarası dialoquna diaspor dəstəyi
04.07.2018 [11:06] - Diaspor
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev çoxillik səmərəli ictimai-mədəni fəaliyyətinə, xalqımızın milli mənəvi dəyərlərinin bu ölkədə təbliği işinə verdiyi layiqli töhfələrə, Litva– Azərbaycan mədəniyyətlərarası dialoqunun inkişaf etdirilməsi sahəsindəki mühüm xidmətlərinə görə Litva Respublikası Hökumətinin yanında Milli Azlıqlar Departamenti tərəfindən təşəkkürnamə ilə təltif olunub.

1979-cu ildən Vilnüs şəhərində yaşayıb çalışan, ixtisasca filoloq-araşdırmaçı olan Mahir Həmzəyev elmi-ədəbi və tarixi tədqiqatlarla yanaşı, diaspor işi ilə də məşğuldur. O, 1988-ci ildə Litvada başlanmış dirçəliş hərəkatı və dövlət müstəqilliyinin bərpa olunması uğrunda mübarizənin Litva milli azlıq təşkilatları arasında ilk təşəbbüsçülərindən biri kimi çıxış edib. Həmçinin 1988-1992-ci illərdə Vilnüsdə fəaliyyət göstərmiş Millətlərarası Əlaqələndirmə Assosiasiyasının təsisçilərindən olub. 1988-ci ildən Litva Azərbaycanlıları Cəmiyyətinin sədridir. 1991-ci ildən Litva Hökuməti yanında Milli İcmalar Şurasının, 2001-ci ildən indiyədək isə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. 2016-cı ilin may ayından Litva Respublikası Seyminin Liberal Sayudis Fraksiyasının millətlərarası münasibətlər və dini məsələlər üzrə məsləhətçisidir. Ümumdünya Litva Ensiklopediyası Redaksiya Kollegiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü və Birliyin "Ədəbiyyat qəzeti" redaksiya şurasının üzvüdür. 2016-cı ildən isə Litva Ədəbi Tərcüməçilər İttifaqının həqiqi üzvüdür. 2016-cı ilin mayında Litva Respublikasının mədəniyyət nazirinin sərəncamı ilə ona Litvanın bədii sənət yaradıcısı statusu verilib.

M.Həmzəyevin XIX–XX əsrlərdə Litva-Azərbaycan ədəbi-mədəni və ictimai-siyasi əlaqələri, o cümlədən 1918-1922-ci illərdə Litva-Azərbaycan dövlətlərarası münasibətləri mövzusunda işlədiyi 350-dən artıq tədqiqat işi, ədəbi-tarixi, elmi-publisistik və ictimai-siyasi məqalələri 1980-2018-ci illərdə Litvada və Azərbaycanda işıq üzü görüb. Bu çalışmaların əksəriyyətində xalqlarımız, ölkələrimiz və mədəniyyətlərimiz arasındakı müxtəlif vektorlu əlaqələr Azərbaycan və Baltik dövlətlərinin istiqlal tarixində ilk dəfə olaraq müstəqillik dövrünün mədəniyyət siyasəti doktrinasına uyğun ideoloji yanaşmalar və konseptual dəyərləndirmələr əsasında yeni tədqiqat bucağı altında araşdırılıb. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 1918-ci il azərbaycanlıların soyqırımı və Xocalı qətliamı mövzusunda 1990-2018-ci illərdə Litva, Azərbaycan və Rusiya mediasında işıq üzü görmüş 100-ə yaxın tarixi, analitik, polemik və siyasi-publisistik yazıların müəllifidir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli ədəbiyyatımızın Litva dilinə tərcümə edilməsi və qədim ədəbi əlaqələrimizin araşdırılması ilə bağlı bir məqaləsində göstərir ki, Mahir Həmzəyevin Litvada apardığı çoxcəhətli iş və yaradıcılıq fəaliyyəti təkcə XXI əsrin diaspor nümayəndəsi üçün yox, ümumiyyətlə, ziyalı üçün örnək sayılmağa layiqdir.

Nigar Cəfərli
Bu xəbər oxucular tərəfindən 1675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed