Şrift:
Gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
05.07.2018 [10:54] - Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən gördüyü tədbirlər nəticəsində bu ilin yanvar-iyun aylarında işəgötürənlər tərəfindən 82,8 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin vəsaitin 85,7 faizini əməkhaqları, 13 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib.

Müraciətlərin araşdırılması zamanı 4 nəfərin əmək qanunvericiliyinin tələblərinə zidd şəkildə işdən azad edildiyi müəyyən olunub. Onların hüquqları bərpa olunaraq yenidən əvvəlki iş yerlərinə bərpa ediliblər.

Bundan başqa, Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyi və onun tətbiqinə dair təbliğat-maarifləndirmə məqsədilə 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, yanvar-iyun aylarında Bakıda və bölgələrdə işəgötürənlərin iştirakı ilə 30 seminar təşkil edib. Həmin tədbirlər zamanı qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əməyin ödənilməsi və əməyin mühafizəsi normaları, əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları, işçilərin məzuniyyət hüquqları və s. ilə bağlı işəgötürənlərə ətraflı məlumatlar verilib.
Bu xəbər oxucular tərəfindən 456 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed